Qırmızı kələm turşuları süni rənglənir? - Video

qirmizi-kelem-tursulari-suni-renglenir
Oxunma sayı: 616

Sosial şəbəkələrdə yayılan görüntülərdə bazarlarda satılan qırmızı kələm turşularına rəng qatmaq üçün süni boyalardan istifadə edildiyi iddia olunub. Belə ki, səsləndirilən iddialarda İrandan gətirilən boyanın təsiri ilə kələm turşusunun cəmi 3 gün ərzində hazır olduğu deyilib.

“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı ATV-yə danışan satıcılar bildiriblər ki, onlar qırmızı kələm turşusu üçün çuğundurdan istifadə edirlər.

“Turşulara çuğundur əlavə edirik ki, dadlı olsun. Özümün və uşaqlarımın yediyi məhsula boya vuraram? Boyaya ehtiyac yoxdur, çuğundur 50 qəpikdir. 1 dənə çuğundur turşunu qırmızı edir”, - satıcılar bildirib.

Mütəxəssislər isə deyir ki, qida məhsullarında süni boyalardan istifadə insan sağlamlığı üçün təhlükəlidir: “Boyaq maddələri tekstil və sənaye üçün nəzərdə tutulan maddələrdir ki, bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen mənşəli maddələr qrupuna daxil olunub. Həmçinin bu maddələrin istifadəsi insan sağlamlığında, qaraciyər və böyrəklərdə ciddi fəsadlara gətirib çıxara bilər”. 

Hazırda məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) də diqqətindədir. Qurumdan bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: “Rəngləyici xammal və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub”.

Daha ətraflı videomaterialda: