“Oğurlanmış milyon”
– Mon ami*, sən, necə deyərlər, düz qızılın mənbəyini tapdın. Bax, bu axırıncı xəbərə fikir ver.London və Şotlandiya bankının Nyu-Yorka göndərdiyi bir milyon dollarlıq Liberti istiqrazları “Olimpiya” gəmisində təəccüblü şəkildə yoxa çıxıb. Ah, bu dəniz xəstəliyim olmasaydı – Puaro xaincəsinə dedi – böyük məmnuniyyətlə bu böyük laynerlərdən birində səyahətə çıxardım.
– Əlbəttə, deyə mən onun sözünə qüvvət verdim – hələ bəziləri basseynləri, qonaq otaqları, restoranları və palma ağacları ilə əsl sarayları xatırladır – çox vaxt dənizdə olduğuna inanmırsan.
– Mənə qalsa, mən həmişə dənizdə olduğumu bilirəm -Puaro qəmli-qəmli dedi. Həmin o sayqdıqların mənə çox da maraqlı deyil.Amma təsəvvür et, bu üzən imarətlərdə nə qədər dahilər səyahət edir, orada nə qədər cinayətkar aləmin aristokratlarına rast gəlmək olar!
Mən güldüm.
– Sən bir buna bax! Sən Liberti istiqrazlarını oğurlayan adamla vuruşmaq fikrindəsən?
Ev sahibəsi söhbətimizi kəsdi:
– Müsyö Puaro, sizi bir xanım görmək istəyir.
O, vizit kartını verdi.Kartda yazılmışdı: “Missis Esme Farkuar”
Puaro stolun altına əyilib yerdəki kağız parçasını götürdü və onu kağız səbətinə qoydu. Sonra ev sahibəsindən xahiş etdi ki, xanımı çağırsın.
Bir dəqiqə sonra iyirmi beş yaşlarında, səliqəli geyinmiş və olduqca gözəl bir qız içəri girdi. Məni ən çox heyrətə gətirən onun mütənasib bədən quruluşu və iri ala gözləri idi.
– Bəlkə oturasınız, madmazel – deyə Puaro təklif etdi – Bu mənim dostum kapitan Qastinqsdir. Mənə çox böyük köməyi dəyir.
– Müsyö Puaro, qorxuram həll etməyinizi sizdən xahiş edəcəyim problem çox böyük olsun. – deyə qız mənə təzim edib kresloya oturarkən dedi:
– Yəqin ki, siz artıq qəzetdə oxumusunuz. Mən “Olimpiya”nı və Liberti istiqrazlarını nəzərdə tuturam.
Deyəsən o, Puaronun üzündəki təəccüb ifadə edən mimikanı görüb tez əlavə etdi:
– Əlbəttə, siz soruşa bilərsiniz ki, məni bu hadisəylə nə bağlayır. Bir tərəfdən heç nə, o biri tərəfdən, hər şey. Mən Filip Ricveylə nişanlıyam.
– A! Mister Ricvey.
– Bəli, o, oğurlanan istiqrazlara cavabdeh idi. Düzdür, oğurluqda o günahkar deyil, amma ki, onun səhvidir. O dəhşətli dərəcədə məyusdur. Onun əmisi əmindir ki, Filip gəmidə kiminsə yanında istiqraz apardığını ağzından qaçırdıb. Qorxuram onun karyerasının axırı çatıb.
– Bəs onun əmisi kimdir?
– Mister Vavasur, bankın direktorlarından biri.
– Missis Fanhuar, bir az ətraflı danışın.
– Yaxşı. Bilirsiniz ki, bank Amerikadakı kreditlərini artırmaq istəyirdi və buna görə də bir milyonluq Liberti istiqrazlarını buraxmağa başladı. Cənab Vavasur səfər üçün qardaşı oğlunu seçdi. Filip çoxdan bankda işləyir və Nyu-Yorkdakı bütün əməliyyatlardan xəbərdardır. ”Olimpiya” Liverpuldan iyirmi üçündə üzüb, istiqrazları isə cənab Vavasur və cənab Şou Filipə səhər, üzməmişdən bir neçə saat əvvəl veriblər. İstiqrazları Filipin yanında sayıblar, zərfə qoyub möhürləyiblər və sakvoyaja qoyub bağlayıblar.
