Rəmiş Cəfərovun evinə “qara maskalılar” girib? - DİN-dən açıqlama

remis-ceferovun-evine-qara-maskalilar-girib
Oxunma sayı: 9451

Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq hüquq müdafiəçisinin iddialarına cavab verib.

“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

E.Zahidov Rüfət Səfərov və Zaur Əkbərin döyülməsi iddiasına da cavab verib:

“Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”.

E.Zahidov əlavə edib ki, sürücülər prospektdə yolu bağladıqdan sonra onların Xırdalan şəhərində yaşadıqları müəyyən olunub:

“Abşeron Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə həmin ünvana gediblər. Orada polis əməkdaşlarına qarşı heç bir müqavimət, onların tələblərinə qarşı hər hansı etiraz olmayıb.

Sürücünün Rəmiş Cəfərov polis əməkdaşları ilə birlikdə araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinə gəlib.

Belə olan halda onun evinə hansısa zorla daxilolma, basqına ehtiyac olmayıb. Rəmiş Cəfərov polis əməkdaşları ilə anlaşıqlı vəziyyətdə polis idarəsinə gəlib.

Bəzi qüvvələr iddia edirlər ki, guya onların evinə basqın olunub, “qara maskalılar” soxulub. Bunlar hamısı kimlərinsə bu faktdan öz məqsədləri üçün sui-istifadə etmək cəhdidir. Atası da hazırda 18-ci Polis Bölməsindədir. O da evinə hər hansı basqının olmamasına dair izahat verib və oğlunun hərəkətinə görə tıxacda qalan minlərlə vətəndaşdan üzr istəyib”.

E.Zahidov qeyd edib ki, saxlanılan dörd sürücüdür:

“Amma onlardan birinin-Rəmiş Cəfərovun atası belə bir iddia irəli sürüb. Saxlanılan hər bir sürücü ilə bağlı araşdırma gedir. Sürücülərin heç biri polis idarəsinə dəvət olunarkən müqavimət göstərməyib, etiraz etməyib”.

Murad Əhməd