Qardaşlıq sınağa çəkiləndə - AŞPA-da niyə susdunuz?

qardasliq-sinaga-cekilende
Oxunma sayı: 1067

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana dair qəbul etdiyi son qətnamə bu qurumun uzun illərdir ölkəmizə münasibətdə nümayiş etdirdiyi qərəzli, selektiv və siyasi motivli yanaşmanın davamından başqa bir şey deyil. Beynəlxalq hüququn fundamental prinsiplərinə və obyektivlik meyarlarına əsaslanmaq əvəzinə, AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi sənədlər əksər hallarda ikili standartların, siyasi təzyiq mexanizmlərinin və geosiyasi maraqların təsiri altında formalaşmış qərarlardan ibarə olur. Bu reallığı Azərbaycan cəmiyyəti anlayır və AŞPA-nın əsl sifətinin nədən ibarət olduğunu yaxşı bilir.

Bu dəfə Azərbaycan cəmiyyətini müzakirələr zamanı ikiüzlü Avropa qurumunun yox, strateji müttəfiqimiz, qardaş ölkə Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin nümayiş etdirdiyi mövqe dərindən sarsıtdı, incitdi.

Öncə onu vurğulayaq ki, bütün dünya Azərbaycan və Türkiyə münasibətlərinin klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini əhəmiyyətli dərəcədə aşdığını qəbul edib. Hər iki ölkə arasında siyasi, hərbi, iqtisadi və təhlükəsizlik sahələrində formalaşmış əməkdaşlıq regional geosiyasi proseslərin mühüm elementlərindən birinə çevrilib və “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulub. Bu ifadə ortaq tarixə, mədəniyyətə, qardaşlığa və qarşılıqlı etimada söykənən strateji münasibətlərin təcəssümüdür. 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Türkiyənin Azərbaycana verdiyi açıq siyasi və mənəvi dəstək bu qardaşlığın nə qədər möhkəm olduğunu bütün dünyaya göstərdi. Türkiyədə 2023-cü ilin dağıdıcı zəlzələləri zamanı Azərbaycanın güclü dəstəyi fonunda bütün dünya qardaşlığın əsl nümunəsinə şahid oldu. Köhnə avtomobilinin damına evində nə var toplayaraq Türkiyəyə kömək üçün üz tutan azərbaycanlı Sərvər Bəşirlinin görüntüsü isə milyonlarla insan üçün iki xalq arasındakı qardaşlığın qəlbləri duyğulandıran simvoluna çevrildi. Həmin günlərdə Azərbaycan dövləti bütün imkanlarını səfərbər etdiyi kimi, sadə vətəndaş da əlində olanı qardaş ölkə ilə bölüşməyi özünün mənəvi borcu hesab edirdi. Belə nümunələri nəzərə aldıqda Azərbaycan cəmiyyətinin Türkiyədən eyni səviyyədə siyasi həmrəylik gözləməsi tamamilə təbii və əsaslıdır.

Beynəlxalq münasibətlər nəzəriyyəsi göstərir ki, strateji tərəfdaşlıq yalnız ikitərəfli müqavilələr və siyasi bəyanatlarla məhdudlaşmır. Müttəfiqlik münasibətlərinin mühüm göstəricilərindən biri tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını nə dərəcədə ardıcıl müdafiə etməsidir.

Amma qardaş ölkədən bunu görmədik. Türkiyə nümayəndə heyətinin rəhbəri, eyni zamanda AŞPA sədrinin müavini Yıldırım Tuğrul Türkeş də daxil olmaqla nümayəndə heyətinin bütün üzvləri Azərbaycanla bağlı müzakirələrdə sözün həqiqi mənasında ağzına su alıb oturdu. Türkiyə AŞPA-da geniş nümayəndə heyəti ilə təmsil olunur. Onların heç olmasa bir deputatının Azərbaycana qarşı açıq-aşkar qərəzli yanaşmaya etiraz etməsi, Assambleya tribunasından obyektiv və prinsipial mövqe ortaya qoyması mümkün idi. Təəssüf ki, belə olmadı...

Digər diqqət çəkən məqam komitə mərhələsində CHP-ni təmsil edən deputat Yunus Emrenin Azərbaycana dair hesabatın lehinə səs verməsidir. Onun adının son dövrlərdə FETÖ ilə bağlı müxtəlif ittihamlar kontekstində ictimai müzakirələrdə hallandırılması bu məsələyə əlavə siyasi həssaslıq qazandırır. Burada söhbət yalnız bir deputatın səsverməsinə yönəlməməlidir. Daha geniş siyasi kontekstdə baxdıqda, CHP-nin bəzi nümayəndələri müxtəlif dövrlərdə Azərbaycanın maraqları ilə üst-üstə düşməyən mövqelər nümayiş etdirib. Bu baxımdan son hadisə müəyyən siyasi ardıcıllığın tərkib hissəsi kimi də nəzərdən keçirilə bilər. CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun Türkiyədə sonuncu prezident seçkiləri kampaniyası dövründə açıqladığı xarici siyasət konsepsiyası unudulmayıb. Həmin sənəddə Türkiyənin regional prioritetləri sadalanarkən Azərbaycanın yer almaması həm hər iki ölkədə geniş müzakirələrə səbəb olmuşdu. Halbuki Azərbaycan iki ölkə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri baxımından Türkiyənin ən yaxın tərəfdaşlarından biridir. Ona görə də partiyanın bəzi nümayəndələrinin son davranışlarının təsadüfi hadisə kimi deyil, müəyyən siyasi yanaşmanın ayrı-ayrı təzahürləri kimi qiymətləndirilməsi mümkündür.

Fəqət AŞPA-dakı son davranışlara yalnız bir partiyanın daxili siyasəti prizmasından yanaşmaq düzgün deyil. Regionda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə ittifaqının güclənməsini istəməyən müxtəlif siyasi mərkəzlərin fəaliyyətini də intensivləşdirib. İki qardaş ölkə arasında etimadın zəiflədilməsi, ictimai rəydə qarşılıqlı inamsızlıq yaradılması və beynəlxalq platformalarda siyasi koordinasiyanın sarsıdılması istiqamətində cəhdlərin mövcudluğu istisna edilə bilməz. Türkiyənin siyasi institutlarının, hakimiyyət dairələrinin və dövlət strukturlarının bu cür meyilləri diqqətlə izləməsi, onların mümkün nəticələrini düzgün qiymətləndirməsi və strateji müttəfiqlik münasibətlərinə xələl gətirə biləcək tendensiyalara qarşı həssas yanaşması xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət təkcə ayrı-ayrı parlamentarilərin mövqeyindən deyil, uzun illər ərzində formalaşmış geosiyasi tərəfdaşlığın qorunmasından gedir.

Azərbaycanın xarici siyasət praktikası göstərir ki, rəsmi Bakı Türkiyənin milli maraqlarına toxunan məsələlərdə beynəlxalq platformalarda ardıcıl dəstək ortaya qoyub. Türkiyənin milli maraqlarına toxunan bütün fundamental məsələlərdə Azərbaycanın ardıcıl siyasi dəstək nümayiş etdirməsinin ən yaddaqalan nümunələrindən biri Prezident İlham Əliyevin 2014-cü ildə səsləndirdiyi “Türkiyə burada yoxdursa, mən buradayam” ifadəsidir. Bu ifadə artıq təkcə diplomatik tariximizin deyil, bütövlükdə Azərbaycan-Türkiyə strateji münasibətlərinin siyasi manifestinə çevrilib. Avropa İttifaqının yüksək tribunasından Ermənistanın o zamankı prezidenti Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirərkən, qardaş ölkənin nümayəndələrinin iştirak etmədiyi bir mühitdə Azərbaycan Prezidenti qətiyyətlə söz alaraq Ankaranın mövqeyini müdafiə etdi. Bu sadəcə bəyanat deyildi; rəsmi Bakının Türkiyənin milli maraqlarını öz maraqları qədər əziz tutduğunu isbatlayan siyasi mövqe idi. Sonrakı illərdə də Azərbaycan diplomatiyası bütün beynəlxalq platformalarda bu prinsip üzərində quruldu, Türkiyəyə qarşı yönələn əsassız ittihamların qarşısında susmadı.

Məhz buna görə bu gün Azərbaycan cəmiyyətinin sualı tamamilə haqlıdır: Azərbaycan hər dəfə Türkiyənin yanında dayanarkən, Türkiyənin parlament nümayəndələri niyə Azərbaycana qarşı açıq siyasi haqsızlıq qarşısında eyni prinsipiallığı nümayiş etdirmədilər? Strateji müttəfiqlik birtərəfli anlayış deyil. O, qarşılıqlı siyasi məsuliyyət, etimad və ən çətin məqamlarda nümayiş etdirilən həmrəylik üzərində qurulur. Əgər bu həmrəylik beynəlxalq platformalarda görünmürsə, bu, istər-istəməz həm Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır, həm də iki ölkənin müttəfiqlik münasibətlərindən narahat olan dairələr üçün əlavə manipulyasiya imkanları açır. Regional və qlobal çağırışların artdığı indiki mərhələdə Azərbaycan və Türkiyənin beynəlxalq platformalarda vahid siyasi mövqedən çıxış etməsi təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının geosiyasi maraqlarının müdafiəsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan cəmiyyəti Türkiyədən hər zaman olduğu kimi səmimi, açıq və qətiyyətli dəstək gözləyir. Bu gözlənti hansısa siyasi tələb deyil, illərlə formalaşmış qarşılıqlı etimadın, ortaq mübarizənin və qardaşlıq ruhunun təbii nəticəsidir. AŞPA-da yaşanan susqunluğun təsadüfi diplomatik epizod kimi qalması, gələcəkdə isə hər iki ölkənin beynəlxalq platformalarda yenidən əvvəlki həmrəyliyi nümayiş etdirməsi həm dövlətlərin, həm də xalqların maraqlarına xidmət edər. Çünki qardaşlıq yalnız eyni sevinci bölüşmək deyil, çətin günlərdə də eyni sözün, eyni mövqenin və eyni prinsipin arxasında dayanmaqdır...

Elman Babayev