Rövşən Lənkəranskini Lotu Quli ilə vurdular – Oğru dünyası

rovsen-lenkeranskini-lotu-quli-ile-vurdular-ogru-dunyasi-
Oxunma sayı: 8552

Kriminal aləmin iki nüfuzlu avtoriteti – Lotu Quli (Nədir Səlifov) və Rövşən Lənkəranski (Canıyev) arasında nüfuz savaşı haqqında Azərbaycan ictimaiyyəti artıq kifayət qədər bilgilidir. Kriminal avtoritetlər arasındakı son münasibətlərlə bağlı “Qafqazinfo”ya çox önəmli informasiya daxil olub. Məlumata görə, nəhayət, bu münaqişəyə son qoymağı qərara alan nüfuzlu qanuni oğrular müzakirələrdən sonra Rövşən Lənkəranskini bütün məsələlərdən uzaqlaşdırmaq və Azərbaycandakı həbsxanalarda «obşaka» Latu Qulinin nəzarət etməsi haqqında qərar çıxarıblar.

Qərarın dərhal icraya yönəldildiyi də məlumatlar sırasındadır. Belə ki, dünən Kürdəxanı təcridxanasında kriminal aləmin avtoritetlərinin verdiyi qərarın icraya yönəldildiyini nümayiş etdirməkdən ötrü Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən şəxslər kütləvi şəkildə bıçaqlanıb. Mənbənin dediyinə görə, bu bıçaqlanma «xüsusi mərasim» məqsədi daşıyır və burada kimsəni öldürmək nəzərdə tutulmur, sadəcə, qıç nahiyəsindən yüngülcə xəsarət yetirilməklə «obşakın» dəyişdiyi xəbərdarlığı bildirilir.

Aldığımız məlumatda Rövşən Lənkəranskinin bəzi oğru qanunlarından kənar hərəkətlərə yol verdiyi üçün onu «oğru» adından məhrum etmək barədə qərar verildiyi də söylənilir.

Xatırladaq ki, bir neçə ay öncə də tanınmış kriminal avtoritet Rövşən Lənkəranskinin «oğru» adından məhrum edilməsi haqqında informasiya yayılmışdı və bunun ardınca Rusiyada yaşayan 25 qanuni oğru mətbuata müraciət göndərmişdi. Həmin müraciətdə Rövşən Lənkəranski haqqında yayılan məlumatın doğru olmadığı bildirilirdi. Bu müraciətdən sonra hətta onu yayan şəxsin – «Qoca» ləqəbli qanuni oğrunun sorğu-sual ediləcəyi ehtimalı da mətbuata ayaq açdı.

Maraqlıdır ki, bizə daxil olan xəbərdə yenə də «Qoca» ləqəbli (onun həqiqi ad-soyadı haqda məlumat yoxdur) qanuni oğrunun adı çəkilir. Bildirilir ki, «Qoca»nın təşəbbüsü ilə məsələ oğru aləmində müzakirəyə çıxarılıb və Rövşən Lənkəranskinin «oğru» titulundan məhrum edilməsi barədə qərar verilib.