“O insanların axırı yoxdur” – Müsahibə

o-insanlarin-axiri-yoxdur-musahibe
Oxunma sayı: 808

Tanınımış aparıcı Emin Musəvinin “Qafqazinfo”ya müsahibəsi

- 106.3 radiosunun rənbərisiniz?

- Bəli. 106.3 radiosunun proqram direktoruyam. Bu ilk milli formatlı radiodur. 2004-cü ildən FM-də fəaliyyət göstərir və yanlız Azərbaycan mahnılarını səsləndirir.

- Radioda gedən bütün verilişlərə cavabdehsiniz?

- Bəli.

- Xəbərlər də buraya daxildir?

- Birbaşa yox, xəbərlərlə xəbərlər xidməti məşğul olur. Amma mən haradasa öz fikrimi deyə bilərəm.

- Radionuzda müyyən şeylər diqqətimi çəkib. Radionuzda xəbərlər digər radiolardan 10 dəqiqə öncə efirə verilir. Bu nə ilə bağlıdır? Digər radioları qabaqlamaq istəyirsiniz?

-Biz bunu bilərəkdən etdik ki, birinci bizdə getsin. Sonralar bu ənənəyə çevrildi. Hamıda saatın tamamında idi, bizdə bir az əvvəl, yəni bir az gec də ola bilərdi. Məqsəd standartdan uzaq olmaq və fərqlilik yaratmaq idi.

- Emin, milli radio deyirsiniz, amma xəbərlərinizdə millilikdən başqa hər şey var.

- Mən sizinlə razı deyiləm. Elə bir dövrdə yaşayırıq ki, Azərbaycanda baş verən müəyyən məsələlərlə bağlı informasiyanı ötürürük, həm də dünyada baş verənlərlə bağlı. Biz özümüzü dünyadan təcrid edə bilmərik. Milli radio ilk növqədə formatına, ruhuna görədir. Hələ heç bir radioda praytime vaxtı, yəni ən çox dinlənilən vaxtı muğam olmayanda biz artıq muğam verirdik. Digər radiolar saatda 2-3 Azərbaycan mahnısı verəndə biz ancaq Azərbaycan və məlum səbəblərdən arabir türk mahnıları verdik. Hardasa Azad Azərbaycan Radiosu müğənnilərə təkan verdi ki, onlar daha keyfiyyətli, müasir və daha peşəkar tərzdə öz mahnılarını hazırlayıb dinləyicilərə təqdim etsinlər. Bizdə bu gün format belədir, ilk növbədə musiqi, daha sonra informasiya, bir azda əyləncədir. Bütün yeni xitlər və keyfiyyətli mahnılar bu radioda səslənir. Ona görə yox ki, biz kimlərisə buna məcbur edirik. Sadəcə müğənnilər, məncə, elə düşünürlər ki, bu mahnıları üçün daha effektli olacaq və radiomuz çox dinlənilir.

- Əyləncə dediniz, ümumiyyətlə Azərbaycan teleməkanında əyləncə missiyasını ATV öz üzərinəmi götürüb?

- Bütövlükdə mən televiziyaya cavabdeh olmadığımdan tam deyə bilmərəm. Baxın, bayram günüdür və siz məndən müsahibə alırsınız. Müsbət ab-hava yaratmaq, müsbət emosiyalar ötürmək hər insanın, kanalın işi deyil. Yəqin haradasa alınır. Müəyyən narazıçılıqlarda var.

- Emin, sizcə televiziyalarımız və radiolarımız dinləyici və izləyicisinin çox olması xatirinə onların tələbinə uyğun fəaliyyət göstərməlidir ya düzgün saydığı kimi? Yəni kütlənin arxasınca getməlidir ya kütləni arxasınca aparmalıdır?

- Mən ümumiyyətlə fikirləşirəm ki, radio, televiziya bir tərəfdən cəmiyyətin aynasıdır, digər tərəfdən isə bir-iki pillə öndə olmalıdır. Kütləvi İnformasiya Vasitələri elə etməlidir ki, kütlə onun arxası ilə getsin. Düzdür tələbatla ayaqlaşmaq lazımdır. Dinləyicinin, tamaşaçının istədiyini verirsən, amma daha səviyyəli formatda o, həm istədiyini alsın , həm də yeni bir şey görsün.

