“Son 10 il ərzində doğrudan da fantastik nəticələr əldə edə bilmişik” - Əşrəf Həsənzadə

son-10-il-erzinde-dogrudan-da-fantastik-neticeler-elde-ede-bilmisik
Oxunma sayı: 2799

Damar cərrahiyəsi həm dünyada, həm də ölkəmizdə son illərdə əhəmiyyətli dərəcədə inkişaf edən bir tibb sahəsidir. Bu, bir çox ciddi xəstəlikləri, onların yenilənmiş müalicə və əməliyyat prosedurlarını özündə ehtiva edən bir sahə olaraq əslində düşündüyümüzdən daha çox diqqət tələb edən bir mövzudur. Əhəmiyyətlilik dərəcəsini nəzərə alıb bu barədə daha ətraflı ümumi və damar cərrahı Əşrəf Həsənzadə ilə söhbət etdik.

-Əşrəf bəy, gəlin bir az əvvəldən başlayaq. Təhsiliniz və peşə təcrübəniz barədə qısa məlumat verərdiniz.

- Mən ali tibb təhsilimi Moskvada, İ.M.Seçenov adına universitetdə almışam, 2006-cı ildə həmin universiteti bitirib elə orada ümumi və damar cərrahiyyəsindən ixtisaslaşma keçmişəm. Daha sonra elmi işimi müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələndim. Sonra Azərbaycana qayıtdım və elmi-təcrübi fəaliyyətimi illərdir ölkəmizdə davam etdirirəm.

-Azərbaycanda damar cərrahiyyəsinin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

- Əslində qənaətbəxş kimi dəyərləndirilə bilər. Xüsusilə arterial cərrahiyyə mükəmməl səviyyədə təşkil olunub. Venaların cərrahiyyəsinə və flebologiyaya gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Fleboloji xəstələrin sayının çox olmasına baxmayaraq, ölkədə sayılı mərkəzlər var ki, müasir flebologiya ilə məşğul olur. Onlardan biri də bizim mərkəzdir. İnsanlar bəzən damar problemlərinə çox da ciddi yanaşmırlar. Buna görə də fleboloqlara müraciətlər azdır. Bu sahənin əsas problemlərindən biri də budur, bəzən fleboloji problemlərlə digər ixtisas sahibləri də məşğul olmağa çalışır. Arada bunun fəsadları ilə də rastlaşırıq.

- Damarların sağlamlığı üçün ən vacib etməli olduğumuz nələr var? Bir damar cərrahı olaraq nələri qadağan edib, nələri tövsiyə edirsiniz?

- Bu çox geniş cavab tələb edən sualdır. Ümumiyyətlə damarlar arteriya və venalara bölünür. Arterial damarların sağlamlığını qoruyan ümumtibbi tövsiyələr var. Siqaret, artıq çəki, irsi faktorlar və s. əsas təhlükə səbəblərindən hesab olunur. Bunlar olmadığı və insan özünü qoruduğu halda arteriyaların patalogiyasından qorunmuş olacaq. Venoz sistemə gəldikdə isə burada yenə də irsiyyətin rolu var. Həmçinin ağır fiziki işin də təsiri rol oynayır. Vaxtında və düzgün elastik corab seçilərsə, xəstə venalarını qorumağa yüngülvari diqqət yetirərsə, düşünürəm ki, venoz problemlərdən yan keçmək mümkün olar.

- Damar xəstəlikləri ölümlə nəticələnə bilərmi? Bu hansı hallarda ola bilər?

- Bəzən venoz xəstələrdə venalarda tromb yaranıb ağciyərə doğru “qaça” bilər və ağciyər arteriyasının emboliyasını yaradar. Bu, ölümə gətirib çıxara bilər. Digər tərəfdən arteriyal damarlar da ölüm yaradan səbəblər sırasındadır. Hətta ilklərdən biridir deyə bilərik. Beyin və ürək qan dövranının pozulması və ya aşağı ətraflarda yaranan qanqrenaların nəticəsində xəstələr vaxtında və düzgün müalicə almasalar, təbii ki, həyatlarını itirə bilərlər.

-Bizim pasientlərin mənfi cəhətlərindən danışaq. Ən çox nədə səhvə yol verirlər? Yəqin ki, öz səhvi ucbatından vəziyyətini ağırlaşdırmış xəstələrə rast gəlirsiniz.

- Ümumiyyətlə profilaktik tədbirləri gücləndirib maksimum çalışmaq lazımdır ki, heç bir xəstəlik olmasın. Xəstəlik olarsa vaxtında və düzgün həkim seçimi ilə xəstəliyin ağırlaşmasının qarşısını almaq olar. Belə olan halda sadəcə dərman preparatları ilə müalicə olunaraq sağalmaq da mümkündür. Amma bəzi insanlar var ki, yanlış fikirlərlə vəziyyəti ağırlaşdırırlar. Düşünürlər ki, “bu günü yola verim, bəlkə sabah biraz yaxşılaşar, birigün biraz yaxşılaşar”. Problem varsa, vaxtında üstünə düşmək lazımdır. Gecikdiriləndə, təhlükə də artır.

