Təbrizdə ölən körpənin meyiti sabah ailəsinə veriləcək - Yenilənib

tebrizde-olen-korpenin-meyiti-sabah-ailesine-verilecek
Oxunma sayı: 5595

“Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin valideynləri qalan pulu ödəməyiblər. Ona görə də uşağın meyitini təhvil verə bilmərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-nın İran bürosunun sorğusuna cavab olaraq Təbriz şəhərində yerləşən “Kudəkan” xəstəxanasının nümayəndələri deyiblər.

Xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib:

“Qalan pul isə uşağın qohumları tərəfindən ödənilməlidir ki, cənazə təhvil verilsin. Bu uşağın valideynləri və qohumlarının borcudur ki, həmin məbləği ödəsinlər. Lakin onlar bu anadək bu işi görməyiblər və biz də qanuna uyğun olaraq uşağın meyitini təhvil verə bilmərik”, - deyə xəstəxana təmsilçisi qeyd edib.

Xatırladaq ki, 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

 

***

Sabah Təbrizdə ölən körpə Qorqud Dadaşzadənin meyiti ailəsinə təhvil veriləcək. Bu barədə millət vəkili Qənirə Paşayeva “Qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulu ilə əlaqə saxlayaraq məsələni bir daha müzakirə edib:
“Bir az öncə Təbrizdəki baş konsulluğumuzda konsul Eldar bəylə danışdıq. O dedi ki, körpənin meyitini sabah xəstəxana ailə üzvlərinə verəcək və onun Azərbaycana gətirilməsi ilə bağlı artıq heç bir ciddi problem ortaya çıxa bilməz”.