- Sizcə buna nail olan televiziyamız var?

- Mən bir tamaşaçı kimi deyə bilərəm ki, efirdə gedən bir çox şeylərdən razı deyiləm. Hətta öz verilişimin keyfiyyəti məni qane etmir. Müəyyən subyektiv səbəblər var. Bu ilk növbədə insanın özü ilə bağlıdır. Televiziyaya gələn hər kəs buna tramplin kimi baxmamalıdır. İlk növbədə öz peşəni sevməlidir.

- Və intellektual səviyyə çox önəmlidir. Azərbaycanda aparıcılarımızın bir nömrəli problemi intellektinin aşağı səviyyədə olmasıdır.

- Mən sizinlə razıyam.

- Yanlız xarici görünüşə baxıb işə götürmək düzgün deyil. Təbii ki, xarici görünüş televiziyada önəmlidir.

- Bəli, xarici görünüş önəmlidir. Amma intellektual səviyyə daha vacibdir.

- Aparıcı seçimində ATV üçün önəmli olan xarici görünüşdür?

- Xeyr. Mən belə deməzdim. İstənilən məsələdə hər şey ağdır və ya qaradır demək düzgün deyil. Müəyyən aparıcılar var ki, daha güclüdür, savadlıdır və elələri var ki, zəifdir. Elələri bizdə də var, digar kanallarda da var. Amma məqsəd odur ki, bütün aparıcılar peşəkarlıq baxımından səviyyəli olsunlar. Peşəkarlıqdan savayı daxili aləmdə vacibdir. İnsan müsbətdirsə bu hiss olunur. Çünki tamaşaçı aparıcıdan daha hissiyyatlı və ağıllı olur. Aparıcı həm peşəkar, həm də insan olaraq normal olmalıdır.

- Peşəkarlıq da zamanla olur. Amma bəzən dünən televiziyaya gələnlər növbəti gün efirə çıxır.

- Biz hamımız nə vaxtsa efirə çıxanda müəyyən səhvlərə yol vermişik. Amma bu səhvlər kobud olmamalıdır. Mən ilk dəfə 1997-ci ildə ANS ÇM-də efirə çıxanda dinləyənlər olubsa, yəqin deyib ki, bunu haradan tapıblar, nə gündədir. Yəni əvvəl-axır bu işi öyrənməlisən. Əlbəttə ki, maksumum dərəcədə sən efirə hazırlıqlı çıxmalısan. 2-3 il ərzində aparıcıda heç bir tərəqqi yoxdursa bu o deməkdir ki, sən efirə çıxıb özünü göstərirsən və nəyəsə arxayınsan. Bu primitiv düşüncədir və insanın problemidir.

- Belələri teleməkanımızda çoxdur. Xüsusilədə xanım aparıcılarımzda.

- Bəli, belələri var. Amma təkcə xanımlar deyil, elə oğlanlarda var ki, fikirləşirlər onları televiziyada göstərirlərsə kifayət edər. Amma deyiləcək hər bir söz düşünülməlidir. Niyə bu sözü dedi, nəyə görə özünü gülünc vəziyyətə qoydu?! Bunlar hamısı tənqid olunmalıdır. Elə aparıcılar var ki, yarım il efirə çıxır və özünü elə aparır bundan yaxşısı yoxdur. Bu əslində bədbəxtçilikdir və o, insanların axrı yoxdur.

- Amma hələ də teleməkanımzadırlar. O, insanlar hətta izləyicilər tərəfindən aqressiya ilə qarşılanır.

- Hansısa aparıcını kimsə bəyənirsə, müəyyən qisim izləyicini qıcıqlandır. Amma onlar populyardılar. Populyar o demək deyil ki, sevilən aparıcıdırlar. Kimsə onu bəyənir, kimsə də hər gün söyür, amma baxır. Mən televiziyada işləyən bir adam kimi soruşuram, bəs niyə tamaşaçılar onlara baxırlar?! Mənə zəng edib müəyyən aparıcılar haqqında deyirlər ki, bunu öldürəcəm, bu nə tərbiyəsiz qızdır və ya oğlandır. Məndə deyirəm ki, səni baxmağa kimsə məcbur edir, baxma. Deməli, haradasa bizim tamaşaçılarda da problem var, onlar düzgün seçim edə bilmir, şüuraltı özünə əziyyət verir. Elə verilişlər var ki, məni qıcıqlandırır, mənfi təsir edir. İstər başqa kanallarda olsun, bizdə də bir- iki elə veriliş var və mən onlara baxmıram. Kimsə o verilişlər haqqında məndən soruşanda deyirəm ki, baxmıram. Mənə inanmırlar.

