“Pul əvəzinə brilyant tapança verdim” - Maqsud Mahmudov

pul-evezine-brilyant-tapanca-verdim
Oxunma sayı: 7962

Dələduzluqda təqsirləndirilən iş adamı Maqsud Mahmudovun məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmişlər dinlənilib.

Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı İlham Kərimov ifadəsində bildirib ki, Mahmudov 57 min manat verəcəyi vədi ilə ondan 32 ədəd qızıl sikkə alıb:

“Bu günə qədər də sikkələrin pulunu verməyib. Maqsud Mahmudovu 10 ildən artıqdır ki, tanıyıram. Buna görə etibar etmişdim. Əvvəl söz verdi ki, bir ay ərzində pulu ödəyəcək. Sonra eşitdim ki, Ukraynaya gedib”.

M.Mahmudov zərərçəkmiş şəxsin ifadəsi ilə razılaşmayıb. O bildirib ki, qızıl sikkələrin əvəzinə İlhama brilyant tapança verib: 

“Ondan beşlikləri almazdan üç gün əvvəl görüşümüz oldu. Həmin vaxt İlhama 28 min manat dəyərində brilyant tapança verdim, bununla da əvəzləşmiş olduq".

Zərərçəkmiş şəxs Mahmudovun dedikləri ilə razılaşmayıb və həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını deyib.

Növbəti proses fevralın 21-ə təyin olunub.

Qeyd edək ki, ötən il beynəlxalq axtarışa verilmiş M.Mahmudov Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M.Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir. Cinayət işi üzrə 91 zərəçəkmiş var. Zərəçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.

Amin Nəzərli