Paşinyan bu dəfə öz xalqına qarşı soyqırımı edir

pasinyan-bu-defe-oz-xalqina-qarsi-soyqirimi-edir
Oxunma sayı: 11660

Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki davam edir.  “Qafqazinfo” xəbər verir ki, təkcə sentyabrın 27-sindən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan çox  mülki insan həlak olub, 300-dən çox şəxs isə yaralanıb.

Erməni terrorizmi isə bütün dünyanın gözü qarşısında baş verir. Azərbaycanda fəaliyyət göstərən  xarici ölkələrin səfirləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri faşist xislətli Ermənistanın hərbi terroruna məruz qalan Gəncə şəhərinə səfərlərində də bunun şahidi oldular.

Prinsipial olaraq  beynəlxalq təşkilatlar bu məsələdə Ermənistanı qınayaraq dinc əhaliyə qarşı həyata keçirilən bu vandalizmin dayandırılması üçün çağırış etdilər. 

Buna baxmayaraq Ermənistan hərbi siyasi rəhbərliyi yenə də öz çirkin niyyətlərindən əl çəkmir. Demək olar ki, dinc əhalinin yaşadığı məntəqələri atəşə tutmaqda davam edir.

İndi isə bütün cəbhələrdə uduzan Ermənistan dünya birliyini inandırmağa çalışır ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə qarşı guya “soyqırım” planlaşdırır və koronavirus pandemiyası dövründə aparılan hərbi əməliyyatlar bu planın “tərkib hissəsidir”.

Paşinyan rejimi bu yolla Azərbaycana hansısa təzyiqlər etməyi düşünür. Ancaq unudurlar ki, Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki nadir təcrübəsi hər zaman yüksək qiymətləndirilib. Hələ Rum patriarxı I Varfolomey 2003-cü il aprelində Bakıya səfərində respublikamızdakı dövlət- dini konfessiyalar münasibətlərini, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvi olduğunu etiraf etmişdi. Onun sözlərinə görə, Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi də ibadət edə bilir.

Daha sonra Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin respublikaya etdiyi tarixi  səfərdə də eyni amil vurğulanıb. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusilə qeyd etmişdi.

Roma Papası Fransisk də Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırdıb. O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bəşər sivilizasiyasında  müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrdən biri də məhz Azərbaycandır. Ölkəmiz bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

Bu arada bildirək ki,  fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqları qanunvericiliklə də tənzimlənir.  Azərbaycanda isə bu hüquqlar daha üstün şəkildə  konstitusiya təminatı altında qorunur.

Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir.

Azərbaycanın təşkilatçı kimi bir neçə dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Ölkədə 500-dən artıq müsəlman, 34 qeyri-müsəlman dini icma fəaliyyət göstərir, 11 kilsə, 6 sinaqoq mövcuddur. 2003-cü ildə Bakıda açılmış sinaqoq Avropanın ən böyük sinaqoqlarından hesab edilir. Bakının mərkəzində isə erməni kilsəsi yerləşir. Ermənilər isə 30 ildir işğal etdikəri Azərabaycan torpaqlarında milli mədəni, tarixi irsimizə qarşı əsl vandalizm siyasəti həyata keçiriblər. Onlar  işğal olunmuş Azərbaycan ərazilərindəki alban və provaslav kiləsləri erməniləşdirir, məcsidləri isə təhqir edərək heyvan tövlələri kimi istifadə edirlər.

Məlumdur ki, Ermənistan  dünyadakı nadir monoetnik ölkələrdən biridir. Azərbaycan isə heç vaxt monoetnik dövlət olmayıb, ən əsası isə buna can atmayıb. Tariximizə zərrəbinlə baxanlar belə, burada milli-dini zəmində bir ixtilaf, qarşıdurma nümunəsi tapa bilməzlər.  Ermənistan 1988-ci ildən etibarən bu ölkədən 200 mindən artıq azərbaycanlı deportasiya edib, işğal olunmuş ərazilərdən isə 800 minə yaxın azərbaycanlı qovulub. Azərbaycan isə heç vaxt etnik təmizləmə aparmayıb və bu gün də ölkədə 30 mindən artıq erməni yaşayır. Ölkə başçısı  İlham Əliyev dəfələlərlə çıxışlarında vurğulayıb ki, Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisinin hüquqları tam qorunacaq, onlar da Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar.

Bütün bunların fonunda erməni xalqı üçün ən böyük təhlükə Azərbaycandan deyil, Ermənistan rəhbərliyindən və Dağlıq Qarabağdakı terrorçu rejimdən gəlir. Erməni ictimaiyyəti tanınmış nümayəndələri də  Paşinyana müraciət edərək erməni xalqına qarşı soyqırımın dayandırılmasıyla bağlı da çağırış ediblər.

Bu gün “Qarabağda erməni soyqırımı hazırlanır” deyən Paşinyan rejimi anlamalıdır ki, Qarabağda sülhün bərqərar olması yalnız Ermənistanın özündən asılıdır. Amma Paşinyan xalqının yox, öz siyasi ambisiyalarını düşünür.

Bununla da  Ermənistandakı rejim öz xalqına qarşı soyqırım siyasəti yürüdür. Uzun illər azərbaycanlılara qarşı soyqırım həyata keçirənlər bu gün eyni aqibəti öz xalqına da yaşadır. Onlar üçün erməni gəncliyinin məhv olması  yumşaq dillə  ifadə etsək heç veclərinə belə deyil. 

Əgər Ermənistan qan tökülməsini istəmirsə, bir an öncə işğalçılıq siyasətindən əl çəkməli və Rəsmi Bakının əsaslı, ədalətli şərtlərini qəbul etməlidir.

Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq və dözümlülük mühiti var.

Hazırda 27 gündür davam edən Vətən müharibəsində Azərbaycan ərazisində yaşayan azsaylı xalqların nümayəndələri də qürurla ordumuzda xidmət edir. Müdafiə Nazirliyinin qəhrəman əsgərlərimizlə bağlı hazırladığı videomüraciətlərin birində çıxış edən yəhudiəsilli Daniel Zarbayılov Azərbaycanı özünün evi hesab etdiyini vurğulamışdı. O, Vətəni uğrunda son damla qanına qədər döyüşəcəyini fəxarət hissiylə bildirmişdi.

 Milliyətcə rus olan Azərbaycan vətəndaşı şəhid Denis Proninin də qəhrəmanlığı da hər kəsə nümunədir.  O, Vətən hesab etdiyi Azərbaycanı çox sevdiyindən dolayı könüllü olaraq cəbhəyə yollanaraq ölkəsinin ərazi bütövlüyü uğrunda canını fəda edib. Bu cür nümunələr saysız-hesabsızdır.

Odur ki,  Paşinyan rejiminin Azərbaycana qarşı bu  uydurması da elə tarixdə növbəti erməni yalanı kimi qalacaqdır.

Günel Türksoy