Neftçala rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Əliyev Sərxan Rabil oğlunun, Xankişiyev Elşən Elşad oğlunun və Səmədov Camal Vüqar oğlunun 40 mərasimləri keçirilib və məzarları ziyarət olunub.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidlərin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
RİH-in başçısı şəhidlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlu 12 sentyabr 2003-cü ildə Neftçala şəhərinin kəndində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.
Şəhid Əliyev Sərxan Rabil oğlu 20 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Xankişiyev Elşən Elşad oğlu 23 iyun 2000-ci ildə Neftçala şəhərində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Xankişiyev Elşən Elşad oğlu 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Səmədov Camal Vüqar oğlu 21 sentyabr 2023-cü il tarixində Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.




Son xəbərlər
Son Xəbərlər
