“Qarın, nəfs ehtirası və 21-ci əsr texnikanın gücündəki faciə”
Çox kədərliyəm, çox... Axı necə kədərlənməyim?
Həmişə gəlib onların bəxtə-xuda 3-5-ni aparırdılar. Bu dəfə hamısını birdən apardılar. Necə oldu bilmirəm... Axı necə oldu mən onları qoruya bilmədim? İndi məsələni sizə təfərrüatı ilə danışacağam. Xahiş edirəm diqqətli olun ki, mənim fəryadıma cavab verib, bunun necə baş verdiyini biriniz deyəsiniz. Bəs mən bundan sonra mahnılarımı kimin üçün oxuyub, konsertlərimi necə verəcəyəm?
Əzizlərim, əvvəlcə özümü sizə təqdim edim. Mənim adım Greendeerdir. Dostlarım çox vaxt adımı qısaldaraq Green deyirlər. Yüngül atletikada uzunluğa tullanmaq üzrə çox bacarıqlıyam. Eyni zamanda gözəl səsim var. Adətən gecələr hamı səssizliyə çəkiləndə səsimi başıma atıb qonşularımı feyziyab edirdim. Qonşular demişkən, eşitmişəm ki, hansısa lənətlənmiş bir ölkədə deyirlər ki, qonşun pisdir, köç qurtar. Amma mənim köçməyimə ehtiyac yoxdur, onsuzda vaxtı gələndə adamlar gəlib onları aparırdılar. Yəni narahat olmağıma heç bir səbəb yox idi. Əslində bilirsiniz necədir? Heç onlar o qədər də pis qonşu da deyildilər. Bəziləri getdikdən sonra xiffət etdiyim də olurdu. Yandığım odur ki, indi hamısını apardılar və aralarında mənim dostlarım da vardı. Heç o biriləri də pis deyildi. Pis tərəfləri o idi ki, unutqan idilər. Yaxşılığı çox tez unudurdular. Mənim də əsəblərim bəzi hallarda buna tab gətirmirdi. Axı səbrin də bir həddi var. Amma indi “Tanrı buna görə sizi cəzalandıracaq” dediyim üçün çox peşmanam. Hansı yaxşılığımı unutduqlarını indi sizə deyəcəyəm. Onu da deyim ki, yaxşı tərəfləri o idi ki, onlar hətta pisliyi də tez unudurdular. Bəzən coşub oxumaqdan səsim tutulub, onları feyziyab edib, yatdıqları vaxt yerlərindən dəngəsər edəndə çox əsəbləşsələr də, az müddət sonra bunun adını tutub, heç vaxt mənim bu yaşıl, xallı üzümü qızartmazdılar. Söhbət oldu-bitdi. Belə mərd idilər. Onların adını sizə deməyi unutdum. Çox idilər, amma gəlib apardılar, həm də hamısını. Başa düşürsünüz? Deyirəm ki, hamısını. İndi onların balalarına kim baxacaq? Necə böyüyəcəklər? Ümumilikdə onlar iki nəsilə bölünür; Cyprinus Carpio və Cyprinidae nəslindən olanlar deyə adlanırdılar. Xatırlayıram, onları ilk dəfə bura Asiya ölkələri, Maleziya, Sinqapur tərəfdən gətirmişdilər. Ana vətənləri oralardır. Bura gətiriləndə çox kiçik idilər. Yaşlıları da zamanla öldü. Əslində 100 ilə kimi ömürləri olduğu deyilsə də, çox vaxt 50-40 ildən o tərəfə keçmirdilər.
Uzunqulaq: Sən sazanlardan danışırsan?
