“Onu transformatorun yanında görəndə şoka düşdük...” - Reportaj

“Onu transformatorun yanında görəndə şoka düşdük...”
Oxunma sayı: 13376

Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yüksək gərginlikli transformatorun içinə girən oğlanla qızı tok vurması hadisəsi bu gün ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, məsələnin bu dərəcədə etiraz doğurmasına səbəb insanların sıx yaşadığı bir küçədə yüksək gərginlikli transformatorun qapısının açıq saxlanılması haqda yayılan məlumatlardır. 

“Azərişıq” ASC-nın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bu iddianın kökündən səhv olduğunu bildirib. O, “Qafqazinfo”ya açıqlamasında bunları deyib:

“Sakinlərin sözünə inanaraq transformatorun qapısının açıq olduğunu bildirmək düzgün deyil. Həmin yer qapalıdır və açarları da bizim mantyorlarda olur. Ora daxil olanlar qapını açmaq üçün alternativ üsuldan-dəmirdən istifadə ediblər” .

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə baş çəkiblər. Həmin ərazi hazırda fəaliyyəti dayandırılan 28 nömrəli məktəbin yanındadır. Hadisə yerinə çatdığımızda transformatorun qapısı bağlı idi.

Köhnə 28 nömrəli məktəbin yerləşdiyi binada məktəblilər üçün hazırlıq kursu keçirilir. Həmin yerdə uşaqlar, gənclər çox olduğu halda, kimlərinsə səhlənkarlığı ucbatından transformatorun qapısı açıq olub.

Qonşular isə hələ də dünən baş verən faciənin şokunu yaşayırlar.

Onların sözlərinə görə, sözügedən bədbəxt hadisə dünən günorta saat 3-4 radələrində baş verib: “Qəfil partlama səsi eşitdik. Bu zaman məhəllədə işıqlar söndü. Dedilər ki, transformator partlayıb. Tez transformatorun yanına getdik. Fəqanı yerdə uzanmış vəziyyətdə gördük. Onu görəndə şoka düşdük. Fəqan əvvəlcə özündə idi, danışırdı. 20 yaşlı oğlan bir anın içində qocalmışdı. Ətrafda yanıq iyindən dayanmaq olmurdu.

Deyirlər ki, qız özündə olub, qaçıb çölə çıxıb.

Təbii ki, heç kim hadisə baş verən anı görməyib. Bunu ancaq qızla oğlan deyə bilər. Amma ilkin olaraq belə təxmin edilir ki, əvvəlcə tok qızı vurub, oğlan isə onu xilas etmək istəyərkən gərginlik ona keçib.

Oğlanı məhəllədə hamı yaxşı biri kimi tanıyır. Atası da bir il bundan qabaq rəhmətə gedib. Anası hazırda ağır xəstədir. Heç xəstəxanaya oğlunun yanına aparılmayıb.

Oğlanla qız qonşu idilər. O qədər yerlər var ki, ora getmək yerinə, bura giriblər. Bura girmək əzrayılın yanına getmək kimi bir şeydir. Düzdür, qələt edib giriblər ora. Qızın nə işi var orada? Amma qismətdir da, belə bir faciəvi hal yaşanıb”.

Qonşuların bildirdiyinə görə, oğlanla qız bir neçə ildir ki, bir- birlərini sevirlər: “Orta məktəbdən bir- birini istəyiblər. Kim bilərdi ki, belə hadisə baş verə bilər”.

Qeyd edək ki, hazırda qızın vəziyyəti bir qədər yaxşılaşıb. Ailəsi onu yanıq mərkəzinə aparıb. Oğlan isə hazırda 1 saylı Şəhər Kliniki (Semaşko) Xəstəxanasındadır. Ona I+qan lazımdır. Yaxınları yardımsevər insanlara müraciət edərək imkanı olanlardan onun müalicəsinə yardım etməyə çağırıblar:

“Oğlanın atası yoxdur, anası da xəstədir, biz qohum-qonşular gücümüz çatan köməkliyi edirik. Amma imkanlı insanlar onun tez sağalması üçün yardım edə bilərlər”- deyə Fəqanın qohumları ictimaiyyətə müraciət edib.