“Nənəm qurbanlığın başını sinəsinə sıxıb hönkürürdü”

nenem-qurbanligin-basini-sinesine-sixib-honkururdu-
Oxunma sayı: 2587



Evimizdən hündür tut ağacının yaşıl, enli yarpaqlarını əlimlə sivirib yerə tökürdüm, əlim yarpaqların rənginə boyanırdı. Nənəm yarpaqları yığıb qurbanlığın ağzına təpirdi. Qurbanlıq kişmiş kimi çeynəyib yerə tökürdü. Ağzının suyuna qarışan əzik yarpaqlar çənəsindən sallanırdı. Ömrü boyu nər kimi gözünə təpib yediyi yarpaqlar qurbanlığın indi sanki ölü qoyunun gözlərinə baxması nənəmi hövsələdən çıxartdı. 

Gedib ayran gətirdilər, nənəm qurbanlığın ağzını aralayıb bir cam ayranı tökdü boğazına. Kim idisə qaçıb kəndimizdə xəstələnən mal-qaranın üstünə çağırılan Cıbış babanı da gətirdi. Cıbış baba qurbanlığın buynuzsuz başını əllərinə alıb sığallayandan sonra nənəmə tərəf dönüb “heyvan qocalıb, ömrünü başa vurmaq üzrədir”, boğazındakı kəndiri kəsin, rahat canının tapşırsın” dedi. 
Nənəmin quyultusuna bütün kənd axışıb həyətimizə töküldü. Yarpaq rəngində əllərimlə budaqları aralayıb həyətimizə axışan adamlara baxdım. Karıxıb yarpaqların arasında qalmışdım. Kənd camaatının uşaqdan-böyüyə kimi həyətimizə gəldiyini cəmi bir dəfə görmüşdüm.

Onda balaca idim, xalamı qonşu kəndə gəlin köçürürdük. Xalamın toyunun nə zaman olduğunu xatırlamıram, ancaq bilirəm ki, onun toyunda aşıqlar kəndimizə gəlməmişdi. Dəvətnamələr paylanandan sonra kəndimizə şəhid gəldiyindən babam toyu yüngülcə yığıncaqla əvəzləmişdi.

Amma xalamı gəlin aparanda belə olmadı, bəzəkli maşınlar siqnallaya-siqnallaya kəndimizə gəldilər. Vağzalı çalınanda bütün kənd həyətimizə yeridi. Uşaqlar çəpərimizin üstünə çıxıb xalamı aparmağa gələn maşının yerindən tərpənməsini gözləyirdilər ki, gəlin maşınının qabağını kəsib xələtlərini alsınlar. Hamının xalamın dalınca həyətimizdən çıxıb getdiyi vaxtdan illər keçmişdi və mən o vaxtdan sonra bir belə adamın bizə gəldiyini görməmişdim...

Camaat qurbanlığın başına toplaşmışdı. Mən isə ağacın başında oturub hadisələri izləyirdim. Qurbanlıq yerə sərilmişdi. Sallanan uzun sarı qulaqları ölüşkəmiş yarpağa bənzəyirdi. Ağzının kənarlarından axan selik torpağı islatmışdı. Nənəm yanıqlı bayatı çağırıb ağlayırdı və mən onun bu cür ağlamağına dözə bilmirdim. Qurbanlığın əziyyətini nənəmlə çəkmişdik. Onu neçə illər idi əlimizdə bəsləyib böyütmüşdük.

...On il əvvəl Aranda quru keçən fevral günlərinin birində həyətimizdəki pələ qoyun sonuncu erkək balasını doğub öldü. Sağır qalan sarıqulaq quzunu tövlədən götürüb evə gətirdik. Ala inəyin yorğun əmcəklərindən birini ona ayırdıq, əmib doymayınca altından çəkmədik. Sonra bayram oldu, quzuqulağı göyərməyə başladı. Ağacların çiçəkləyib yarpaqlayanda, budaqları əyib yarpaqlarını yedizdirdik. Qoymadıq sağırlığını hiss etsin, bir gündə nənəm bütün ailə üzvlərimizi bir yerə yığıb onun statusunu müəyyənləşdirdi. Ürəyimdə yaram var, qoy Qarabağ əmanəti olsun, Laçını qaytarıb qanımızı alanda aparıb kəndimizin şəhidlərinin qəbri üstündə Qurban kəsərik - dedi. O çağdan balaca sarıqulaqlı quzu qayğısız böyüdü, heç kim toxunub eləmədi, hamı onu qurbanlıq kimi çağırmağa başladı. Nənəm qurbanlığı ildə bir dəfə qırxıb yununu ayrı yerdə saxlayadı, mənə böyüyəndə yunundan mənə bəylik yorğanı sırıyacağını deyirdi. Nənəmin fəlsəfəsinə görə, qurbanlıq qoyunun yununu başqa yunlara qarışdırmaq günah idi. Nənəmlə birgə bütün günümüzü qurablığın yanında keçirərdik. Yay boyu ağacların başını sivirədim, yeyib doyandan sonra buynuzsuz başını nənəmin böyür-başına sürtərdi. Bir dəfə mələyəndə istəyini əlbəəl anlayırdıq. Zaman keçib fəsillər dəyiçdikcə qurbanlıq böyüyü, qurbanlıq böyüdükcə kəndimizə gələn şəhidlərin sayı da artırdı. Ancaq nənəmin qurbanlığa olan məhəbbəti dəyişməz idi. Arvad getdikcə ona daha çox bağlanırdı. Bir gün mən də böyüyüb əsgərliyə getdim. Bütün yaddaşım nənəmlə qurbalığın yanında, evimizdən hündür ağacların altında qaldı. Günlərin birində əsgərlərin hamısına on-on büş dəqiqə vaxt verib, evə məktub yazmağı tapşırdılar. Üstündə qoç şəkli olan hərbi-hazırlıq dəftərimdən bir vərəq cırıb elə səngərdəcə evimizə, nənəmin adına məktub yazdım. 

“Nənə, məndən nə irah olma. Burda yeməyimiz boldur. Yanıma gəlib eləyən olsa, mənə batinka alıb göndərin. Yaxınlarda çasta yoxlama gələcək, deyiblər hamının əyni-başı yerində olsun. Qurbanlıqdan muğayat ol, Elnuru çağırın, gəlib yarpaqdan zaddan sivirsin, qoymayın arıqlamağa. Salamat qal nənə, səndən sarı darıxmışam...”

Komandir məktublatımızı yığıb, hamısını bir-bir oxuyandan sonra məni yanına çağırıb, hərbçi dili ilə başa saldı ki, məktubu təzədən yazım. 

Əsgər bala, mən dedim evimizdəki əzizlərin hal-əhvalını soruş, sən də qoyun-quzuya salam göndəirisən. Mənim əsgərimə bir bax, darxıma, gedib yapışarsan yenə çomaq sevgilindən. Çobanın biri, çoban!..

Komandirlə çox söz güləşdirmədim. Komandirimin danlaqlarını onun özünün təfəkkürü ilə ifadə etsək, əsl hərbçi kimi razılıqla qarşılayıb “Elədir ki, var” deyim. Ancaq evimizə təzə məktub da yazmadım. Əsgərlikdən qayıdıb gələndə kəndimizin bütün evlərindən və ağaclarından hündür tut ağaclarından uşaqlıq dostum Elnurun enli, yaşıl yarpaqları sivirdiyini görən kimi qapımıza sarı götürüldüm. Qurablıq yerə tökülən yarpaqları bir-bir əvdəyib yeyirdi...

Biz yenicə açılmış təzə-tər yaşıl enli yarpaqları ağaclardan ayırıb, qızırğanmadan qurbanlığa yedizdirirdik. Ağacların yaşıl yarpaqlarda göyərən arzuları həvəslə nənəmin ümidini bəsləyirdi. Həyətimizdəki evimizdən hündür ağaclar hər il yarpaqlamağa tələsirdi. Qurbanlıq həyətimizdəki bütün ağacların birgə yetişdirdiyi nemət idi. Nənəmin min illərin sınağından çıxmış fəlsəfəsinin doğruluğuna, müqəddəsliyinə inanmaq heyvərəlik olardı və elə insafən bizim kəndimizin camatı da öz sarımsaq iyi verən mədələrində qurbanlığın dadlı tikələrini həzm edəcəkləri günü gözləyirdilər. İllərə bağlanan ümidlər adamları alçaldır.

On ildən bəri nənəmin alçala-alçala bəslədiyi, kənd camaatımızın heyvərəlikdə oturub gözlədikləri ümidləri yarım saat idi ki, torpağa sərilib çapalayırdı. Hərdən dizlərini altına qatlayıb dikəlməyə cəhd edir, çəkisinin ağırlığına tap gətirməyəndə axta təkə kimi böyürürdü. Ağzından yarpaq rəngli selik axırdı. Üzünü sivirdiyim yarpaqların üstündə gəzdirir, buynuzsuz başını onların altında gizlətməyə çalışırdı. Heyvan utanırdı. Danışa bilməsə də ürəyi dolu idi, ancaq bu adamlar dilbilməz kimi gözlərini bərəldib baxırdılar. Onlar belə pulsuz tamaşaları hələ çox seyr edəcəkdilər. Çıbış babam başını bulayıb getmişdi. Nənəm quyuldamaqdan yorulub, özünü çapalayan ümidin üstünə atdı. Qurbanlığın buynuzsuz başını yarpaqların arasından çıxarıb dizlərinin üstünə gətirdi. Nənəmin gözlərindən süzülən intizar qurbanlığın çənəsindən sallanan tut yarpaqlarının rənginə boyanmış seliyə qarışıb torpağa axırdı. Adamlar qocalıqdan can verən ümidlərinə baxmaqdan utanıb yavaş-yavaş dağılışıb getdilər. Nənəm qurbanlığın buynuzsuz başını sinəsinə sıxıb hönkürürdü. Mən evimizdən hündür tut ağacının çılpaq budaqları arasında kirimişdim. İtirdiklərimin günahını göydə axtarmağa öyrəşən bütün adamlar kimi nənəm də öz “ümidsiz” gözlərini qaldırıb, xudavəndi aləmin dərgahını gəzirdi. Nənəmin tanrını soraqlayan uğursuz baxışları yaşıl yarpaqlara ilişib qaldı.