Nəqliyyat Nazirliyinin hansı səlahiyyəti qaldı?

neqliyyat-nazirliyinin-hansi-selahiyyeti-qaldi
Oxunma sayı: 14039

Ötən aydan etibarən Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınaraq digər qurumların tərkibinə verilməsi prosesinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq sentyabrın 12-də prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib. Daha sonra prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.

Ötən gün verilən fərmanla isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bundan sonra taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, sonuncu fərmanda nəzərdə tutulan hallara nəzarət əvvəllər nəqliyyat müfəttişləri tərəfindən həyata keçirilirdi.  Sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinin nəqliyyat müfəttişlərinin fəaliyyətindən narazı qalması da hər kəsə məlumdur. Onların qanunazidd fəaliyyətləri barədə mətbuatda nə qədər istəsən video, reportaj tapmaq mümkündür. Bu baxımdan nazirliyin fəaliyyəti ilə bağlı əsas narazılıq yaradan bir qurumun səlahiyyətlərinin əlindən alınması ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Göründüyü kimi, artıq Nəqliyyat Nazirliyinin ictimaiyyətə bəlli olan və narazılıq doğuran bir sıra səlahiyyətləri əlindən alınıb. Mətbuatda da bir neçə müddətdir ki, sözügedən qurumun ləğv ediləcəyi və Ziya Məmmədovun vəzifədən azad ediləcəyi bağlı geniş məlumatlar yayılmaqdadır.

Belə olan halda, qurumun gözlənildiyi kimi ləğv edilib-edilməyəcəyi məsələsi aktual olaraq qalır.
Maraqlıdır ki, bir neçə əsas səlahiyyəti tabeliyindən alınan nazirlik hazırda hansı sahələrə nəzarət funksiyasına malikdir? İndiki şərtlərdə nazirliyin ləğv edilməsi mümkündürmü?

“Qafqazinfo” bu suallara cavab tapmaq üçün hüquqşünas Ərşad Hüseynova və millət vəkili Çingiz Qənizadəyə müraciət edib.

Ə. Hüseynov nazirliyin tabeliyində olan bütün qurumların öz yerində qaldığını qeyd edib: “Heç bir qurumda struktur və təşkilati dəyişiklik aparılmayıb. Sadəcə olaraq sonuncu fərmanla müəyyən inzibati xətalara baxılması məsələsi nazirliyin müfəttişlərindən alınaraq Dövlət Yol Polisinə verilib. Təsvvür edin ki, svetoforun qırmızı işığından keçən taksini Dövlət Yol Polisi cəzalandırırdı, amma avtomobilin taksi tanınma nişanı yox idisə, sürücü nəqliyyat müfəttişləri tərəfindən cəzalandırılırdı. Yaxud da mülki məsuliyyətin icbari sığortasını polis cəzalandırırdı, amma sərnişinlərin icbari sığortasını nəqliyyat müfəttişliyi cəzalandırırdı. Elə bunların hamısının yol polisində birləşdirilməsi yaxşıdır. Aydındır ki, nəqliyyat müfəttişləri bəzi məsələlərdə çox uzağa gedirdilər, bu sahədə problemlər çox idi.

Bundan əlavə, Nəqliyyat Nazirliyi lisenziyaları “ASAN” Xidmət vasitəsilə verəcək. Dəmir Yolları QSC- nin isə Nazirliyin nəzarətindən çıxarılmasını düzgün hal hesab etmirəm. Əksinə, hesab edirəm ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəsini, AZAL-ı da Nəqliyyat Nazirliyinin tərkibinə birləşdirmək lazımdır. Prezident də çıxışında dedi ki, bu qurumlar hərəsi öz korporativ maraqları ilə məşğuldurlar. Bunların olmaması üçün hamısı bir mərkəzdən idarə olunmalıdır”.

Nazirliyin ləğv edilməsi məsələsinə gəlincə isə hüquqşünas Nəqliyyat Nazirliyinin ölkə iqtisadiyyatının bel sütunu olduğunu nəzərə çatdıraraq onu zəiflətməyin kobud səhv olduğunu vurğulayıb: “Sadəcə, bu sahədə təşkilati və idarəetmə problemləri varsa, onları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etmək lazımdır. Ölkədə iqtisadi durğunluq var, büdcə məsələlərinə qənaət etmək lazımdır. Amma nazirliyin bütövlükdə ləğv olunması, ya da onu xırda hissələrə parçalamaq idarəetməni mürəkkəbləşdirər”.

