İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib. “Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik edib və bildirib ki, 95 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaranması böyük tarixi hadisə idi. İyirmi üç aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin bir çox uğurlara nail olduğunu deyən dövlət başçısı 70 illik sovet mərhələsində də xalqımızın milli mənəvi dəyərlərini qoruyub saxladığını qeyd edib, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Müstəqilliyin ilk illərinin böhran, xaos, iqtisadi geriləmə şəraitində keçdiyini deyən Prezident İlham Əliyev məhz belə ağır vaxtlarda xalqımızın ümummilli lider Heydər Əliyevin ətrafında birləşdiyini vurğulayıb:
“Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü həmişə göstərib və son 10 ildə Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilib, bu illərdə Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb. Bu dövrdə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb, dostlarımızın sayı çoxalıb, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, iqtisadi inkişaf təmin edilib, sosial proqramların icrasına başlanıb”.
“Bizim məqsədlərimiz gələcəyə yönəlib”, - deyən dövlət başçısı vurğulayıb ki, son 20 ildə əldə edilən təcrübə ölkəmizin inkişafı ilə bağlı daha təsirli addımların atılmasına imkan verir.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, bu məsələdə irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Bunun da əsas səbəbinin Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı olduğunu deyən dövlətimizin başçısı bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
Azərbaycan gücləndikcə danışıqlar masasında mövqelərimizin də güclənəcəyini deyən Prezident İlham Əliyev ölkə əhalisinin artması ilə demoqrafik vəziyyətin də bizim xeyrimizə olduğunu vurğulayıb. Prezident onu da qeyd edib ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib, daxili siyasətin əsas istiqamətləri müəyyənləşib və gələn il üçüncü regional inkişaf Proqramının qəbul edilməsi ilə Azərbaycanın inkişafı tam təmin olunacaq.
Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyasının əhəmiyyətindən danışan Prezident İlham Əliyev növbəti illərdə Azərbaycan tərəfindən bu sahədə verilən qərarların qitənin enerji xəritəsini dəyişəcəyini vurğulayıb.
“Azərbaycanın xoşbəxt gələcəyi üçün mövcud siyasət davam etdiriləcəkdir”, - deyən dövlət başçısı xalqımızın ən böyük sərvəti olan müstəqilliyin bundan sonra da qorunacağını diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər