“Polis rəisinin söyüşlərindən şoka düşdüm...” - Nigar Köçərli

polis-reisinin-soyuslerinden-soka-dusdum
Oxunma sayı: 12418

Ötən il baş verən oğurluq hadisəsi ilə bağlı bu gün Nəsimi Rayon Polis İdarəsinə çağırılan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli rəis, polis-polkovniki Musa Musayev tərəfindən təhqirlərə məruz qaldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Facebook hesabında yazan N.Köçərli qeyd edib ki, 2015-ci ilin sentyabrında “Əli və Nino” ofisindən 13.216 manat oğurlansa da, oğruları tapmaq mümkün olmayıb. Onun sözlərinə görə, beş ay ərzində Nəsimi rayon Polis İdarəsinə sorğu göndərsə də, sonda rəis müavini Nadir Aslanov və cinayət-axtarış idarəsinin rəisi Orxan Axundzadə ona açıq şəkildə bildiriblər ki, “bizə bu iş maraqlı deyil”.

N.Köçərli Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə və Prezident Aparatına şikayət ərizəsi yazdığını əlavə edib. Baş Prokurorluq şikayətə cavab olaraq bildirib ki, əl izləri ilə cinayətkarı müəyyən etmək mümkün olmayıb və işi dayandırmalı olublar.

Həmin işlə bağlı dünən Nəsimi rayon Polis İdarəsinə çağrılan N.Köçərli ona qarşı münasibətdən şoka düşdüyünü vurğulayıb:

“Kabinetdə rəis Musa Musayevdən başqa, bölmə rəisi Oruc Rzayev və Orxan Axundzadə olub. M.Musayev məndən kobud şəkildə niyə şikayət yazdığımı soruşdu. Mən isə mədəni şəkildə izah etdim ki, başqa yolum yox idi. Cavabında Musa Musayev mənə qışqırdı, təhqiramiz ifadələr işlətdi. Onun qışqırığından və söyüşlərindən şoka düşərək kabinetdən çıxmağa çalışdım, lakin qapını bağlayaraq çıxmağıma mane oldular. Musa Musayev məni dəhşətli sözlərlə təhqir etdi və təhdid edərək kabinetdə qalmağımı tələb etdi”.

Hazırda nə edəcəyini bilməyən “Əli və Nino” kitab evinin sahibəsi hər kəsi ona dəstək olmağa çağırıb.