Jurnalist Eynulla Fətullayev Azərbaycan ordusunda baş verən hadisələrlə bağlı məqalə ilə çıxış edib. “Səfərbəylik” adlanan yazıda bir çox mətləblərə toxunulur. “Qafqazinfo” haqqin.az saytında rus dilində yayımlanan məqalənin Azərbaycan versiyasını təqdim edir:
“SSRİ-nin dağılmasından sonra sovet ordusunun qüdrəti MDB ölkələri ordularının qüdrətinə parçalandı”
Mixail Zadornov, satirik
İş elə gətirib ki, Sovet İttifaqı, onunla bərabər isə dünyanın ən güclü hərbi-sənaye kompleksinə malik qüdrətli ordularından biri dağılandan sonra biz həyatımızın ordu ilə bağlı gündəlik problemlərindən heç cür xilas ola bilməmişik. Adi insani və ordu həyatı bir-biri ilə sıx bağlıdır. Xüsusilə də etnik və siyasi münaqişələrə cəlb olunmuş ölkələrdə,- postsovet məkanı isə onlarla doludur,- elə adam tapmaq olmaz ki, onun həyat yolu dövlətin bu sonuncu dayağının nizami sıralarından keçməsin.
NATO - pislərin ən yaxşısı
Avroatlantik məkana tam inteqrasiya olunmuş Baltikyanı ölkələrdən başqa keçmiş SSRİ-nin heç bir ölkəsi hələ də peşəkar (müqaviləli) orduya keçməyib. Çil-çil NATO kamuflyajını geyinən ölkələrin orduları isə əyinlərindən yalnız illərin vərdişini “çıxarıb atmağa” nail oldular. Heç bir ordu, hətta Qərbin ərköyün övladı - avrointeqrasiyaya nail olan Gürcüstan ordusu da döyüş qabiliyyətinin hərbi uğurlara yol açmağa imkan verəcək səviyyəsinə gəlib çıxmayıb. Hətta adama elə gəlir ki, çoxəsrlik Prussiya hərb sənəti ənənələri əsasında formalaşmış nəhəng sovet ordusunun birbaşa varisi Gürcüstan, Ermənistan və ya Azərbaycan kimi balaca və əlahiddə ölkələrindən ötrü mayaka, yolgöstərənə çevrilməli idi. Lakin bu ordu da öz əvvəlki şöhrətini itirib. Söhbət təkcə heç də Rusiya ordusunun birinci (elə həm də ikinci) Qafqaz (Çeçenistan) müharibəsindəki görünməmiş məğlubiyyətindən getmir. Rus əsgəri çeçen müharibələrində meşəyə sığınmış sələfilərdən ötrü adi ət hədəf idi. Rus ordusu Gürcüstanla müharibədə də özünü yaxşı tərəfdən göstərə bilmədi. Bunu İllarionovun hesabatı da təsdiqləyir. Ruslar orada kütlə və metalla qalib gəldi.
Bir sözlə, Jukov ordusunun şinelindən çıxmış heç bir ölkənin ordusu böyük hərbi uğurlar qazanmağa nail olmayıb. Çox adam bunu hərb sənətinin anqlosakson modeli ilə rəqabətə dözə bilməyən Rusiya-Prussiya ordu quruculuğu modelinin böhranı ilə izah edir. Anqlosakson modelini qəbul edən ölkələr ordu quruculuğunda problemlərdən şikayətlənmirlər. Məsələn, biri elə Pakistan. Siyasi-iqtisadi inkişaf baxımından geridə qalmış bu Asiya ölkəsi özünün başqa böyük uğurları ilə öyünə bilməsə də Pakistan ordusu öz regionunda ən güclülərdən biridir. Pakistan NATO-nun strateji tərəfdarıdır, hərbi quruculuğun anqlosakson modelini qəbul edib ki, bu da ona hərbi-siyasi uğurlar qazandırıb. Yaxud qonşu Türkiyəni götürək. Türkiyə də NATO sistemi sayəsində dünyanın ən güclü ordularından birini yaradıb (düzdür, burada kamalçılığın zəfəri üzərində qurulan ideologiya da nəhəng rol oynayır).
