Neftçalada Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub

neftcalada-veten-muharibesi-sehidlerinin-il-donumu-qeyd-olunub
Oxunma sayı: 2118

Vətən Müharibəsində şəhid olan Neftçala rayon Xol Qarabucaq kənd sakini Məlikov Mahmud Təhmasib oğlunun, Əliyev Mehman Xudaşükür oğlunun və Bankə qəsəbə sakini Bayramov Əmrah Hüseyn oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub. 

"Qafqazinfo" xəbər verir ki, şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Şəhid Məlikov Mahmud Təhmasib oğlu 03 aprel 1994-cü il Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. O, Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Şəhid Əliyev Mehman Xudaşükür oğlu 1 yanvar 2002-ci il Neftçala rayonu Xol Qarabucaq kəndində anandan olub. Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub. Şəhidimiz "Vətən uğrunda", "Xocavəndin azad  olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid Bayramov Əmrah Hüseyn oğlu isə 18 yanvar 2001-ci il Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əmrah, oktyabr ayının 30-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimiz "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Mahmud Məlikovun, Mehman Şükürovun və Əmrah Bayramovun il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.