- Azərbaycanda məhşur olan aparıcıların hamısı ATV-dədir. Bu məhşur aparıcıların içində siz haradasınız?

- Mən hesab etmirəm ki, mən məhşur aparıcıyam. Məni kimsə görüb tanımya bilər, bu mənim üçün normaldır və rahatdır. Hamının məni izləməsi, tanıması vacib deyil. Mən kəmiyyətə yox, keyfiyyətə üstünlük verirəm. Qoy mənə normal tamaşaçı baxsın və desin ki, burada bizim xoşumuza gəldin, burada bəyənmədik, ürəyimizcə olmadın. Sağlam tənqid, səviyyəli münasibət.

- Emin Musəvi düşünür ki, səviyyəli aparıcıdır?

- Mən hər halda çalışıram ki, səviyyəsiz aparıcı olmayım (gülür).

- Verlişinizə çağırdığınız hər qonaq haqqında məlumatlı olursunuz?

- Bəli, məlumat toplayıram.

- Bunu etməyən aparıclarımız var?

- Ümumiyyətlə efirə hazırlaşmayan aparıcılar var.

- Belə aparıcılar ATV-də var?

- Sizin deyəsən ATV ilə şəxsi problemləriniz var.

- Mənim heç bir kanalla şəxsi problemim yoxdur. Sadəcə biz işlədiyimiz orqanların təmsilçisiyik və deyərdim ki, simasıyıq. Siz də ATV-də işləyirsiniz. Bu səbəbdən çoxları üçün maraqlı olan sualları və iradları sizə ünvanlayıram.

- Mən sizə deyim də elə insanlar var ki, bozdur. Siz onları görmürsüz. Bəzi insanlar parlaqdır. Siz onları görürsüz və bəyənirsiz. Bəziləri isə sizi qıcıqlandırır. Amma görürsünüz.

- Emin böyük izləyici kütləsi sizi “Qəfəs”dən tanıyır. Amma mənim ağlımda siz “Rəsmilər qeyri-rəsmi” ilə qalmısınız.

- Bu yaxşı haldır. Çünki “Qəfəs”dən sonra çox işlər görülüb. Adını çəkdiyiniz verliş, “Rəsmilər qeyri-rəsmi” oradakı respondentləri nəzərə alsaq çox çətin idi. Rəsmi şəxslər, səfirlər, nazirlər, iki prezident də oldu və yaxşı olardı ki, insanlar nəyisə dəyərləndirsənlər. Rəhmətlik Anar Məmədxanov mənə demişdi ki, mən nə qədər işlər görmüşəm, amma hamı məni görəndə deyir ki, “KVN Anar”, səndə də belə hal var, sənə də “Qəfəs Emin” deyirlər? (o soruşdu) Mənim üçün önəmli olan radiodur. Amma çoxları heç mənim radioda işlədiyimi bilmir. Hind filmlərindəki kimi mənə seçim şansı versələr televiziya ya radio? Mən radionu seçərəm (gülür). Vacib deyil ki, məni görsünlər, eşitsələrdə olar.

- Tələbə olanda auditoriyada dəfələrlə sizin verlişlərinizi, aparıcılıq qabiliyyətinzi müzakirə etmişik. Siz mənim Azərbaycan teleməkanında bəyəndiyim aparıcısınız. Sizin verlişlərinizi diqqətlə izləyən biri kimi deyə bilərəm ki, “22-ci saat” sizin aparıcılıq fəaliyyətinizdə heç bir iz buraxmayacaq. “Qəfəs”, “No.1”, sonra “Rəsmilər qeyri-rəsmi” və “22-ci saat” tamam başqa istiqamətdə verilişlərdir. Bəlkə də siz aparıcı olaraq istiqamətinizi hələ də müyyən edə bilməmisiniz.

