“Rizvan Talıbovun hazırkı fəaliyyəti birbaşa vətənə xəyanətdir”

“Rizvan Talıbovun hazırkı fəaliyyəti birbaşa vətənə xəyanətdir”
Oxunma sayı: 23051

Azərbaycan müstəqilliyinin yeni mərhələsini yaşayır. Bu mərhələ ərazi bütövlüyümüzün bərpası, yeni dəhlizlərin yaranması və bütövlükdə regionun simasının dəyişməsi ilə müşahidə olunur. Ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyev istər hərbi sahədə, istərsə də beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyədə müdafiə edir.

Tarixən hər zaman həssas region olan bölgəmiz beynəlxalq proseslərin gərgin fonunda daha da həssaslaşmışdır. Lakin nə qədər həssaslıq və gərginlik olsa da Azərbaycan stabil inkişaf edir, milli maraqlarını qoruyur. Bu dönəm hər bir azərbaycanlının üzərinə də ciddi məsuliyyət qoyur. Biz regionumuzda və dünyada gedən prosesləri yaxından izləməli və ölkəmizin mənafeyinə zərər vura biləcək addımlardan yayınmalıyıq. Əfsuslar olsun ki, içərimizdə olan, başqalarının dəyirmanına su tökən xainlər öz anti-Azərbaycan mövqelərini davam etdirirlər. Onları xaricdə yaşayan və özlərini siyasi bloqer adlandıran bir ovuc cinayətkar dəstə də müşahidə edir. Bunlara Azərbaycan xalqı ənənəvi qaragüruhçular adı verib. İndi isə, xüsusilə Ermənistan tərəfindən son sərhəd insidentindən sonra yeni anti-milli ünsürlər sima dəyişdirirək peyda olmağa başlayıb.

Rizvan Talıbov

Azərbaycan cəmiyətinin yüksək emosinal olduğu dövrdə birdən-birə bəzi mətbu orqanlarında Göyçə-Zəngəzur Respublikasının yaranması haqqında məlumatlar çıxmağa başladı. Sən demə hətta bu qurumun idarəetmə forması və rəhbəri də varmış. Bəs bu qurumu kim yaradıb, onun prezidenti kimdir? Məlum olur ki, bu qurumun rəhbəri özünün ziddiyətli və kriminal keçmişi ilə məşhur olan Rizvan Talıbovdur. Rizvan Talıbovu qərbi-Azərbaycanla bağlayan yeganə məsələ onun orada anadan olmasıdır. O, nə siyasətçidir, nə ziyalı, nə də qərbi-Azərbaycan icmasının adından danışmağa layiq olan şəxs. Siyasi alverçi olan Rizvan Talıbov görünür indi də müxtəlif xarici kəşfiyyat orqanlarının maşasına çevrilib. Onun yaratdığı və hətta özünü prezident də elan etdiyi “respublika” yalnız Azərbaycanın maraqlarının əleyhinə işləyir. Əvvəla ona görə ki, sərhdəddə gərginliyin olduğu bir vaxtda belə bir qurumun elan olunması Ermənistan üçün əlavə material verir ki, Azərbaycanın niyəti başqadır. İkincisi, Zəngəzur dəhlizinin açılmasına yaxın olduğu bir dövrdə bu cür xəbərlərin yayılması bir başa bu dəhliz üçün təhlükə yaradır. Üçüncüsü, qurum sərsəm bəyanatlar verməklə Azərbaycanın regiondakı dövlətlərlə, xüsusilə qardaş Türkiyə ilə münasibətlərini pozmağa çalışır və s. Başına 3-5 nəfər  yığan və 5-10 manata vəzifə paylayan Rizvan Talıbov da çox yaxşı bilir ki, qərbi azərbaycanlılar hər zaman öz dövlətlərinin yanında olublar və onlar xəyanatkar deyillər. Azərbaycan xalqının digər nümayəndələri kimi onlar da müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşiblər. Həyatda heç nəyə nail ola bilməyən Rizvan Talıbova gəlincə isə, onu belə avantürüst fikirlərdən əl çəkməyə və heç olmazsa ömründə bir dəfə bir xeyirli iş görüb səhv etdiyini etiraf etməyə çağırıram. Əks halda ömür boyu xəyanətkar adını üzərində daşıyacaq. Onun hazırkı fəaliyəti birbaşa vətənə xəyanətdir.

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılov