“Telefonlar blok olunub, vəziyyət gərgindir” - Ukraynadakı səfirimiz

telefonlar-blok-olunub-veziyyet-gergindir
Oxunma sayı: 9619

“Ukraynada baş verən döyüşlərdə Azərbaycan vətəndaşları xəsarət almayıb. Lakin bizə hər an təhlükəli və narahatedici xəbərlər gəlir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova İTV-də canlı yayımda bildirib.

“Məsələn, bir diplomatımız Nailə Mirqorod şəhərində yaşayır. Orada hərbi aerodromu darmadağın ediblər. Xarkovdan narahatedici xəbərlər gəlir. Xarkovda xeyli sayda azərbaycanlılar var. Onların dəqiq sayını deyə bilmərik. Biz diaspora təşkilatının rəhbərlərinə zəng etdik. Lakin onların bəziləri artıq Azərbaycandadır, bəziləri də konkret say deyə bilmədilər. Xarici İşlər Nazirliyi, cənab nazirlə mütəmadi əlaqə saxlayırıq”, - deyə səfir qeyd edib.

Elmira Axundovanın sözlərinə görə, səfirlik Ukraynanın Türkiyədəki Səfirliyi ilə əlaqədədir: “Vətəndaşlarımızı hərbi qüvvələrin, hərbi obyektlərin cəmləşdiyi əraziyə getməkdən çəkinməyə, sərhəd vilayətlərinə səyahət etməməyə çağırırıq. Öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır. Bizdə olan məlumatlara görə, bütün yollar tıxacdır”.

Səfir qeyd edib ki, hazırda Ukraynada vəziyyət gərgindir: “Biri deyir rus ordusu Xarkovu tutub, o biri deyir Lvovu. Hələ ki, informasiya dəqiq deyil. Dezinformasiyalara inanmayın. Burada vatsap və internetdən başqa, adi telefon belə işləmir. Harasa zəng etmək, çox çətindir. Telefonlar blok olunub. Telefon vasitəsilə biz demək olar ki, heç yerə çıxa bilmirik”.

Elmira Axundova əlavə edib ki, Kiyevdəki səfirlikdə və Xarkovdakı fəxri konsulluqda vətəndaşlar üçün qaynar xətt yaradılıb: “Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”.