Green: Hə, hə sazanları deyirəm. Bilirsiniz də bizim bu gölün adı Qara göldür. Mən də yarpaqların üstündə oturub baxanda görürəm ki, doğurdan da suyun üzəri qara görünür, dibi görünmür. Amma suyun altından yuxarılar çox şəffaf görünür. Bəlkə də ağacların kölgəsindən suyun üzü qara görünür? Bilmirəm, əsas odur ki, bu bizə yarayırdı. Həmişə balıqçılar sazanları tək-tük ovlayırdılar. Axı onlar suyun istiliyi 30 dərəcədən aşağı düşəndə isinmək üçün suyun altına çökmüş palçığın üstünə sərələnirlər. Öz də hava soyuq idi deyə yatmışdılar.Arada dibləri qarışdırıb, suyu bulandırırdılar. Çox çevik və hərəkətli idilər. Axı necə hamısı birdən ovladılar? Balıqçıların əvvəlcə iki fəndləri var idi. Bir, tilova soxulcan, böcək larvaları taxıb, suya atıb aldatmaqla. Yeri gəlmişkən biraz qarınqulu idilərlar. Sazanlar suyun altında qoymurdular bitki qala. Yeyib doymaq bilmirdilər. O biri fəndləri isə balıqçılar səs çıxarırdılar, səsə çox həssas idilər. Səs eşidən kimi üzə çıxırdılar. Mənim yaxşılığım da onlara o idi ki, danışmışdıq ki, yalnız gecələr konsertimi dinləyəcəklər. Gündüzlər isə qur-qur edib quruldadımsa, ümumiyyətlə heç bir səsə qəti çıxmasınlar. Bilsinlər ki, yenə balıqçılar gəlib, onları tora salmaq istəyirlər. Quruldamağım buna işarə idi. Suyun altında sürü ilə gəzərdilər. Xasiyyətləri belə idi.
At: Dostum, bura bax, min ildən bəridir insanlar onları süni olaraq yetiştirirlər. Sazanlardan müxtəlif bəzəkli balıqlar çoxaldıbla. Bunların ən tanınmışları bir akvaryum balığı olan yapon balığı və Yaponiyada yüz illərdir rəngarəng çeşidləri çoxaldılan koi sazanıdır. Sazanların əti çox qılçıqlı olsa da yaxşı bişirildiyində bu insanlar onu yeməyi çox bəyənirlər. Qışda özlərini, aprel-iyul aylarında da bitkilərə yapışmış yumurtalarını yığıb yeyirdilər. Deyəsən adına kürü deyirlər.
Green: Yox, kürü içlərində olmurdu? Nə bilim, nə isə. Onları kənara qoy, axı bunlar niyə gedib Durusu gölünde 30 kiloluq çəkidə olanları var, onları tutmurlar, mənim 10-12 kiloluq qonşularımı nəsilləmə tutdular?
İnək: Green, niyə elə deyirsən? İnsanlar belədilər. Heyvanlara acımırlar. Bax sən Koreya, Pakistanda yaşasaydın səni də tutub yeyərdilər. Bu sənin xoşuna gələrdi? Durusuda yaşayan yekə sazanlar dostların deyil, ya sən orada yaşamırsan deyə onları tutub yeməlidirlər? At, dillən də! Sənin gözünün qabağında mənim balalarımın anasını kəsib, ətini satıb yemədilərmi? Ya elə sənin özün Türkmənistanda yaxşı qonaq qabağına qoyulan qiymətli ət deyilsənmi? Green, balıqların qarınqulu olduğunu, bitkiləri yeyidiklərini deyirsən. Biz də ot yeyirik. Elədir, sazanlar qurdları, böcəkləri də yeyirlər. Axı özün dedin. Yaddaşları da yoxdur, hətta öz balalarını da tanımayıb yeyirlər. Amma onlar şüursuzdur.
