Prezidentin qan qardaşı

prezidentin-qan-qardasi
Oxunma sayı: 2238

Fransa diplomatiyasının atası sayılan Şarl Moris Taleyran 1836-cı il oktyabrın 1-də, 82 yaşında özünün “Siyasi vəsiyyətnaməsini” tərtib edərək yazır: “Mən axırıncı saatıma qədər xatırlayacağam ki, Napaleon Bonapart mənim himayədarım olub, qazandığım saysız var-dövləti vəsiyyət edirəm bacım uşaqlarına, hansı ki, çox böyük hissəsi mənə ondan qalıb. Mənim bacım, qardaşım uşaqları nəinki Napaleonu unutmamalı, əksinə öz uşaqlarına və onların uşaqları da öz uşaqlarına, kimlər doğulacaqsa, onlardan sonra mənim ailəmdə nəsildən-nəsilə xatırlatmalıdır ki, əgər hansısa şəxs Bonopart familiyası daşıyırsa, həmən şəxsə kömək və arxa durmaq lazımdırsa, mənim törəmələrim dərhal onlara hər tərəfli yardımlar etməlidirlər. Ancaq bu yolla mənim törəmələrim mənə minnatdarlıq göstərərək ruhumu şad edə bilərlər”.

Görəsən, nəyə görə saysız-hesabsız hökümət başçılarından, çinovniklərdən fərqli olaraq o, Napaleon üzərində belə bərk və qəti qərar verir öz nəslinə, hansı ki, onu dəfələrlə satmışdı?!

Bütün karyerası boyu ancaq və ancaq satqınlıq mövqeyi tutaraq böyük titullar və var-dövlət əldə edən Taleyran 2 dəfə Napaleona xəyanət edir.
1808-1813-cü illərdə bu xəyanəti məxfi şəkildə edərkən sonralar, 1814-cü ildə açıq-aşkar bəyan edərək, imperatorun düşmənləri tərəfə keçir. Hansı ki, Napaleon onu xarici işlər naziri, knyaz, hersoq Beneventski və s. kimi titullarla təmin edərək bütün Avropada şan-şöhrət qazandırmışdı. Bundan əlavə Taleyran ilə 650 min qızıl frankla maaş alırdı. Müqayisə üçün xatırlayaq ki, Paris şəhərində adi fəhlə ailəsi ilə 1500 frank qazanırdı ki, bu da o dövr üçün yaxşı yaşamağa bəs edirdi. Təbii ki, bu qanunu gəlirlərdən əlavə, Taleyranın gizli gəlirləri də olurdu ki, burada artıq söhbət milyonlardan gedirdi. Napaleon Avropa dövlətlərini qəsb edən zaman vassala dönən dövlətlərin çinovnikləri, imkanlı knyazları, monarxlar və digər saysız-hesabsız imkanlı söz sahibləri Napaleon sarayına yaxın düşmək üçün yollar arayırdılar. Napaleonun isə heç vaxtı belə olmurdu onları qəbul etməyə. Təsəvvür etmək olar ki, Taleyran üçün bu ərəfələrdə hansı ağlagəlməz imkan yolları açılırdı.

Robert Livinqston ABŞ dövləti adından Fransa ilə “Ticarət müqaviləsi” imzalayarkən Taleyranın cibinə 2 milyon qızıl frank qoymuşdu.
Digər adi bir fakt - Napaleon Avstriya ilə sülh bağlayarkən şəxsən Taleyrana əməyinə görə, 300 min qızıl frank bağışlamışdı, lakin bundan gözü doymayan Taleyran eyni vaxtda Avstriya imperatoru Fransdan 400 min qızıl frank qoparmışdı.

Hətta 1801-ci ildə qəfildən əldə edilmiş lyunvil sülh sazişinə görə, 15 milyon əldə etmişdi. Hansı ki, həmin 15 milyonun 7.5 milyonunu (yarısını) hələ “sülh danışıqları” gedərkən avans formasında almışdı. Yəni bu kimi saysız hesabsız əməliyyatlar nəticəsində Taleyran dünyanın ən imkanlı, dövlətli şəxslərindən birinə çevrilmişdi. Təbii ki, özünün də qeyd etdiyi kimi Napaleonun hesabına.

Taleyran öz “siyasi vəsiyyətnaməsində” qeyd edir ki, mən Napaleonu çox sevirdim, lakin Fransanın gələcəyi ilə Napaleon arasında seçim etmək zorunda qalanda, mən təbii ki, Fransanı seçdim. Lakin Taleyran nədənsə bu seçimə qazandığı milyonları qatmamışdı. Çünki qazandığı milyonlar hər iki faktordan üstün idi onun üçün.

Çox təəssüflər olsun ki, bugünkü Fransa dövlət strukturlarında “Taleyrançılıq” ideologiyası hökmranlıq edir.

