““Oğruya da doğru, doğruya da doğru” deyən qazinin gününə düşəcəyik...”

ogruya-da-dogru-dogruya-da-dogru-deyen-qazinin-gunune-duseceyik-
Oxunma sayı: 1172





Qul psixologiyası

Səhv etmirəmsə, Karl Marksın «Kommunist partiyasının manifesti» belə başlayır: «Avropanın başı üzərində bir kabus dolaşmaqdadır – kommunizm kabusu…».

Deyirəm, istər kommunist olsun, istər monarxist, istər materialist olsun, istər idealist, fərqi yoxdur, filosof filosofdur, gələcəyi fitrən ilahidən hiss edir və peyğəmbər kimi əvvəlcədən deyir. Qalır bu deyimləri oxumaq və nəticə çıxarmaq ki, biz bir qayda olaraq, birincini etsək də, ikincini etmirik. Necə ki, Avropa XX əsrdə etmədi, etsəydi kommunizm kabusu 70 ildən də çox müddətdə dünyanın üçdən birini zəbt etməzdi və ən azı, on milyonlarla insan bu dünyadan vaxtsız getməz, yüz milyonlarla arzular ürəklərdə sönməzdi.

Hazırkı qeydlərin məqsədi, təbii ki, retro açmaq, «kommunizm kabusu» haqqında danışmaq deyil. Bu mövzu artıq aktual deyil, aktual olmadığı üçün (yeri gəlmişkən, yalnız aktual şeylər dəbdə olur, ideyadan paltara kimi…) dəbdə də deyil. Dəbdə olmadığı üçün, oxucusu yoxdur, odur ki, biz də yazmaq fikrində deyilik. Sadəcə olaraq, «kabus» məsələsi və filosof öncəgörməsi maraqlı idi…

Düşünürəm ki, hazırda bizim də ölkəmizin, şəhərimizin üzərində bir kabus dolaşmaqdadır, «intihar» kabusu. Məhkəmənin qüvvəyə minmiş qərarına etiraz edən Qarabağ müharibəsi əlilinin özünü yandırması ilə işinə başlayan «intihar» kabusu, deyəsən, fəaliyyət dairəsini genişləndirməkdədir. Artıq evi olanlar ikincisini almaq, obyekti olmayanlar obyektli olmaq, hətta kasıblar varlı olmaq üçün bu yola əl atır. Hətta sevgilisinin aldadıb atdığı gənc qadın və xəstəliyin haldan saldığı yaşlı qadın da onun əsirinə çevrilir. Nə olmuşdur, nə baş verir? Axırıncılar təsadüf olsa da (belə hadisələr tarixdən gəlir, Qız Qalası şahiddir), əvvəlkilər artıq təsadüf deyil, az qala zərurətə çevrilir.

Düşünürəm ki, burda bir haşiyə çıxmaq, intihar, özünə qəsd kimi halların mənşəyinə baxmaq zərurəti yaranır. Bu halların tarixi qədimdir, Marksın «Manifest»də «azad insan və qul, patritsi ilə plebey» kimi təsvir etdiyi dövrlərə qədər gedir. Həmin dövrlərdə qullar adi əşya kimi alınıb satılırdı, azad insanlar da onları keyfiyyətinə və qiymətinə görə seçib bazardan alırdı. Qullar şəraitə dözməyəndə, yəni sahib günahsız cəza verəndə, ya qarın dolusu çörək verməyəndə, özlərinə qəsd etmək fikrinə düşürdülər. Aclıq elan edir, damarlarını kəsir, ya da özlərini asırdılar. O vaxtlar neft, benzin kimi tezalışan maddələr olmadığından, özünü yandırmaq dəbdə deyildi. Amma məqsəd bir idi, qul özünə qəsd etməklə, sahibinin pulunu batırmaq istəyir, müasir dillə desək, onu şantaj etmək istəyirdi. Qeyd etmək lazımdır ki, burda nəticə də yüz faizlik deyildi, əllinin əlliyə idi. Sahib qulun əməlindən əsəbiləşib onu öldürə, ya da verdiyi pulu itirmək istəməyib, həyat şəraitini yüksəldə bilərdi. Bir sözlə, məqsədə çatmaq üçün özünə qəsd etmək qul psixologiyası idi və bu yoldan azad insanlar deyil, qullar istifadə edirdi.