Bu yerdə it dilləndi: Düzdür mən də ət yeyirəm. İnək, bəlkə elə sənin balalarının anasının sümüyünü də mənim qabağıma atıblar, mən də yemişəm. Onu yeməsəm də, balalarının anasını kəsib, öldürmüşdülər artıq. Bunun sənə bir faydası olmazdı. Axı biz ot yeyə bilmirik. Bəs biz nə yeyək? Amma insanlar hər şeyi yeyə bilirlər. Südünüz, pendiriniz, tərəvəzləri var. Hətta yeyiləsi otları da. Bilirsiniz bir ovçunun bir dovşanı vurub yeməsi ilə canavarın dovşanı tutub yeməsinin arasındakı fərq nədir? Ovçu o dovşanı, ceyranı, maralı, əliyi yeməsə də olar, acından ölməz, nəfsindən yeyir. Həm yaradan onları insaf, vicdan, şüur, ağıl-düşüncə deyə şeylərlə mükafatlandırıb. Amma biz yox. Biz, o canavar dovşanı yeməsək acından ölə bilərik. Səncə kim daha çox vəhşidir? Canavar, yoxsa insan? Deməli ağıl da təhlükəlidir. Özündən ağılsızı aldadıb ona faciə yaşada bilərsən. Olmasın bizim ağlımız.
Dovşan dilləndi: Hələ onlar nəinki aclıqdan, ətlərini yemədikləri tülkü, tiquar, vaşaq və s. kimi heyvanları da kəsir, yalnız dərisi, xəzlərində istifadə edib, özləri şuba, heyvanların ətlərini də zooparklara verirlər.
Xoruz dilləndi: Məni də yeyirlər, toyuğumu da, yumurtalarını da. Zoopark dedin yadıma düşdü. İnsanlar delfinləri dənizdən çıxarıb hovuza atır, öz əyləncələri üçün ac saxlayıb, sonra onların müxtəlif hərəkətlər etdiyi təqdirdə yemək verirlər. Sirklərdə ayılara, pələnglərə, hətta şir kimi yırtıcı heyvanlara da belə edib əhilləşdirirlər. Nə var-nə var öz əyləncələri üçün. Sanki musiqi, rəqs etmələri, opera, teatr bunların əylənmələri üçün yetmir. Müsəlman xalqları var ki, ayı dərisini yerə salıb, üstündə namaz qılır. Bizi sözün əsl mənasında hərtərəfli istifadə edirlər.
Pişik sakitcə mırıldandı: Dostlar, bilirsiniz, elə ölkələr var ki, orada özləri üçün seks azadlığından yazıb, mənim kimi pişikləri evlərində çimizdirib, çörək verirlər. Düzdür saxlayıb, əzizləyirlər. Amma cütləşmə dövrümüz gələndə dişilərimizə aparıb iynə vurdurub bizi yeganə həzzimizdən məhrum edirlər ki, balalayıb çoxalmayaq. İtlərə də belə edirlər.
Green: Dostlar, bağışlayın. Mən bilmirdim ki, hamınız dərdlisiniz. Deməli insanlar istəyəndə ilandan da təhlükəli olurlar. Amma içinizdə ən müdrükünüz, biri mənə cavab versin. Mənim sazanlarımı tutmamışdan bir gün öncə, günorta vaxtı yumru şəffaf, başı iplə bağlanmış, cansız bir şey atdılar gölün içinə. O şəffafın içində də elə bu gölümüzün üzü kimi qara, kvadrat, işıq da verən bir şey vardı. Bir xeyli onu gölün dərinliyində qayıqla hərtərəfli gəzdirdilər. Səhərisi gün elə bil sazanlarımı əlləri ilə qoymuş kimi gəlib topluca apardılar. Bu nə ola bilərdi?
Heyvanların hamısı düşünməyə başladı. Heç biri anlamırdı. Birdən ilan fısıldayaraq: Biri mənim adımı çəkdiii? Axı aranızda bir müdrüki mənəm.
Heyvanlar diksindi. Aralaşıb ona yol verdilər.