Millət vəkili Çingiz Qənizadə isə Nəqliyyat Nazirliyinin yuxarıda qeyd olunan səlahiyyətlərinin əlindən alınaraq Dövlət Yol Polisinə verilməsi məsələsini ilk dəfə onun tərəfindən səsləndirildiyini qeyd edib: “Bu qurum qanunazidd fəaliyyət göstərirdi, eyni zamanda rüşvət alma halları ilə məşğul idi. Yolları ağır yük maşınları dağıdırdı. Yol polislərinin yanında da nəqliyyat müfəttişləri dayanırdı və burada bir paralellik yaranmışdı. Dünən prezidentin imzalamış olduğu “İnzibati Xətalar Məcəlləsinin tətbiqinə dair” fərmanda edilən dəyişikliklər əslində, Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınıb Dövlət Yol Polisinə verilməsinə xidmət edən sərəncamdır. Qanunlara görə bir sıra icra orqanları var ki inzibati protokollar tərtib edirlər və icraya yönləndirirlər. Bu qurumlar içərisində Nəqliyyat Nazirliyinin müfəttişləri də protokol tərtib edirdi və məhkəmə qərarı olmadan onu icraya yönləndirirdilər. İndi bunun tətbiqinə dair qaydaların dəyişdirilməsi ilə Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri əlindən alındı. Ən əsası isə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması məsələsi qurumun tərkibindən alınıb. İnzibati Xətalar Məcəlləsində və Yol hərəkəti qaydalarında dəyişiklik edilib ki, oxa düşən kütlədən artıq yükün daşınması qadağandır. Çüni asfalt yollar çəkilərkən müəyyən normalar nəzərdə tutulur. Kütlə ağır olduqda isə, yolların dağılması baş verir.

Nəqliyyat Nazirliyinin nəzdində yaradılmış “MMC 85” adlı qurum var idi. Ona nazirin qardaşı Nəriman Məmmədov başçılıq edirdi. Bu qurum dəfələrlə ağır tonnajlı yük maşınlarını asfalt yollardan buraxmaq üçün sürücülərdən pul alırdı. Ayda yüz minlərlə pullar yığılırdı və hara xərcləndiyi məlum deyildi. Çox yaxşı oldu ki, bu qurum ləğv edildi və səlahiyyətləri yol polisinə verildi. Çünki yol polisi qanunlarla fəaliyyət göstərir. Nəqliyyat müfəttişləri isə küçədən tutulmuş qolu zorlu, boynu yoğun insanlar idi. Taksi, avtobus sürücülərini döyürdülər. Bu fərmanla Azərbaycanda çoxsaylı sürücülərin canı nəqliyyat qoçularından əlindən qurtulmuş oldu. Eyni zamanda qurumun ləğvi ilə ixtisarlar olacaq, əməkdaşlara verilən konvertlər bağlanacaq, bununla da büdcəyə xeyli pul daxil olacaq”.

Millət vəkili Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin də ləğv edilərək Dövlət Yol Polisinə verilməsini təklif edir: “Məsələn, şəhərdə hərəkət edərkən görürük ki, bir svetafor ya tez yanır, ya gec yanır, ya da ümumiyyətlə işləmir. Bunu operativ tənzimləmək üçün dövlət yol polisinin imkanları olduğu halda, bu səlahiyyət onların əllərində deyil. Onlar rəislərinə zəng edirlər, rəislər nazirliyin qurumuna zəng edir. Bu qurumda adam tapsalar, svetafordakı zaman məkan yanıb-sönməsini dəyişdilir. Olmazmı ki, elə bu tənzimləmə də yol polisinə verilsin, bir dəqiqə ərzində siqnallara dəyişiklik edilsin. Bu həm də şəhərdə tıxacların qarşısını alan bir hal olacaq”.

Ç. Qənizadə əlavə edib ki, Nəqliyat Nazirliyi ölkədə nəqliyyat siyasətinin formalaşması üçün təkliflərlə çıxış edən bir qurum olmalıdır: “Nəqliyat Nazirliyi pul yığan, rüşvət və korrupsiya mənbəyi olan bir qurum olmamalıdır. Bu qurumun səlahiyyətlərinin əlindən alınması qanuna zidd hərəkətlərin aradan qaldırılmasına xidmət edir. Nəqliyat Nazirliyn səlahiyyət və funksiyalarına yenidən baxılır və prezident tərəfindən hansı qərar qəbul ediləcəksə, bu əminəm ki, xalqın sevincinə səbəb olacaq”.

Günel Türksoy