- Mən düşünmürəm ki, bu veriliş keyfiyyətsizdir. Əsas odur ki, keyfiyyətlidir. Mütləq deyil ki, hər zaman sürətin 200 və yaxud da 240 olsun. Bəzən altımışla da getmək lazımdır. Amma getmək lazımdır. Hər dəfə sensasiya yaratmaq da düzgün deyil. Yenə kiməsə, nəyisə sübut etmək istəmirəm. Hesab etmirəm ki, bu aşağı səviyyəyə düşmək deməkdir. Nə vaxta kimi özümü sübut etməliyəm?! Kimsə başa düşübsə mən babat peşəkar aparıcıyam bu bəsimdir.

- Necə rəhbərsiniz? Sərt ya mülayim?

- Bunu uşaqlar daha düzgün deyə bilər. Bəzən deyirlər ki, mən sərt adamam. Amma çalışıram ki, kimsənin şəxsiyyətinə toxunmayım. Çünki məndə kiminsə tabeliyində işləyirəm. İşlə bağlı nələrisə tələb edirəm. Şəxsi heç nə tələb etmirəm. Prinsipdə budur ki, on radio fəaliyyət göstərirsə və onlardan 2-3 normal qəbul olunursa onlardan biri olaq. Bir addım öndə olaq. Siz mənə çətin sual vermək istəyirsiniz?

- Xeyr.

- İndi növbəti sualınızı verəcəyinizi düşündüyünüz üçün ağlıma gəldi.

- Niyə evlənmirsiz?

- Çətin sualdır(gülür). Yəqin tam əmin olmalıyam ki, həmin insan məni başa düşəcək, mənim üçün etibarlı olacaq. Həm də ki, bu insanı lazım gəlsə 24 saat ərzində görəcəm və bu məni qıcıqlandırmayacaq. Bu çətindir. Növbətçi şəkildə evlənmək istəmirəm. Necə bacı-qardaşın, ana-atanın doğma insan olduğunu norma kimi qəbul edirik. Sən təxmini hiss etməlisən ki, bu insan mənəvi baxımdan həmin statusda ola bilər?!

- Bir həmkarınızla sizin haqqınızda söhbət etdik. Günay Fərəcqızı müəyyən xatirlərərini danışdı və mənə ilk sürücülük təcrübəniz maraqlı oldu, yadınızdadır?

-Yadımdadır(gülür). Normal maşın sürməyi 1994-cü ildə öyrəndim, amma şəxsi maşınım olmadığı üçün unuduldu. Daha sonra maşın aldım. İki il maşın sürmədim, əsgərlikdə idim. Sonra gəldim və dərhal şəhərdə sürməyə başladım. İlk dəfə kimisə sərnişin kimi götürəndə Günay da orada idi. Onda çox təhlükəli idi və bir təhər evə çatdıq. Elə şeylər var ki, sən fikirləşirsən bu mümkün deyil. Necə mümkündü maşına minmək, onu sürüb hansısa şəhərin rayonunu, küçəsini tapasan. Burada fəlsəfi məna belədir ki, qoy böyük, çətin görünən işlər sizi qorxudmasın. Proses başlayır, sən oraya daxil olursan, get-gedə püxtələşirsən və hər şeyi öyrənirsən.

- Yaxşı ki, qəza baş verməyib.

- Baş vermədi. Mənim atam SSRİ-də keçirilən maşın yarışlarında iştirak edib və birinci, ikinci yerləri tutub. Çox yaxşı maşın sürürdü. Ona görə də nələrsə genetik olaraq mənə keçib. Hələ ki, ciddi qəza etməmişəm. Allah qoysa etmərəmdə, çalışaram etməyim. Allahın işini bilmək olmaz. Maraqlı olar 7 il sonra mən ciddi qəzaya düşsəm siz müsahibəni tapıb deyərsiniz ki, baxın Emin belə deyirdi.

- Ümid edək ki, belə bir şey olmayacaq.

- Ümid edək. Amma heç kim heç nədən sığortalanmayıb.

Sədan Bünyadova