– Sahvoyaj adi kilidlə idi?
– Yox, cənab Şou təkid etdi ki, ona Habbsovun xüsusi kilidi qoyulsun. Dediyim kimi, Filip zərfi sakvoyaja qoyub. Zərfi gəminin Nyu-Yorka çatmamışdan bir neçə saat qabaq oğurlayıblar. Tezliklə bütün gəmi yoxlanılıb, amma əbəs. Elə bil istiqrazlar havaya buxarlanıb.
Puaro dedi:
– Amma hər halda buxarlanmayıblar, çünki “Olimpiya”nın sahilə çıxmağından yarım saat sonra kiçik hissələrlə satılmağa başlayıb. Nə olar, indi isə mən cənab Ricveylə danışmalıyam.
– Mən elə indicə sizə mənimlə “Çeşir pendiri”ndə səhər yeməyi təklif edəcəkdim. Filip də orda olacaq. Əslində, o mənim sizə müraciət etdiyimi bilmir.
Biz razılaşdıq və taksi ilə restorana yollandıq. Cənab Filip artıq orda idi və nişanlısını iki yad kişinin müşayiət etdiyini görəndə təəccübləndi. O, hündürboylu, yaraşıqlı idi. Yaşı otuzdan çox olmazdı.
Miss Fankuar ona yaxınlaşdı və əlini onun çiyninə qoydu.
– Filip, bağışla ki, səninlə məsləhətməmiş bu cənabları dəvət etmişəm. Bu müsyö Puarodur, haqqında yəqin ki, çox eşitmisən. Bu da onun dostu kapitan Qastinqsdir.
Ricvey bir anlıq özünü itirdi.
– Müsyö Puaro, əlbəttə sizin haqqınızda eşitmişəm – dahi xəfiyyənin əlini sıxaraq dedi – Mənim heç ağlıma da gəlməzdi ki, Esme sizə mənim… bizim bədbəxtliyimiz üçün müraciət etsin.
– Filip, mən qorxurdum ki, sən mənə icazə verməzsən – deyə miss Fankuar qısaca izahat verdi.
– Ona görə də özünü zərərsizləşdirmisən? Müsyö Puaro, ümidvaram bu anlaşılmaz tapmacanı aydınlaşdıracaqsınız. Mən lap başımı itirmişəm.
Həqiqətən də, o çox yorğun görünürdü.
– Yaxşı – Puaro dedi, – gəlin yemək yeyə-yeyə bu barədə danışaq. Mən bütün hadisəni cənab Ricveyin özündən eşitmək istəyirəm.
Bifştekslə pudinqi yeyə-yeyə Filip Ricvey əhvalatı danışdı. Onun danışdıqları miss Fankuardan eşitdiklərmizin tamamilə eyni idi. O söhbətini qurtaranda Puaro soruşdu:
– Cənab Ricvey, siz istiqrazların oğurlandığını hardan bildiniz?
Ricvey acı-acı gülümsədi:
– Müsyö Puaro, o özü nəzəri cəlb edirdi. Sakvoyajın yarısı kayutadakı ləmədə görünürdü. Kilidi sındırmaq istəyəndə, onu çox cızmışdılar.
– Mən başa düşdüyüm qədər o açarla açılmışdı?
– Təmamilə düzdür. Oğru onu sınqdıra bilməyib, amma necəsə aça bilib.
– Maraqlıdır, – deyə Puaro səsləndi. Onun sözlərində mənə tanış olan yaşıl işartını gördüm – çox maraqlıdır! Əvvəlcə kilidi sındırmağa vaxt itirir, sonra – sapristi!* – oğrunun yadına düşür ki, onun açarı var. Bəs axı Habbsovun bütün kilidləri möhtəşəmdir!
– Buna görə də oğruda açar ola bilməzdi!
– Əminsiniz?
– And içirəm! Bundan başqa, açar varsa, sındırılması mümkün olmayan kilidi sındırmağa nə üçün vaxt sərf etsin?
– Aha! Əgər biz həqiqəti öyrənə bilsək, ancaq bu inanılmaz fakta görə öyrənəcəyik. Xahiş edirəm inciməyəsiz. Siz əminsiniz ki, sakvoyajı açıq qoymamışdız?
Filip Ricveyin bircə baxışı bəs elədi ki, Puaro üzr istəyirmiş kimi hərəkət etsin.
– Bəli, bəli, mən sizə inanıram, baxmayaraq ki, hərdənbir belə şeylər olur. Deməli, istiqrazlar sizin səhlənkarlığınız ucbatından oğurlanmayıb. Bəs sonra oğru onları nə edib? O onları sahilə necə çıxarıb?
– Sirr də elə bundadır – Ricvey bərkdən dedi – oğurluq haqqında gömrükçülərə məlumat verilmişdi, onlar da gəmidən çıxan hər bir canlını başdan-ayağa yoxlayıblar.
– Məncə, istiqrazlar böyük zərfdə olub?
– Əlbəttə. Onları çətin ki, gizlədə biləydilər. Sözsüz ki, gizlətməyiblər. Çünki “Olimpiya”nın sahilə çıxmağından yarım saat sonra onları satmağa başlayıblar. Artıq onlar satılmışdılar, mənsə hələ Londona teleqram vurub istiqrazların nömrələrini göndərmələrini istəməyi çatdırmamışdım. Dəllallardan biri iddia edir ki, o, hətta “Olimpiya” gəlməmişdən bir neçə istiqraz alıb.
– Bəs gəminin yanından sürətli kater keçməyib?
– Biri keçib, o da hamının gözdə-qulaqda olduğu vaxt, həyəcandan sonra. Mən özüm də nəzarət edirdim. Aman tanrı, müsyö Puaro, mən ağlımı itirməkdəyəm! Camaat deyir ki, mən özüm oğurlamışam.
– Deyəsən, sahilə çıxanda sizin özünüzü də yoxlayıblar.
– Hə, əlbəttə -deyən cavan oğlan Puaroya incikliklə baxırdı.
– Belə görürəm, siz məni başa düşmədiniz – Puaro bic-bic gülümsəyərək dedi –indisə mən bankda tədqiqat aparmaq istərdim.
Ricvey vizit kartı çıxardıb üstünə bir neçə söz yazdı.
– Bunu göstərsəniz, əmim sizi o saat qəbul edəcək.
Puaro ona təşəkkür edib miss Fankuarla sağollaşdı və biz Trednild-stritə, London və Şotlandiya bankının yerləşdiyi yerə yollandıq. Biz Ricveyin kartını göstərdik və bizi labirintsayağı koridorla birinci mərtəbədəki kabinetə ötürdülər. Bizi hər iki direktor qarşıladı. Bunlar həyatlarını bank işində keçirmiş vacib adamlar idilər. Cənab Vavasur qısa saqqal saxlamışdı, cənab Şounun isə üzü tərtəmiz qırxılmışdı.
– Belə başa düşürəm ki, siz qeyri-qanuni olaraq bu hadisəni araşdırırsınız –deyə cənab Vavasur sözə başladı. – Biz isə bu işi bütünlüklə Skotland-Yarda etibar etmişik. Bu işlə inspektor Mak Neyl məşğul olur. Məncə o, çox təcrübəlidir.
– Şübhə etmirəm. İcazə verin, sizə bir neçə sual verim. Birinci növbədə, kilid haqqında. Onu kim sifariş etmişdi?
Cənab Şou dedi:
– Şəxsən mən özüm. Mən bu işi başqa heç kimə etibar etməzdim. Açara qalanda, biri cənab Ricveydə idi, cənab Vavasurla məndə də, hərəmizdə bir açar var idi.
– Həmin açarları heç kim əldə edə bilməzdi?
Cənab Şou cənab Vavasura baxdı.
– Ayın iyirmi üçündə açarları seyfə qaoymuşduq, bütün vaxtı da orda qalıblar. Çox təəssüf ki, cənab Şou Filip getdiyi gün xəstələnmişdi, bu yaxınlarda sağalıb.
Cənab Şou qəmli-qəmli dedi:
– Mənim yaşımda ağır bronxit keçirtmək asan deyil. Cənab Vavasur tək işləməkdən yorulub, hələ üstəlik bu istiqrazlar…
Puaro yenə bir neçə sual verdi. O əmi ilə qardaşoğlunun münasibətlərini aydınlatmağa çalışırdı. Cənab Vavasurun cavabları qısa və konkret idi. Onun qardaşı oğlu bankın inanılmış işçilərindən idi. Borcu-filan da yox idi. O keçmişdə də bu cür tapşırıqları yerinə yetirmişdi. Nəhayət, biz sağollaşdıq.
– Mən üzgünəm – deyə Puaro küçəyə çıxandan sonra mənə müraciət etdi.
– Siz daha çox məlumat öyrənmək istəyirdiniz?
– Yox, ona örə üzgünəm ki, bu iş çox sadə çıxdı.
– Sadə?
– Hə.Sən bəyəm başqa fikirdəsən?
– Deməli, istiqrazları kimin oğurladığını bilirsən?
– Bilirəm.
– Onda… Biz…
– Tələsmə, Qastinqs. Hal-hazırda heç bir qərara gəlmək fikrində deyiləm.
– Nə üçün? Nəyi gözləyirsən?
– “Olimpiya”nı. O, Nyu-Yorkdan bura çərşənbə axşamı gəlib çatacaq.
– O vaxtacan oğru qaçsa? Deyək ki, hansısa cənub dənizindəki adalardan birinə.
– Yox, mənim dostum, adadakı həyat onluq deyil. Mənsə ona görə gözləyirəm ki, Erkül Puaro üçün bu iş təmamilə aydındır, amma bəziləri üçün, məsələn Mak Neyl üçün, bu faktı təsdiq etəməmişdən bir neçə araşdırmanı aparmaq lazımdır.
– Puaro, mən heç olmasa bir dəfə səni axmaq vəziyyətdə görmək istəyərdim. Yaman özündənrazısan!
– Özündən çıxma, Qastinqs. Əslində, mən hərdən hiss edirəm ki, sən mənə nifrət etməyə başlayırsan.
Bu balaca adam elə təəssüfləndi ki, mən güldüm.
Çərşənbə axşamı qatarda Liverpula gedirdik. Puaro öz bildiklərini mənə deməkdən qəti şəkildə imtina edirdi. O hətta təəəccüblənirdi ki, mən hələ cavabı özüm tapmamışam. Onunla mübahisə etmək istəmədiyimdən, marağımı boğmalı oldum.
Gəminin yanına çatanda Puaro elə bil birdən-birə canlandı. Bizim təhqiqatımız, dörd nəfər gəmi xidmətçisindən bu gəmidə Nyu-Yorka üzən Puaronun dostunu soruşmaqdan ibarət oldu.
– Eynəkli qoca kişi… Özünü güclə tərpədirdi, güclə kayutdan çıxırdı.
Qoca kişi haqqında deyilənlər, Filip Ricveyin qonşuluğundakı kayutda, 24 nömrəli kayutda gedən cənab Veutnora tamamilə uyğun gəldi. Puaronun cənab Veutnorun varlığını və görünüşünü hardan öyrəndiyini isə bilmədim.
– Zəhmət olmasa deyin görüm – deyə mən söhbətə qarışdım –bu cənab gəmidən birinci düşənlərdən deyildi?
– Yox, cənab, əksinə, o ən axırda düşdü.
Mən təəssüfləndim. Puaro isə mənə baxıb gülümsədi. O, gəmi xidmətçisinə təşəkkür etdi və biz dala qayıtdıq.
– Hər şey yaxşıdır. Ancaq axırıncı cavab sənin fikirlərini təmamilə alt-üst etdi. İndi nə qədər istəyirsən gül!
– Qastinqs, sən yenə heç nə başa düşmədin. Əksinə, bu cavab ən vacib detallardan biridir.
Qatar sürət yığanda Puaro bir neçə sətir yazıb zərfə qoydu.
– Bu isə bizim inspektor Mak Neyl üçündür.
Londona çatan kimi, biz zərfi Skotland-Yarda göndərdik. Sonra isə, “Görüş yeri” restoranına getdik. Mən miss Esmeyə zəng edib nahara dəvət etdim.
– Bəs Ricvey? –deyə Puaro soruşdu.
