Prezidentə təbriklər gəlib - Yenilənir

prezidente-tebrikler-gelib
Oxunma sayı: 1540

Malayziya Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaqdır. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

İtaliya Prezidenti Sercio Mattarella:

“Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.

Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.

Cənab Prezident, ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram”.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:

“Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.

Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.

Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir.

Əlbəttə, son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir.

Sizinlə müntəzəm olaraq keçirdiyimiz səmərəli görüşlər və qarşılıqlı dialoq nəticəsində əldə edilən mühüm razılaşmaların tam şəkildə icra olunmasının çoxşaxəli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.

Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yüksək məsuliyyət tələb edən ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə daim əmin-amanlıq, rifah və tərəqqi arzulayıram”.

***

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:

“Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün Azərbaycan xalqının müstəqillik və suveren inkişafla bağlı sarsılmaz iradəsinin rəmzinə çevrilib.

Bu gün Azərbaycan dinamik tərəqqi yolunda inamla irəliləyir, iqtisadi, sosial sahələrdə böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.

Əminəm ki, Sizin ali dövləti vəzifənizdə fəaliyyətiniz Azərbaycan Respublikasının daha da inkişafına və Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxplanlı səmərəli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari:

“Zati-aliləri.

Pakistan İslam Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və qardaş xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Pakistan və Azərbaycan ortaq dini etiqadımız, zəngin mədəni irsimiz və ümumi dəyərlərimizdən güc alan dərin qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. İllər ərzində ikitərəfli əlaqələrimiz qarşılıqlı etimad, anlaşma və
bir-birimizin əsas milli maraqlarına dair məsələlərdə qətiyyətli dəstəyə əsaslanan möhkəm və davamlı tərəfdaşlığa yüksəlmişdir.

Pakistan xalqı Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi mühüm sosial-iqtisadi tərəqqi və rifaha ürəkdən sevinir. Qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə, xüsusən ikitərəfli ticarət, enerji bağlantıları, müdafiə və insanlararası əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə və şaxələndirməyə qətiyyətlə sadiqik.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer:

“Cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla üzləşirik.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu edirəm.

Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram”.

***

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin:

“Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç:

“Hörmətli Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Xorvatiya Respublikası dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da dərinləşəcək.

Xorvatiya Respublikası ümumi əməkdaşlığımızı xüsusən də ticarət və enerji təhlükəsizliyi sahələrində daha da gücləndirməkdə maraqlıdır. İqtisadi əlaqələrimiz böyük əhəmiyyət kəsb edir, xüsusilə Xorvatiya və Azərbaycan şirkətləri arasında daha sıx əməkdaşlığı təşviq etmək və qarşılıqlı investisiyaları artırmaqla mühüm inkişaf potensialına malikdir.

Cənab Prezident, bayram münasibətilə Sizə ən xoş arzularımı bir daha çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq imkanları artmaqda davam edəcək.

Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı bildirim.

Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir, həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram”.

***

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas:

“Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, qardaş Azərbaycan xalqına və hökumətinizə daha böyük tərəqqi, firavanlıq arzulayıram.

Dəyər verdiyimiz ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı səmimi istəyimi bir daha ifadə edir, Fələstin məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyimi bildirirəm.

Sizi və xalqınızı, həmçinin müqəddəs Qurban bayramı münasibətilə təbrik edir və ən xoş salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

***

Bolqarıstan Prezidenti İliyana Yotova:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.

Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji”nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.

Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.

Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”.

***

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu:

“Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy, xalqınız həmişə sülh və firavanlıq içində yaşasın”.