Keçmiş SSRİ ölkələrindən heç biri, o cümlədən yeni imperiya ambisiyalarına, nəhəng fövqəldövlət olmaq kompleksinə malik olan, özünün bütün tarixi nailiyyətlərini məhz anqlosakson sistemi ilə qarşıdurma zamanı əldən vermiş Rusiya da bəlli geosiyasi səbəblər ucbatından NATO sisteminə tamamilə keçməyə hazır deyil. Bu sistem çox pisdir, amma bəşəriyyət ondan yaxşısını hələ düzəltməyib - NATO-nun mənəvi atası və banisi Uinston Çörçill onun barəsində yəqin belə deyərdi.
Çətini başlamaqdır...
Yeni ölkələrin orduları iki yoldan birini seçməli idi. Ya NATO-ya daxil olmalı idilər. Burada isə onları heç kim gözləmirdi. Onların bu quruma gedən yolu ərazi münaqişələrinin həll olunmaması üzündən yaxın 20 ildə bağlıdır. Ya da bundesver və ya türk ordusu sayaq uğurlu modellərdən birini seçib öz silahlı qüvvələrini yaratmalı idilər. Lakin bu halda da NATO-nun hərbi təlimatçılarını öz ordunun içinə buraxmalısan. Saakaşvili ordusunun, yaxud elə 90-cı illərin sonlarındakı Azərbaycan ordusunun nümunəsi bu addımın əvvəlcədən bəlli olan nəticələrini ortaya qoyur - bu və ya digər ölkənin hərbi təlimatçılarının ordu quruculuğunda iştirak etməsi generalitetə təsir göstərir, lakin bu, orduda köklü dəyişikliklərə gətirib çıxarmır. Amerikalı təlimatçıların Gürcüstanda, türklərin isə Azərbaycandakı 10 illik fəaliyyəti heç də effektiv silahlı qüvvələrin yaradılmasına gətirib çıxarmadı. Burada yalnız bircə əsas, özü də yeganə nailiyyətdən danışmaq olar ki, o da qənaətbəxş hərbi infrastrukturun yaradılmasıdır. Bu uğur da komandanlığın özünün səyləri yox, daha çox neft subsidiyaları hesabına əldə edilib.
Artıq üç aydır ki, ölkəmizin ictimai rəyini və sosial şəbəkələri əsas problemlərdən biri - tez-tez baş verən əsgər ölümləri narahat edir. 2012-ci ildə Azərbaycanda 97 hərbi qulluqçu ölüb. Onların yalnız 20-si düşmənlə təmas xəttində, döyüş şəraitində həlak olub. Bir müqayisə aparaq. Əsgər Anaları Komitəsi və ya Ana Hüquqları Fondu kimi effektiv ictimai təşkilatların fəaliyyət göstərdiyi qonşu Rusiyanın ordusunda hər il 2,5 min əsgər həlak olur. Bu rəqəm təbii ki, çox böyükdür. Bunu da xüsusi nəzərə almaq lazımdır ki, Rusiya ordusu məsələn, ABŞ ordusundan fərqli olaraq dinc şəraitdə xidmət edir. Deməli, rus hərbçiləri ağır xidmətlə əlaqədar mənəvi-psixoloji təzyiqlərə məruz qalmır və ya qalmamalıdır. Terrorizmlə, Əfqanıstanla, bütün üçüncü dünya ilə qlobal müharibə aparan ABŞ ordusunda cəmi 349 hərbi qulluqçu intihara əl atıb. Hərçənd ki, böyük qalmaqallar ABŞ ordusunu da müntəzəm olaraq silkələyir. İşgəncələr verdiyi üçün ifşa olunan general Petreus olayını yada salın...
Azərbaycanda əsgər ölümləri probleminə qayıdaq. Siyasi texnoloqlar bu ilin əvvəlindən etibarən ölkədə siyasi mühiti silkələməyin yeni ssenarisini - əsgər ölümləri ətrafında ictimai qalmaqallar törətmək üsulunu işləyib hazırladılar. Yanvarda əsgər Ceyhun Qubadov həlak oldu. Gözlənildiyi kimi, prokurorluq bu halda da saxtalaşdırma yolunu tutub əsgərin ölümünü intihar kimi təqdim etdi.
