“Nəmişlikdən uşaqlarım revmatizm xəstəliyi tapıb” - Şəhid xanımı + Yenilənib

nemislikden-usaqlarim-revmatizm-xesteliyi-tapib
Oxunma sayı: 3257

“Evimizin təmiri pis vəziyyətdədir. Nəmişlikdən uşaqlarımın üçü də revmatizm xəstəliyi tapıblar”.

Bu şikayətlə “Qafqazinfo”ya şəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva müraciət edib. Onun sözlərinə görə, yaşadıqları evi həyat yoldaşı şəhid olmamışdan əvvəl ipoteka ilə alıblar. Kreditdən qalan 10 min manat borcu şəhidimizin həyat sığortasını edən şirkət ödəyib. A. Babayeva qeyd edib ki, indiyə qədər şəhid olmuş həyat yoldaşına görə 11 min manat birdəfəlik ödəniş, Hərbi Komissarlıqdan dəfn xərcləri üçün 3 min manat ödəniş və özəl banklardan birindən 3 min manat ödəniş olunub:  

“Həyat yoldaşım təzə şəhid olanda “YAŞAT” Fondu evimizin təmiri üçün 15 min manat ayırıb. Dedim ki, bu, təmir üçün kifayət deyil, məbləği bir az da artırın. Onlar bunu imtina kimi qiymətləndirdilər və həmin pulu ləğv elədilər. Şikayət edəndən sonra zəng etdilər ki, sizə ancaq 10 min manat verə bilərik. Dedim axı bu məbləğ də azdır. O vaxtdan sonra uşaqlarım və özüm xəstə oldum, başım qarışıq oldu, pulu götürə bilmədim. Qarşıdan yoldaşımın ad günü, ili gəlir, istəyirəm ki, evi təmir edim. İndi o məbləği də ləğv ediblər. Deyirlər, pul verə bilərik, amma məbləği demirik. Məncə, bu təmir üçün yox, əşya üçün standart olaraq verilən 2500 manatdır”. 

A.Babayeva həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətində ev növbəsinə yazılsa da, adında ev olduğuna görə ehtiyacı olan kimi yox, istisna hal kimi qeydiyyata alındığını bildirir. Şəhidin xanımı uşaqlarının təhsil məsələsində də İcra Hakimiyyətinin köməklik etməsini istəyir. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi fəaliyyət göstərir: “Şəhidimiz Babayev Rahib Bəxtiyar oğlunun ailəsi də diqqət mərkəzində saxlanılır. Şəhidimizin ailəsinin hazırda yaşadığı mənzilin ipoteka borcu sığorta şirkəti tərəfindən ödənilib. Eyni zamanda şəhidimizin ailəsi İcra Hakimiyyətində istisna hal kimi mənzil növbəsinə alınıb. Şəhid ailəsi tərəfindən digər məsələlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə məlumat daxil olmayıb. Əgər ailənin məktəblə bağlı hər hansı bir istəyi varsa, gün ərzində əlaqə saxlanılıb köməklik göstəriləcək”.

Qeyd edək ki, mayor Rahib Babayev düşmənin atdığı artilleriya mərmisindən ağır yaralanıb və şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub.

***

“YAŞAT” Fondundan “Qafqazinfo”ya bildirilib ki, Fondun fəaliyyətə başladığı ilk vaxtdan şəhid Rahib Bəxtiyar oğlu Babayevin həyat yoldaşı ilə danışılıb və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan maksimal məbləğ -  15 000 manatın təqdim edilməsi üçün bank hesabı açması və əməliyyatın həyata keçirilməsi üçün Fonda təqdim etməsi bildirilib. Lakin Aygün İntiqam qızı Babayeva etirazını bildirmiş, həmin məbləğin az olmasını və yeni evin dəyərində olan vəsaitin təqdim olunmasını tələb edib. Vətəndaşa Fondun səlahiyyətləri və vəsaitin xərc istiqamətləri dəfələrlə müxtəlif zamanlarda izah edilməsinə baxmayaraq sözügedən vəsaitdən imtina etmiş və məbləğin köçürülməsi üçün hesab nömrəsi təqdim etməyib. 

A. Babayeva bir neçə ay sonra yenidən müraciət etmiş, Fondun büdcəsinə və müraciət sayına uyğun olaraq müvafiq dövr üçün məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait köçürülməsi üçün ona bank hesab nömrəsi göndərməsi bildirilib. O, yenidən həmin vəsaitin az olması və yeni ev dəyərində məbləğin təqdim edilməsini tələb edib. 

Qeyd edək ki, 2020-ci ilin dekabr ayından bu günədək dəfələrlə Fond əməkdaşları müxtəlif zamanlarda şəhidimizin həyat yoldaşı ilə telefon əlaqəsi yaradaraq bank hesab nömrəsi göndərməsini bildirmiş, lakin müvafiq məlumatlar bu günədək təqdim edilməyib. Təqdim edildiyi halda vəsaitin dərhal, şəhidimizin həyat yoldaşının bank hesabına köçürülməsi təmin ediləcək.