- Sizin fəaliyyət sferanızda həm də diabetik ayaq problemi yer alır. Bəzən diabeti bir həyat tərzi hesab edirlər. Amma bəzi hallarda bizi ayaqlarımızdan məhrum edəcək qədər təhlükəli olduğu da məlumdur. Siz bunu necə önləyirsiniz?

-Şəkərli diabet insan orqanizmində ola biləcək nadir xəstəliklərdəndir ki, hər bir hüceyrəni, hər bir nöqtəni zədələyir. Bu səbəbdən şəkəri olan xəstə diabet diaqnozu qoyulduğu andan öz orqanizmini qorumaq, profilaktika aparmaqla məşğul olmalıdır. Bunlardan biri də şəkərin səviyyəsini düzgün və normal səviyyədə saxlamaqdır. Ümumiyyətlə şəkərli diabet xəstələrinin 10 %-ə qədəri il ərzində ayaqlarında hər hansı yaralarla rastlaşır. Təəssüf ki, bu 10 %-ə aid xəstələrin bir qismi ayağını bud səviyyəsində və ya baldır səviyyəsində itirə bilər. Belə xəstələr bizə müraciət etdikdə ayağın daban sümüyünü qoruyub pəncədə hər hansı işləri görə, xəstələrə yardım edə bildiyimizə görə çox sevinirik. Bunu önləməyə gəldikdə onu deyə bilərəm ki, vaxtında və düzgün müayinə aparılmalıdır.İldə heç olmasa bir dəfə cərrah xəstənin ayağında qan dövranını, nevroloq sinir hissiyatını dəyərləndirərsə, bu xəstələr əgər problemləri varsa, onları necə önləmək lazım olduğunu biləcəklər.

-Damar cərrahiyyəsində 5-10 il əvvəllə müqayisədə hazırda hansı texnoloji üstünlüklər əldə edilib? Əvvəllər mümkün olmayan, yaxud çox çətin başa gələn nələr vardı ki, indi xeyli asanlaşıb və ya mümkünə çevrilib?

- Son illərdə əldə etdiyimiz ən mükəmməl texnologiya aşağı ətrafın arteriyalarında angioplastikanın icra edilməsinin mümkünlüyüdür. Əgər ürəkdə stend, balon angioplastika, yəni qan dövranının bərpası artıq 70-ci illərdən dünyada yayılmağa başlamışdısa, bizim ölkədə 2000-ci illərin əvvəllərindən geniş yayıldı. Amma ayaqlarda bu problemin həlli daha gec gəldi ölkəmizə. Son 10 il ərzində isə doğrudan da, fantastik nəticələr əldə edə bilmişik. Məsələn, barmağında yara olan bir xəstəni bu gün rahat şəkildə sağaldırıq, Öz-özümüzə, bəzən elə pasiyentin özünə də bildiririk ki, illər əvvəl bu xəstəliyin müalicəsi yalnız və yalnız aşağı ətrafın bud səviyyəsində amputasiyası olardı. Təəssüf ki, hazırda bizə müraciət edən xəstələr olur ki, onları tam müayinə etmədən, endovaskulyar müalicələrin mümkünlüyü dəyərləndirilmədən, birbaşa dizüstü amputasiyalar təklif olunur. Şükürlər olsun ki, bu xəstələrə yardım edə bilirik. Ümumilikdə dizüstü amputasiyaların sayını ölkə üzrə də əhəmiyyətli dərəcədə azalda bilmişik. Amma bu istiqamətdə ölkədə görüləcək işlər çoxdur.

-Təcrübənizə əsaslanaraq deyə bilərsinizmi ki, qarşıdakı 10-15 il ərzində həm təmsil etdiyiniz sahədə, həm də ümumi Tibb sahəsində hansı möcüzəvi yeniliklər gözlənilir? Proqnozunuz maraqlıdır.

- Tibb sahəsində elmi biliklər ildən-ilə yox, gündən-günə artır. Qarşıdakı 10 il ərzində xeyli yeniliklər olacaq. Necə ki 10 il əvvəl yazdığımız resepti və müalicə taktikasını bu gün tam dəyişmişiksə, 10 il sonra da bu günkü taktika dəyişib daha da mükəmməl olacaq. Bu sahənin inkişafını gələcəkdə kök hüceyrə texnologiyasının mükəmməlləşməsində görürük. Bu gün xilas edə bilmədiyimiz ayaqları 10 il sonra texnologiyanın inkişafı nəticəsində artıq xilas edə biləcəyik. 10 il əvvələ baxanda isə deyə bilərəm ki, məsələn, venaların cərrahiyyəsində əgər bir xəstə əməliyyatdan sonra 20 gün evdə qalırdısa, bu gün inqilab etmişik, əməliyyatı icra edirik, elə həmin gün də xəstəni evə yola salırıq, 3 gündən sonra pasiyent rahatlıqla işinə qayıda bilir. Düşünürəm ki, yaxın gələcəkdə diabetik ayaq xəstələri ilə bağlı da bunu deyə biləcəyik.