Söz yox, müxalifət qəzetləri öz balalarının qətlindən və ya ölümündən sonra dərddən beli bükülmüş əsgər valideynlərinin fəryad dolu çıxışlarını həmişə dərc ediblər. Amma ictimai rəy bu faciələrə həmişə biganə yanaşır, əsgər analarının dərdinə kənardan baxıb buna seyrçi qalırdı. Bu dəfə isə kiminsə “yumşaq əli” ictimai narazılığı qurdalayıb qızışdırmağa başladı. Lakin bu, artıq başqa təhlilin mövzusudur.
Düşmən gülləsindən, “dedovşina”dan, yaxud intihardan ölən əsgərlər problemi həmin gündən rolu getdikcə artan sosial şəbəkələrdə ən əsas məsələyə çevrildi. Blogger bomondu ordudakı faciələrdən qurtulmağın iki yolunu göstərirdi: hazırkı müdafiə naziri Səfər Əbiyevin istefası və orduda islahatların aparılması.
Qoca Əbiyevin “ded”liyi
Bu yazıda diqqəti əsas tələbə - Əbiyevin istefası tələbinə yönəldəcəyəm. Onun istefası bizim orduda inqilaba gətirəcəkmi, bizi əsgər ölümlərindən xilas edəcəkmi? Mən belə düşünmürəm. Bizim ordudakı əsgər ölümlərinin adamı dəhşətə gətirən statistikasının həm obyektiv, həm də “dedovşina” kimi əsas subyektiv səbəbləri var. Obyektiv səbəbdən başlayaq.
Bizim ordunun 5 döyüş korpusundan 4-ü - Bərdə, Şəmkir, Beyləqan və Naxçıvan korpusları Qarabağ və Ermənistanla təmas xəttində cəmləşib. Qoşun hissələri arxa cəbhəyə çəkilməyincə silahla davranmağı təzə öyrənmiş gənc əsgərlərin təhlükəsizliyini təmin etmək çox çətindir. Bölük komandiri öz taqımlarının bir-birindən 2-3 km məsafədə yerləşən blindajlarındakı vəziyyəti nəzarətdə saxlamağa fiziki cəhətdən qadir deyil. Komandir bu məsafəni gün ərzində yalnız bir dəfə gedib-gələ bilər. Bu da ondan böyük fiziki güc tələb edir. Xüsusilə də söhbət dağlıq ərazilərdən gedirsə...
Mən bu sətirləri inamla və tərəddüd etmədən yazıram. Çünki özüm də taqım komandiri kimi ön cəbhədə il yarımdan çox xidmət etmişəm. Bəs təlim taborunda cəmi bir, maksimum iki ay xidmət keçmiş gənc və naşı əsgər əlinə təzəcə götürdüyü silaha necə nəzarət eləsin, onunla necə davransın? Arxa cəbhədə olduğu kimi ön cəbhədə silah otaqları olmur. Postda dayanan 18 yaşlı əsgəri düşməndən cəmisi 300 metr, Borsunlu kəndində olduğu kimi isə bəzən də 50 metr məsafə ayırır. Komandir bu gənc əsgərin təhlükəsizliyini necə, hansı yolla təmin edə bilər?
Mən şahidi olduğum ürək parçalayan səhnələrin birini tez-tez xatırlayıram. Taleyinə Murovda xidmət etmək və ölmək yazılmış əsgərlərimdən biri həyəcanlanaraq irəli getmiş və minalanmış əraziyə girmişdi. İki dəqiqədən sonra dəhşətli partlayış oldu. Və biz gənc əsgərin bədəninin parçalarını oradan-buradan yığmalı olduq. Oğlunun bədəninin parçalarını da əsgərin anasına mən verdim. Əsgər anası mənə lənətlər yağdırır, qarğış edirdi. Dərddən ağlını itirmiş ananın hönkürtüsü hələ də qulaqlarımdadır. Ananın fəryadı partlayan minanın səsindən də güclü idi. Amma axı mən bu əsgəri necə xilas edə bilərdim?