“Taleyrançılığı” Fransa-Azərbaycan-Türkiyə münasibətlərində açıq-aşkar sezmək yox, görmək olur. Mənfur “erməni soyqırımı” cəfəngiyyatında “Taleyrançılıq” açıq-aşkar özünü biruzə verir. Xırdalamağa ehtiyac yoxdur, hər şey göz önündədir. Lakin Fransa dövlətinin baş bilənlərindən tutmuş, adi vətəndaşlarına qədər insanlar bilməlidirlər ki, Fransa ilə türk milləti “qan qardaşdırlar”. Aralarında çox böyük əhd-peyman nişanəsi vardır.

Fransa dövlətinin fəxri olan Şarl de Qollu bütün dünya tanıyır. İki dünya müharibəsində iştirak etmiş bu cəsur general və siyasətçi öz adını Fransa tarixinə qızıl hərflərlə yazdırmışdır. Onun “Qollizm” ideologiyası bu gün də Fransa siyasətində böyük rola malikdir. Vətənpərvərlik, cəsurluq, dostluğa ağlagəlməz dərəcədə sədaqət Şarl de Qolun qanında idi. Onda olan mərdlik və alicənablılıq o dərəcədə yüksək səviyyədə idi ki, təsəvvür edin ki, 2-ci dünya müharibəsində o almanlarla vuruşmasına baxmayaraq, çox böyük güzəştə gedərək 1949-cu ildə Almaniya Federativ Respublikasının yaranmasına razılıq verir. Nəticədə Almaniya qısa müddətdə öz iqtisadiyyatını quraraq, yenidən Avropanın aparıcı dövlətlərindən birinə çevrilir.

Şarl de Qollun müsbət xüsusiyyətləri haqqında çox danışmaq olar, lakin onun dostluq naminə konkret öz partizan dostuyla “əhd-peymanına” görə, Fransa dövlətinin siyasətində elə “məxvi diplomatik gedişləri” olub ki, indinin özündə də “siyasət əhli” bunları çözməyə çalışırlar. Lakin heç nə əldə edə bilmirlər. Bu “diplomatik sirri” açıqlamaq üçün bəzi mətləblərə nəzərə salmaq lazımdır.

Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov əslən Şəki rayonunun Oxud kəndindəndir. Fransa müqavimət hərəkatının ən görkəmli nümayəndələrindən biri, Fransanın milli qəhrəmanı olan bu şəxs Şarl de Qolla çiyin-çiyinə faşistlərə qarşı vuruşmuşdur. Əhmədiyyə Cəbrayılovun həyat yolu ən dahi yazıçıları belə heyrətə gətirəcək fantaziyalarla doludur. Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun dostluğu hardasa 1943-cü ildən başlayır. Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montaban həbs düşərgəsində o, 4167 nömrəli əsir olarkən, vərəm xəstəliyinə düçar olur. 1943-cü ildə həbsxana komendatının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək madam Jannnanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra fransız dilini öyrənərək partizanlara qoşulur.

Əhmədiyyə Cəbrayılovun öz dilindən çıxan sözləri qeyd edək: “Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa keçdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”. De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Əhmədiyyə SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Əhmədiyyə Cəbrayılov dostlarla söhbətində qeyd edir ki, Şəkidə evdə idim. Qəfildən iki nəfər gəldi ki, yığış gedirik. Heç imkan vermədilər ki, evdəkiləri məlumatlandırım ki, məni aparırlar.
Bu əhvalat 1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRİ-yə səfəri zamanı baş verir. Sən demə De Qoll öz dostu Əhmədiyyəni görmək üçün SSRİ-ilə “yaxınlaşmaq” kursu götürür.

SSRİ-yə səfər ərəfəsi, sovet rəhbərliyindən xahiş edir ki, təyyarənin trapında onu qarşılayacaq şəxslər arasında Əhmədiyyə Cəbrayılov da olsun. Lakin De Qoll xatırlaya bilmir ki, Əhmədiyyə əslən haradandır? Təsəvvür edin ki, bütün Sovetlər Birliyində, Respublikalarda Əhmədiyyə Cəbrayılovu axtarıb, ən nəhayət, onu Şəkidə tapırlar.
Şəkidən onu götürüb təyyarə ilə gətirirlər Moskvaya. Heç bir söz demirlər ki, nə baş verir. Moskvada onu hamama göndərib əyin başına əl gəzdirəndən sonra tək bircə kəlmə deyirlər ki, Sovet hökümətinin əleyhinə pis şey demə. Həm də deyərsən ki, hökümət sənə hər cür şərait yaradıb və s. Nə görüş, nə də kiminlə görüşəcəyi barəsində heç bir söz demirlər. Onu maşına oturdub Kremlə gətirirlər.

