“Qaçanda ailəmin yanına çata bilmədim, həyətdə uzandım” - Video

qacanda-ailemin-yanina-cata-bilmedim-heyetde-uzandim
Oxunma sayı: 8633

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Mərmi düşən həyətlərdən biri kənd sakini Taryel Abdullayevə məxsusdur. Bu zaman mərmi onun həyətində yerləşən hər iki evi dağılıb.

T. Abdullayev “Qafqazinfo”ya bildirib ki, atışma başlayan zaman ailəsini evin arxasındakı tikilidə gizlədib: “Atışma başlayanda saat 4 radələri olardı. Hər kəs evdə idi. Ailəmi oyatdım. Atışmalar getdikcə şiddətlənirdi. Saat 5-in yarısı idi. Onları arxadakı tikilidə gizlətdim. Özüm bayıra çıxdım. Saat 5-ə qalmışdı. Hiss elədim ki, atırlar. Darvazanı örtüb evə qaçanda ailəmin yanına çata bilmədim. Tez həyətdə yerə uzandım. Həmin vaxt mərmi düşdü. Bir dəqiqə sonra da 50 metr arxadakı digər evə düşdü. Həyətimizdə iki ev var və mərmi ikisini də dağıtdı.

Atışma güclənəndə uşağı götürüb bir az uzaq əraziyə apardım. Bura atırlar, baxma, bizə də dəyə bilərdi. Şükür Allaha ki, heç kimə bir şey olmadı”.

Kənd sakininin sözlərinə görə mərmilərdən biri digəri qonşusu Dilman Səfərovun evinə düşüb: “Onlar işlə bağlı Bakıdadır. Həmin vaxt xoşbəxtlikdən evdə heç kim olmayıb”.

Emin Səfərov

Foto: Pərvin Zeynal