“Sakit göl”dən növbəti şikayət

sakit-golden-novbeti-sikayet
Oxunma sayı: 13852

Müştərilərə qoyduğu qanundakənar qadağaları ilə mütamadi olaraq gündəmə gələn Şamaxıdakı “Sakit göl” hoteli bu dəfə daha irəli gedib. Belə ki, hotel nümayəndəsi korporativ şəkildə olan müraciətdən “biz ancaq ailələri qonaq edirik” səbəbi ilə imtina edib. 

Bununla bağlı “Qafqazinfo”ya Bakıda fəaliyyət göstərən özəl şirkətlərdən biri müraciət edib. Şirkət əməkdaşının sözlərinə görə, mart ayında Şamaxıya təşkil edəcəkləri kollektiv səfərlə bağlı rayonda yerləşən “Sakit göl” hotelinə müraciət etsələr də, onlara nikah münasibətləri olmadan qəbul edə bilməyəcəklərini deyiblər: “Hotelin qeydiyyat şöbəsindən bildirdilər ki, turizm obyektinə ancaq ailəli şəxslər müraciət edə bilərlər. Kollektivlə hoteldə qalmaq mümkün deyil, hoteldə gecələmək üçün yalnız və yalnız nikah münasibətləri olmalıdır, bura ailəvi hoteldir.

Məsələ ilə əlaqədar hotel administratoru ilə danışmaq istəsək də, bizə nömrə vermədilər. Bildirdilər ki, ancaq email vasitəsilə məktub yazılmalıdır. Onu da dedilər ki, məktubun nə vaxt cavablandırılması, ümumiyyətlə, cavab olub-olmayacağı bəlli deyil. Hotel əməkdaşına bunun qanunsuz olduğunu xatırlatdıqda isə “kimə istəyirsiniz bildirin, biz belə xidmət göstəririk” cavabını aldıq”.

Həmçinin oxuyun: Məşhur hotel nikahı olmayan cütlükləri içəri buraxmır

Məsələ ilə bağlı “Sakit göl” hotelinə zəng etdik. Hoteldən ailəvi səfərlərlə yanaşı korporativ müştərilərin də qəbul olunduğunu dedilər. Lakin bunun üçün əvvəlcədən rəsmi müraciət olunmalıdır: “Korporativ gəlmək istəyən qonaqlar iş yerindən bizim ünvanımıza məktub göndərməlidirlər. İstəyə görə müqavilə imzalanır və onun əsasında qonaqlar qəbul olunurlar. Hotel yalnız korporativ və ailəvi müştəriləri qəbul edir”.

Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir? Belə halların olmaması üçün hotellərə nəzarət olunurmu?

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hoteldə qalmaq istəyən vətəndaş, əcnəbi yaxud vətəndaşlığı olmayan şəxslər hotelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər: “Cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur. Azərbaycan Mülki Məcəlləsinin 400.2-ci maddəsinə əsasən hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz. Mülki Məcəllənin 400.2-ci maddəsinə görə sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz”. 

Xatırladaq ki, sözügedən hotel bundan əvvəl də nikahı olmayan cütlükləri qəbul etməməsi ilə gündəmə gəlmişdi. Həmçinin hotelin restoranında nahar üçün rezervasiya etmək istəyən şəxslərə də evlilik tələbi qoyulmuşdu. Belə ki, hotelin restoranından istifadə etmək istəyənlər evli olmalı və həm də nikah haqqında şəhadətnamələrini özləri ilə gəzdirməlidirlər. Əks halda, hotel rəhbərliyi tərəfindən restorandan istifadəyə məhdudiyyət qoyulur.