“1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev YAP-ın dünən keçirilən qurultayında deyib. İ. əliyev bildirib ki, o zaman Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstəriblər: “Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.
Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir”.
İ. Əliyev çıxışnda bildirib ki, bu gün YAP-ın siyasi səhnədə ciddi rəqibi yoxdur: “Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.
Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.
Bir daha demək istəyirəm ki, biz hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz ancaq bu münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib olmaq istəyənlər isə xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.
Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır.
Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər”.