Yaxud başqa nümunə. Rabitə taqımında xidmət edən əsgər posta özünü güllələmişdi. Biz hamımız atəş səsinə yuxudan oyanıb əsgərin hələ soyumamış meyitini gördük. Ona artıq heç cür kömək etmək olmazdı. Korpus komandiri isə ölən əsgərin taqım komandirinə cinayət işi açılmasına əmr verdi.
Yüzlərlə belə nümunə gətirə bilərəm. Bu nümunələrə əsaslanıb deyirəm ki, döyüş bölgəsində heç bir komandir psixikası yerində olmayan (psixika isə həddən artıq ağır şəraitdəki hərbi xidmətin elə ilk aylarındaca korlanır) və canını oradan qurtarmağa çalışan gənc əsgərin həyatını qorumağa qadir deyil.
Bizim briqadadakı zabitlərin çoxunun vahid fikri bu idi ki, vəziyyətdən çıxış yolu möhkəm iradəyə və sabit psixikaya malik, ağır hərbi-səhra şəraitində xidmət etməyə fiziki baxımdan sağlam, güclü və yetkin insanlardan ibarət peşəkar ordu yaratmaqdadır. Onlar bu orduda müqavilə ilə xidmət etməli idi. Ölkə rəhbərliyinin və Müdafiə Nazirliyinin başlanğıc üçün heç olmasa döyüş bölgəsindəki briqadaları müqavilə əsasında hərbi xidmətə keçirməsi lazım gəlir. Sonradan isə ora müddətdən artıq xidmət edənləri (MAXE) də cəlb etmək olar. Bu isə bizim ordudakı ikinci bəlanın - son illər özünü göstərən “dedovşina”nın kökünü kəsməyə kömək edərdi.
MAXE-lərin xidmət edəcəyi hərbi hissələr ağır ordu həyatına hazır olmayan minlərlə gənc, çəlimsiz əsgərin həyatını xilas edər. Mən vəziyyətdən başqa çıxış yolu görmürəm. Çünki komandanlığın bundan əvvəlki xəbərdarlıq tədbiri vəziyyəti düzəltmədi, yaxşılığa doğru heç nə dəyişilmədi. Axı buna qədər Müdafiə Nazirliyi taqım dəstələrini döyüş nizamnaməsi qaydalarına zidd olaraq bir-birindən uzaq məsafələrə səpələmişdi. Yəni taborun (batalyonun) müdafiə etməli olduğu cəbhə xəttini bizdə taqım müdafiə edir. Elə erməni ordusunda da belədir. Çünki ağıllı sərkərdələr başa düşürlər ki, döyüş bölgəsində cəmləşən ordu birləşmələri hərbi əməliyyatlar başlayandan dərhal sonra torpaq altda qalacaq. “Sizin vəzifəniz 15 dəqiqə duruş gətirməkdir” - briqada komandiri bunu bizimlə hər söhbətində təkrarlayırdı. Buna görə də bir neçə il öncə nizamnamədə nəzərdə tutulan məsafənin bölünməsinə dair çox düzgün qərar qəbul edildi.
Fikir verirsinizsə, əsgər ölümlərinin çoxu Şəmkir korpusunun, Murovdağ zolağının payına düşür. Bu ərazidə yalnız dağ atıcı bölükləri xidmət apara bilər. Bizim orduda isə dağ atıcı bölükləri ümumiyyətlə yoxdur. Bu ərazi gənc əsgərlərin xidmət edə biləcəyi yer deyil. Ordu rəhbərliyi bunu nə qədər tez nəzərə alsa, vəziyyətdən çıxış yolu bir o qədər tez tapılacaq.
Əsgərdən dolaq düzəltməyin!
İndi isə subyektiv səbəblərdən danışaq. Komandanlığın qarşısında onun həll etməli olduğu (əlbəttə ki, əgər o, bunu istəyirsə) iki əsas problem dayanır: “dedovşina” və korrupsiya. Bizim Bərdə korpusuna təhkim olunmuş türk təlimatçının bu sözlərini heç vaxt unutmaram. O, cərgənin qabağında dayanıb hərbçilərə deyirdi: “Azərbaycan əsgəri çox böyük əsgərdir. Mən həyatım boyunca hələ ikinci belə itaətkar əsgər görməmişəm. Azərbaycan əsgəri plastilin kimidir. Ona görə də ondan qəhrəman düzəldin. Siz isə ondan ayaq dolağı düzəldirsiniz”.
Türk zabit bu sözləri əsgərləri tərbiyə edərkən, onlara təlim verərkən tez-tez kötəyə əl atan zabit və çavuşlara ürək ağrısı ilə deyirdi...
Biz “dedovşina” ilə mübarizədə əsas resepti artıq göstərdik - MAXE və çavuşlardan formalaşdırılacaq korpuslar yaradılmalıdır. Yeri gəlmişkən, Azərbaycanda müqavilə üzrə yaradılmış belə xüsusi hərbi birləşmələr artıq mövcuddur. Onlar elit hərbi hissələrdir və Silahlı Qüvvələrin avanqardı sayılırlar. Üstəlik, bu sistem bizdə özünü doğruldur.
İkinci başlıca istiqamət siyasi işlər üzrə komandir müavini (“zampolit”) təsisatlarının bərpa olunmasıdır (bu qurumlar bizim orduda hazırda iflic vəziyyətdədir). Bundan əlavə, ordumuzda xüsusi siyasi rəhbərlər təsisatı yaradılıb tətbiq edilməli, xüsusi xidmət orqanlarının (əks-kəşfiyyatın), MTN-in orduya təsir imkanları artırılmalıdır. Komandanlıq bu məqsədlə səlahiyyətli kadrların dəqiq seçimini aparmalıdır. Bunun üçün sovet dövründə olduğu kimi, ilk növbədə “zampolit” təsisatının nüfuzu qaldırılmalıdır. Bu gün bizim ordudakı siyasi rəhbərlər döyüş zabitlərinin kölgəsində baş girləyən ikinci dərəcəli zabitlər, “pencəklər”dir. Halbuki onlar şəxsi heyətlə işləməlidir. Özü də təkcə əsgərlərlə yox, həm də zabitlərlə. Azərbaycan ordusunda isə “zampolit”lər gülüş obyektidir, hər yoldan keçənin işlədiyi vəzifədir. Az qala bütün şəxsi heyət onları lağa qoyur, ələ salır...
Bizim Müdafiə Nazirliyi yanında iki aparıcı elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Onlara Kərim Vəliyev kimi əsl peşəkarlar, görkəmli generallar rəhbərlik edir. Bu mərkəzlərin Müdafiə Nazirliyi rəhbərliyinə indiyə qədər heç bir “islahatlar paketi” təqdim etmədiklərini düşünmürəm. Çox güman ki, onların tövsiyələri qulaqardına vurulub. Amma vaxt gözləmir. Deməli, məsələyə ölkənin siyasi rəhbərliyi müdaxilə etməlidir.
Nazirlər, növbətçi çıxışa!
Nəhayət, növbəti məsələ barədə. İctimai rəydə artıq belə bir stereotip var ki, Səfər Əbiyevin istefası ordumuzdakı bütün fəlakətlərin kökünün dərhal kəsilməsinə gətirib çıxaracaq. Şübhəsiz ki, Əbiyev Əliyev hökumətinin ən çox korrupsiyaya bulaşmış və ən qeyri-populyar nazirlərindən biridir. Lakin mən onun istefasının ordunu möcüzəvi və ani şəkildə xilas edəcəyinə inanmıram. Bir vaxtlar, xüsusilə də Azərbaycan Müdafiə Nazirliyinin fəaliyyətə başladığı ilk aylarda ölkəmizdə cəbhəçilərdən qalma belə bir axmaq ənənə yaranıb - cəbhə xəttindəki istənilən itkini birbaşa nazirin özünün ayağına yazırlar. Bir kəndi itirən kimi Azərbaycanın görkəmli generallarından biri olan Valeh Bərşadlını sözün əsl mənasında kabinetindən çıxarıb atdıq.
Onu digər istedadlı sərkərdə Tacəddin Mehdiyev əvəz etdi. Daşaltı kimi balaca kənddə balaca bir hərbi bölüyü itirən kimi kütlə bu dəfə də yeni nazirin kabinetinə hücum çəkdi. Onu da kabinetindən çıxarıb atdılar. Məşhur riyaziyyat müəllimi bu kabinetə sahiblənənə qədər belə davam etdi...
Mən indi yaranmasında bu gün Səfər Əbiyevi istefaya çağıranların da günahının olduğu milli faciəmizin köklərinə qayıtmaq istəmirəm. Lakin bildiyim qədərincə indiki nazir siyasi fiqur olmaqdan daha çox geosiyasi miqyaslı bir fiqurdur. Əbiyev hökumətdə yeganə məmurdur ki, Qərb və Türkiyə onu özlərininki sayır. Açığını deyim ki, bu çoxmənalı və çətin izah olunan seçimin səbəbini anlamaqda çox çətinlik çəkirəm. Amma fakt budur ki, Əbiyev həm türk generalitetindən, həm də Brüsseldən (NATO-nun mənzil-qərargahı Belçika paytaxtındadır-red.) ötrü doğmadır, özününküdür.
Səfər Əbiyevin ABŞ-ın müdafiə naziri Donald Ramsfeldlə Amerika hərbi gəmisinin göyərtəsindəki epoxal görüşünün sensasion kadrlarını yəqin ki, çox adam xatırlayır. Onlar nədən danışır, nəyi müzakirə edirdilər? Düşünüb tapmaq lazım gəlir. Lakin mən bu yaxınlarda yüksək mənsəbli türk dövlət məmurlarının birinin öz dilindən eşitmişəm ki, Səfər Əbiyev türklərin birmənalı şəkildə inanıb tam etibar etdiyi yeganə azərbaycanlı məmurdur. Mən eyni sözləri yüksək rütbəli Qərb diplomatlarından da eşidəndən sonra anladım ki, Səfər Əbiyev regional təhlükəsizlik sisteminin praktiki olaraq bütün iştirakçılarının maraqlarını ifadə edən özünəməxsus kompromis fiqurdur.
Orduda Səfər Əbiyev (və ya ona əvəz) kimi irimiqyaslı fiqur tapmaq İlham Əliyev üçün çətin olacaq. Üstəlik, mənə elə gəlir ki, dövlət başçısı effektiv ordu (yeri gəlmişkən, belə ordu həm də siyasi status-kvonun qarantı sayılır) yaradılmasında yerdə qalan məmurların hamısından daha çox maraqlıdır. O da anlayır ki, nazirin və ya nazirliyin bütün rəhbərliyinin istefası ordunun artıq sistemli xarakter almış fundamental problemlərinin aradan qaldırılmasına gətirib çıxarmayacaq. Orduda islahatların aparılması bütün idarəetmə sisteminin islah olunmasından ayrılıqda götürülə və nəzərdən keçirilə bilməz.
Bizim heç vaxt güclü və qüdrətli ordumuz olmayacaq. Heç də xoşa gəlməyən, lakin aksiom olan bu reallıqla barışmağın vaxtı çoxdan çatıb. Çünki bizim kimi kiçik, az nüfuzlu, üstəlik hərbi-siyasi bloklara qoşulmamağa dair beynəlxalq platformada dayanmağı seçmiş ölkələrdə hərbi işğal və müdaxilə üçün nəzərdə tutulan nəhəng ordu yarana və mövcud ola bilməz. Burada söhbət yalnız insani sifətə malik ordunun yaradılmasından gedir. Elə bir ordunun ki, ona kənardan baxmaq xoş olsun. Elə bir ordunun ki, valideynlər öz uşaqlarını arxayınlıqla, tam rahat şəkildə orada xidmət etməyə göndərsinlər. Ölkənin indiki siyasi rəhbərliyi bu məsələni çox sakitcə həll edə bilər.
Əsgər Ceyhun Qubadovun ölümü haqdakı məqaləni internetdə bir neçə yüz min adam oxumuşdu. Nə buna qədər, nə də ondan sonra heç bir hadisə, fəlakət, faciə, siyasi qalmaqal oxucu kütləsində belə böyük maraq doğurmamışdı. Bunun səbəbi də aydındır: heç kim öz balasının ölümünü istəmir...