Ali məktəbdə oxuyanda çox görkəmli alimlərimizdən birinin dilindən eşitmişdim bu hadisəni. Müəllimim söyləmişdi ki, ötən əsrin böyük fiziklərindən biri - Albert Eynşteyn nisbilik nəzəriyyəsini kəşf edəndən sonra bu nəzəriyyəyə münasibətlər müxtəlif olur.
Bir çoxları onun bu kəşfini qəbul etmək istəmir, bəziləri isə ümumiyyətlə anlaya bilmirdi. Bütün dövrlər kimi o zaman da Albert Eynşteynin tərəflarları və ona əks düşüncəli insanlar olub. Bir gün həmin əks düşüncəli insanlardan birinə sual verirlər ki, "Siz Eynşteynin "nisbilik nəzəriyyəsi" barədə nə fikirdəsiniz?". Həmin insan da cavab verir ki, "Mən Eynşteynə nisbətən bu məsələlərə o qədər də mürəkkəb baxmıram. Sadə baxıram"...
Bu hadisəni xatırlatmaqda məqsədim heç də Eynşteynin "nəzəriyyəsi" ətrafında müzakirə açmaq deyil. Sadəcə bu görkəmli alim öz zamanını çox tez qabaqlamışdı deyə daha çox tənqidlərə məruz qalırdı.
Azərbaycan ədəbiyyatının böyük yazıçısı İsa Muğanna da artıq neçə gündür ki aramızda yoxdur. Böyük yazarın haqqa qovuşması sanki onun əsərləri haqqında ətrafında cızma-qaralar edərək, İsa Muğanna adı ilə gündəmə gəlmək istəyənlərə bir fürsət verdi.
İsa Muğanna Azərbaycan insanı üçün təkcə bir ədəbiyyat adamı, yazıçı deyildi. İsa Muğanna öz düşüncələri, həyata və dünyaya fərqli baxışı ilə çoxları uçun məchul, coxları üçün maraqlı, bir çoxları üçün isə sadəcə gözəl insan idi. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin onu "Ustadım" adlandırması da təsadüfi deyil. İsa Muğanna Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni baxış və yeni düşüncə tərzi gətirən nəhəng yazıçı idı. Bunu heç kim inkar edə bilməz və inkar etsə belə olduqca cılız görünər.
Sadəcə ortada başqa bir həqiqət var. Bəzən həyatda "Zamanı vaxtından əvvəl qabaqlamaq"- deyilən bir anlayışla rastlaşırıq. İsa Muğannanın Azərbaycan ədəbiyyatına gətirdiyi yeni düşüncə tərzi də belə idi. Onun "İdeal"ı anlamayanlara ona görə çatmırdı ki, "Məhşəri"ya oxumamışdılar, ya da oxumuşdularsa da dərk etməmişdilər.
Bu da bir həqiqətdir ki, Tanrı öz yaratdıqları bəndələrinə dərketməni, böyük fəlsəfi, ruhi düşüncələri eyni səviyyədə vermir.
İsa Muğanna bir ruh adamı, böyük düşüncə sahibi və düşündüyü hər şeyi dərk edə bilən Tanrı qulu idi. Əgər kimsə onun bu baxışını dərk etmədisə artıq bu onun öz düşüncəsinə bağlı məsələ idi. İsa Muğannanı dərk etmək üçün hər kəs "Məhşərə" çəkilməyin nə olduğunu, "Yanar ürək" kimi ürəyin necə yanmasını, "Doğma və yad adamlar" nə qədər doğma və yad olmasını sadəcə sözlə deyil, beyinlə dərk edərək bu əsərləri sadəcə yazılan bir əsər kimi yox, onun hər cümləsində bir böyük fikir dayanan düşüncə kimi öz beyninə hopdurmağı bacarmalıdır.
İsa Muğanna düşüncəsi, baxışları müasir Azərbaycan insanı üçün bir qədər "zamanı vaxtından əvvəl qabaqlamaq" olsa da, tarix və zaman elə hər kəsin qiymətini verir.
İsa Muğanna sağlığında öz dəyərini və qiymətini alan, Azərbaycan ədəbiyyatına öz möhürünü vuran yazıçıdı. Ona atılan daşlar isə bir gün geri qayıdacaq. Sadəcə hər şeydə olduğu kimi, burda da zamana ehtiyac var...
Son xəbərlər
Son Xəbərlər