“Düz 4 aydır evsiz qalmışıq. 4 uşaqla qonşunun birotaqlı yardımçı tikilisinə sığınmışıq. Hara müraciət etsəm də, kömək edən yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya Lerikin Hamarmeşə kənd sakini Rauf Əhmədov müraciət edib.
Vətəndaş bildirir ki, yanvar ayında baş verən torpaq sürüşməsi onları evsiz qoyub: “Torpaq qatı sürüşərək yaşadığımız evin divarlarına qədər çatıb. Evdə çatlar əmələ gəlib. Ailəmiz 6 nəfərdən ibarətdir. Sığınmışıq birotaqlı yerə, çətindir axı belə... Qurumlara da müraciət etmişəm. 4 ayda heç nə edilmədi”.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşın yaşadığı evin ərazisində yenidən sürüşmə hadisəsinin baş verməsi gözlənilir: “Rauf Əhmədovun yaşayış evinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və yerli Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, ümumi sahəsi 110 kvadratmetr olan yaşayış evinin divarları mişar daşından, dam örtüyü şiferdən istifadə olunmaqla inşa edilib. Evin arxa hissəsində olan torpaq kütləsi sürüşərək istinad divarını aşıraraq evə yapışıb, torpaq kütləsinin ağır olması səbəbindən evin yükdaşıyan divarları əyilib, eyni zamanda şaquli və üfüqi istiqamətdə müxtəlif ölçülü çatlar yaranıb, əriyən qar kütləsi suları yaşayış evinin yerləşdiyi ərazidə sürüşməni daha da aktivləşdirib. Atmosfer çöküntülərinin intensivliyinin artması səbəbindən ərazidə yenidən sürüşmə hadisəsinin baş verməsi gözlənilir. Fərdi yaşayış evində yaşamaq təhlükəlidir”.
Qurumdan əlavə olaraq bildirilib ki, vətəndaşın nəzərinə yaşadığı evin qəza vəziyyətində olduğu çatdırılıb. Qeyd edilib ki, ailəyə təcili evi asudələşdirməli, müvəqqəti olaraq yaxın qohumlarının evində məskunlaşmalı olduqlaır bildirilib: “Əks halda, baş verə biləcək bədbəxt hadisələrlə bağlı məsuliyyət öz üzərinə düşür. Vətəndaş hazırda qəzalı olan yaşayış evini asudələşdirib və həyətində olan yardımçı tikilidə ailəsi ilə birlikdə məskunlaşıb. Rauf Əhmədova izah edilib ki, ayrı-ayrı vətəndaşların yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması üçün rayon büdcəsində heç bir vəsait nəzərdə tutulmadığından evə təkrar baxış keçirilməsindən ötrü mütəxəssislər tərəfindən hazırlanmış rəy Fövqəladə Hallar Nazirliyinə göndərilib. Nazirlik tərəfindən baxışın nəticələri ilə bağlı vətəndaşa əlavə məlumat veriləcək”.
Məsələ ilə bağlı Fövqalada Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın evinə dəymiş ziyanla bağlı tədbir görülməsi FHN-in səlahiyyətində deyil: “Həmçinin, bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı və sığortaçı ilə sığortalanan arasında müvafiq müqavilə bağlanmalıdır. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın ödənilməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq zəruri sənədlər təqdim edilməklə tənzimlənir. Yuxarıda qeyd olunanlar barədə vətəndaş Rauf Əhmədova tərəfimizdən məktubla məlumat verilib”.
Lamiyə Məmmədova
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.