Lakin onların görüşü təyyarə trapında deyil, Kremldə baş tutur. Şarl de Qollu görən Əhmədiyyə Cəbrayılovun az qalır həyəcandan ürəyi getsin. 11 gün De Qoll Moskvada rəsmi səfərdə olaraq öz dostu Əhmədiyyə ilə birgə istirahət edir. Dünya isə De Qollun SSRİ-yə səfərindən qəribə məlumatlar əldə edirdi. Axı görünməmiş hadisə baş verirdi. Harda görünmüşdü ki, dünyanın aparıcı dövlətlərindən birinin prezidenti 11 gün hansısa bir dövlətdə rəsmi səfərdə olsun.

Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların-türklərin şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirərək qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. Və son cümləsində xüsusilə fərqlənəcək, hətta ürəyi daş sovet rəhbərlərini riqqətə gətirəcək bir söz deyir: Mən bu türk oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim. De Qollun bu sözündən sonra Anastas Mikoyanın sifətinin necə qaraldığını Əhmədiyyə Cəbrayılov həmişə xüsusi olaraq vurğulayırdı. Təbii ki, Əhmədiyyə bu sözləri ancaq simsar adamların yanında deyərdi...

De Qoll öz dostu olan Əhmədiyyənin xatirinə həmişə beynəlxalq aləmdə SSRİ-ni müdafiə edirdi. Əhmədiyyənin xatirinə Fransa NATO blokundan çıxır, dolların beynəlxalq hesablamalarda tətbiqindən imtina edir və qızıla keçir. Bütün bunları De Qoll 11 günlük SSRİ səfərində şəxsən Əhmədiyyəyə deyir. De Qoll ancaq bu yolla dostunun yaxşılıqlarını onun vətəninə yaxınlaşmaqla ödəyirdi. Lakin həmin dövr, zaman başqa idi. Onda Azərbaycan müstəqil deyildi.

Şükürlər olsun ki, 20 ildir Azərbaycan müstəqillik əldə edib. Çox təəssüflər olsun ki, De Qoll kimi dahi şəxsiyyət öz dostunun əsil vətəninin müstəqilliyini görə bilmədi. Haradasa düşünmək olar ki, məhz onun ideyalarını dəstəkləyən Fransa siyasətçiləri, De Qollun ruhu şad olsun deyə “Mənfur erməni soyqırımı” cəfəngiyyatını rədd etdilər.
Bu gün Əhmədiyyə Cəbrayılov kimi bir insan da artıq aramızda yoxdur. Lakin onun ruhu bugün də Fransa-Azərbaycan dostluq münasibətlərində, şübhəsiz Fransa Konstitusiya Şurasının məlum qərarından şad olur.

Dahi fransız yazıçısı A. Düma, Əhmədiyyə və De Qollu gələcəkdə birləşdirəcək bir “ilham pərisi” olub. Aleksandr Düma özünün məşhur “Qafqaz səfəri” əsərində yazır: “Bazar və şəhəri xeyli gəzdik. Elə bil ürəyimizə dammışdı ki, daha Nuxadan (Şəki) gözəl bir yer görə bilməyəcəyik”. Yazıçı Qafqazı bəşəriyyətin beşiyi adlandırır. Xüsusən Azərbaycan, onun təbiəti və insanları yazıçının ürəyində dərin iz salır “Nə olaydı bu yerlərə gəlmək qismət olaydı”-deyir.

A.Dümanın bu xoş xatirələri Əhmədiyyə və De Qollun dostluğu heç də təsadüf deyil, əksinə böyük Allah belə yazıb ki, bu iki xalq qardaş olmalıdır. Şübhəsiz ki, A. Dümanın bu əsərini Şarl de Qollun Əhmədiyyə Cəbrayılov ilə dostluğunu Fransada çoxları bilir. Təəssüf ki, indiki Fransa hakimiyyəti dairələrində A. Dümanın, Şarl de Qollun miras qoyduğu yolla deyil, Taleyrançılıq yoluyla gedənlər çoxdur.

İstəməzdik ki, indiki Fransa başbilənləri də 82 yaşına çatanda öz nəsillərinə vəsiyyət etsinlər ki, azərbaycanlıları, türkləri biz çox sevirdik, onların dostluqda tayı-bərabəri yoxdur. Onların törəmələrinə hörmət, köməklik edin və s.

Bizlər istərdik ki, Azərbaycan-Fransa əlaqələri o dərəcədə səmərəli olsun ki, De Qollun, Əhmədiyyənin, Dümanın ruhları şad olsun. Düma öz əsərində Şəkidə zurnaçıların yanındakı “züy tutan”ların nə məqsədə qulluq etmələrini başa düşmədiyini yazırdı. Axı deyəsən yazıçının 154 il əvvəl gördüyü “züy tutan”lar indi də Fransada “peyda” olublar?..

Adil Əliyev, Milli Məclisin üzvü

İstifadə olunan ədəbiyyatlar:

1. Akademik E.V.Tarle “Taleyran” 1957-ci il
2. Aleksandr Düma (Ata) “Qafqaz səfəri”
3. Şarl de Qoll və Əhmədiyyə Cəbrayılovun internet materialları