İlan: Dostlar, qorxmayın. Sizə heç nə edəsi deyiləm. Mən heç insanlara da mənə toxunmasalar heç nə etmirəm. Amma onlar məni də tək özlərini qorumaq üçün yox, tutub öldürüb, dərimdən qadınlarına çanta, ayaqqabı, kişilərinin belinə qayış hazırlayırlar. Dayanın indi deyəcəm o nə idi. Mən də elə o gün bu söhbəti eşidəndən kənddən çıxıb tez-tələsik sürünə-sürünə gölə gəldim ki, həm balıqlara xəbər edəm, həm də su içəm. Amma deyəsən çox gecdir. İndi icazənizlə mən suyumu içib, əhvalatı danışmağa başlayım. (ilan suyunu içib, sonra sözünü davam etdi.) Deməli, gördüm ki, kənd əhli yığışıb domino çırpa-çırpa hamısı düşünüb bir cavab tapmırlar ki, o göldə bir-ikisini tutmaq olursa, deməli balıq var. Zamanında tonlarla balaca balıq tökmüşük ora, onlara nə oldu? Su qaradır görə bilmirik, haralarda gizlənə bilərlər? Bütün el ağsaqqaları düşündü, məşvərət elədi bir qərara gəlib, balıq var-yoxdur öyrənməyin yolunu tapa bilmədilər. Sizcə qara suda balığı necə görüb, tutmaq olar? Bir düşünün, düşünün, düşünün...... Bir xeyli vaxtdan sonra şəhərdən kəndə gəlmiş, uzun burun, burnunun yanında da bir yekə qara ət xalı olan, ona getdiyi yeri xaraba qoyub, bir-birinə vuran, çoxbilmiş Xarya da deyirlər, Xarya qayıtdı ki, “Tapdım. Nə var ki? Bir baka götürün içinə enerjisi tam dolmuş telefonun videosun açıq qoyub, bankanın ağzını balon bağlayan maşınla bağlayın, sonra bankanın başına ip keçirib atın gölün içində yavaş-yavaş qayıqla gəzdirib, hərtərəfli hərləyib çıxardın. Sora videoya baxıb görün balıq var, ya yox. Bu da sizə yol.” Həəə, elə sizə yaxşı eşşək, mal deyirlər e deyirəm. Bəs bütün günü şəhərdən gələnlər belinizə minib, boynunuzdan tutub telefonu əlinə alıb sizinlə şəkil, selfie çəkdirəndə o yekə gözlərin kor, o uzun qulağınız kar idi, ay eşşək, ay mal?
Green: İlan onların ağlı yoxdur, bayaq da dedik. Amma sən hərdən adam, heyvan durduğu yerdə də birdən sancıb zəhərləyib, boğursan axı. Belə danışma. Hamınızın dərdi ilə lap kədərləndim, yenə də sağ ol, ilan. Yoxsa bu maraq da məni öldürəcəkdi. İndi hava qaralır, hamınız yavaş-yavaş dağılışa bilərsiniz. Gəldiyiniz üçün çox sağ olun. Sazanlarımın konsert vaxtıdır. Gecə düşür. Mən kədərimlə bir az baş-başa qalmaq istəyirəm.
İlan fısıldayaraq: Yerinizi dar etdim deyəsən. Qorxmayın gedirəm. Amma bil ki, kədərinə şərikik deyib, oradan sürünərək uzaqlaşmağa başladı.
Digər heyvanlar da ilanın təskinlikverici sözlərini söyləyərək Greenlə sağollaşıb dağılışdılar. Green qara gölün üzərindəki yarpağın üstünə hoppanıb kədərli səslə sakitcə dedi: Onsuzda su qaradır. Onda da görmürdüm sizi, indi də görmürəm, dostlarım sazanlar. Elə bilirəm ki, burada mənimləsiniz. Bu mahnımı sizə həsr edirəm deyib, sakit-sakit, aramla, niskilli quuuurrr-qurr edib, quruldamağa başladı...
P.S. Hekayə heyvanların müdafiəsinə həsr olunub.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.