Beləliklə, «azad insan və qul, patritsi ilə plebey» dövrü tarixin dərinliyində qalsa da, «qul psixologiyası» qaz qabarcıqları kimi üzə çıxmaqda, hətta XXI əsrdə, sürətlə inkişaf etməkdə və insanların həyat şəraiti yüksəlməkdə olan ölkəmizdə də qan qaraltmaqda, faciələr yaratmaqdadır. Təbii ki, burda müəyyən obyektiv və subyektiv səbəblər var. Əsas obyektiv səbəb təbii ki, ölkəmizə namərd qonşular tərəfindən sırınan və hələ də davam edən Qarabağ problemidir. Məhz bu problemin nəticəsində yüz minlərlə vətəndaşımız evsiz-eşiksiz qalıb, qaçqın, məcburi köçkün statusu alıb, on minlərlə insan müharibədə yaralanıb, əlil vəziyyətinə düşüb. Amma dövlətimiz bu insanların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edir, onlarla, hətta yüzlərlə yeni qəsəbələr salınır, müharibə əlilləri üçün xüsusi binalar tikilir, avtomobillər verilir.

Əsas subyektiv səbəb isə, düşünürəm ki, bizim bir cəmiyyət olaraq, realizmi humanizmə qurban verməyimizdir. Biz obyektiv səbəblərdən maddi və fiziki imkanlarını itirmiş şəxslərə mentalitetdən gələn bir humanizmlə yanaşmaqla, cəmiyyətdə ərköyün bir təbəqə yaratmışıq. Artıq onlar özləri də ərköyün düşünür, hesab edirlər ki, qanunlar onların yanından keçməli, hətta məhkəmələr güzəşt etməlidirlər. Belə olmasa, biz özümüzü asarıq, yandırarıq? Qul psixologiyası deyilmi?! Məhkəmənin qüvvəyə minmiş qərarına etiraz edən (hadisəyə baxışlar birtərəflidi olduğundan, məhkəmə qərarına istinad etmək zorundayıq) Qarabağ müharibəsi əlilinin özünü yandırmasına cəmiyyətin reaksiyası düzgün idimi?! Əksəriyyət məsələni araşdırmadan mərhumu müdafiə etdi və hətta ona yüz min civarında «mükafat» da verildi. Və biz ürək yumşaqlığından «oğruya da doğru, doğruya da doğrü» deyən qazinin gününə düşdük. Bu da nəticəsi: artıq «oğru da, doğru da» məqsədinə çatmaq üçün özünü yandırmaqda - intihar etməkdə (oxu: cəmiyyəti şantaj etməkdə) israrlıdır. Artıq bu tendensiya epidemiya şəkli alır.

Və son olaraq. Aclıq etmək, özünə qəsd etmək, intihar etmək azad adamın mübarizə forması deyil, bu qul psixologiyasıdır. Azad adam ilk növbədə həyat, yaxşı yaşamaq, qanunları qorumaq uğrunda mübarizə aparmalıdır. Və başa düşməlidir ki, o, «daimi mühərrik» kimi, həmişə haqlı ola bilməz. Əgər sənin hüquqların doğrudan da, pozulursa, onları qorumağın qanuni yolları var. Bunun üçün də hökumət, dövlət orqanlarına şikayət etmək, məhkəməyə müraciət etmək olar. Artıq mərkəzi hökumət nümayəndələri – nazirlər, komitə sədrləri regionlara gedir, şikayətçiləri yerində qəbul edir. Korrupsiya, məmur özbaşınalığı kimi halların aradan qaldırılması üçün dövlət başçısının konkret tapşırıqları həyata keçirilir. Əmək və sosial təminat naziri əlillərin (o cümlədən, müharibə əlillərinin) və aztəminatlı ailələrin hüquqlarını qorumaq üçün əlindən gələni edir. Amma qanunların işləməsi, hüquqlarımızın təmini üçün cəmiyyət olaraq, biz də əlimizdən gələni etməliyik. Əgər həmişəki kimi, beynimizin yox, qəlbimizin hökmü ilə hərəkət edəcəyiksə, realizmi humanizmə qurban verəcəyiksə, yenə də «oğruya da doğru, doğruya da doğru» deyən qazinin gününə düşəcəyik.