– Belə olan halda, şübhə təkcə onun üstünə düşmür?
– Qastinqs, sən ağılla fikirləşmirsən. Əlbəttə, oğru Ricvey olsaydı, miss Fankuar üçün olmasa da, başqaları üçün təsirli olardı. İndi isə, diqqətlə baxaq. Möhürlənmiş zərf bağlı sakvoyajdan yoxa çıxıb və belə desək, buxarlanıb. Biz diqqətlə baxsaq, kağızın buxarlanmağının elmdə təsdiqlənmədiyini görərik. Şübhəsiz ki, onu sahilə də də keçirtmək olmazdı.
– Amma biz bilirik ki…
– Qastinqs, sən ola bilər bilirsən, amma mən heç nə bilmirəm. Mən fikrimdə sabit qalıram: mümkün olmayan şey –mümkün olmayandır. İki yol qalır: ya gəmidə gizlədilib, nə qədər çətin olsa da, ya da gəmidən atılıb.
– Onda ona nə isə bağlayıblar ki, batmasın.
– Heç nə bağlamayıblar.
Mən təəccüblə Puaroya baxdım.
– Bəs istiqrazlar suya atılıbsa və suda batıbsa, bəs Nyu-Yorkda satılanlar nədi?
– Ağlına heyranam, Qastinqs. İstiqrazlar Nyu-Yorkda satılıbsa, deməli onlar suda batmayıb. Başa düşürsən bu bizi hara aparır?
– Başladığımız yerə.
– Yox. Əgər zərf suda batıbsa, istiqrazlarsa Nyu-Yorkda satılıbsa, deməli onlar zərfdə olmayıblar. Zərfdəkilərin həqiqi olduğunu sübut edən nəsə var? Cənab Ricvey onu Londonda olandan sonra açmayıb.
– Hə, elədir, amma…
– İcazə ver, davam edim. İstiqrazları axırıncı dəfə London və Şotlandiya bankındakı kabinetdə iyirimi üçü səhəm görüblər. Sonra onlar, “Olimpiya”nın gəlməyindən yarım saat sonra Nyu-Yorkda peyda olub satılıblar, hətta dəllallardan biri deyir ki, istiqrazı gəminin gəlməyindən bir az əvvəl alıb. Əgər onların “Olimpiya”da olmadığını təsəvvür etsək? İstiqrazlar Nyu-Yorka başqa yolla çata bilərdi? Bilərdi. ”Cauqentik” Santqemptondan “Olimpiya”nın üzdüyü gün üzür. Amma onun sürəti daha çoxdur. Əgər istiqrazları “Cauqentik”lə göndərsələr, onda onlar “Olimpiya”dan bir gün qabaq çatır. Bütün tapmaca da bundan ibarətdir. Möhürlənmiş zərf bankın özündəcə hazırlanmış geydirmə bir şey idi. Yalançı zərf hazırlayıb onu doğruçu ilə dəyişdirməyi üç nəfər edə bilərdi – ya Ricvey, ya da direktorlardan biri. Sonra istiqrazlar Nyu-Yorka göndərilib və “Olimpiya” limana çıxan kimi satılması əmr edilib. Buna görə də kimsə “Olimpiya”da oğurluq düəltməli idi.
– Nə üçün?
– Əgər Ricvey zərfə baxıb istiqrazları tapmasa, onda şübhələr avtomatik harasa yönələcək. Ricveylə qonşu kayutda gedən adam kilidi sındırmaq istədiyini göstərən izlər qoyub, sonranonu öz açarı ilə – ehtiyyat açarı ilə açıb, sonra da zərfi suya atıb. O, Ricveyin gözünə görünməmək üçün hamının gəmidən düşməyini gözləyib. O, Nyu-Yorkda sahilə çıxıb və ilk gəmi ilə qayıdıb.
– O kim olub?
– Ehtiyyat açarı olan, adam kilidi sifariş verən adam, ağır bronxitdən əziyyət çəkməyən adam, cənab Şou! Mənim dostum, hərdən yüksək təbəqədə də oğrular olur… Salam madmazel Farkuar!
Və Puaro heyrətlənmiş qızın əlindən öpdü.