“Texnikabank”ın həbsdə olan filial müdiri ilə bağlı - Əmlak qalmaqalı

texnikabankin-hebsde-olan-filial-mudiri-ile-bagli
Oxunma sayı: 5257

“Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri, 15 il azadlıqdan məhrumetmə cəzası alan Zal Yusifovun atası Zakir Yusifov əmlakının müsadirə olunmasından şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən Zakir Yusifov xatırlatma edərək bildirib ki, oğlu 2006-2008-ci illərdə “Texnikabank”ın filial müdiri işləyib. Ona qarşı açılan cinayət işi isə 2008-ci ildə Bakı filialında baş verən olaylarla bağlı olub. Şikayətçinin sözlərinə görə, məhkəmənin hökmü ilə onun adına olan “Humay” şadlıq sarayı da qanunsuz olaraq müsadirə edilən əmlaklar sırasına düşür.

“Halbuki, mən “Humay” şadlıq sarayına görə 1992-ci ildə, Rəsulzadə qəsəbəsindəki evə görə isə 2002-ci ildə əmlak hüquqlarına sahib olmuşam. Mənim 4 oğlum, 20 nəvəm, 18 nəticəm var. Belə çıxır ki, onların törətdiyi bütün əməllərə əmlakımla cavabdeh olmalıyam? Bu hansı məntiqə sığır?

Son vaxtlar mətbuatda adım tez-tez hallandırılır, bilmirəm hansı məqsədlə, amma sifarişli yazılar yazılır. Hətta bu işlə heç bir tanışlığı olmayan millət vəkillərinin şərhlərini dərc edirlər. Mən inanmıram ki, onlar işin tam təfərrüatını bilməmiş fikir yürütsünlər. "80 yaşlı ahıl dəyəri milyonlarla ölçülən əmlaka necə sahib ola bilər” deyə mətbuatda yazılar gedir. Bildirmək istəyirəm ki, 76 yaşım var. O əmlakı əldə edəndə isə 53 yaşım olub. Bundan başqa, oğlumun vətəndaşlara məxsus 38 milyonu mənimsədiyi yazılır. MTN-nin istintaq idarəsində aparılan ittihamlar aktında da elə məbləğ göstərilməyib. Bu qədər şişirdilmiş rəqəmlərlə ictimaiyyəti niyə çaşdırırlar?”.

Qeyd edək ki, Zakir Yusifov Ali Məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsin götürülməsini istəyib. Məhkəmə də hökmün əmlaklarla bağlı hissəsinə yenidən baxılması üçün təqdimat verib. Lakin Apellyasiya Məhkəməsi təqdimatla bağlı şikayəti təmin etmir. Ali Məhkəmə müraciət edilsə də, hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edirlər. Növbəti Apellyasiya şikayəti təmin edilmədikdə isə Zakir Yusifov yenidən Ali Məhkəməyə üz tutur. Hakim heyəti bu ilin noyabrın 12-də Apellyasiya məhkəməsinin qərarını növbəti dəfə ləğv edir və iş yenidən Apellyasiya instansiyasına qaytarılır.

Xatırladaq ki, 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifova əmlakı müsadirə olunmaqla 15 il iş verilmişdi. Z. Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalından tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Belə ki,  sözügedən məhkəmə ölkə mediasında geniş işıqlandırılmışdı. Hətta müğənni Xatirə İslamın adı da bu işdə hallanırdı.  İslam Yusifov istintaq ifadəsində qeyd etmişdi ki, müğənni Xatirəni 16 yaşından tanıyır:

“Biz Xatirə ilə birlikdə təxminən 4 il qeyri-qanuni yaşamışıq. Yaxın münasibətdə olduğum müddətdə Xatirəyə maddi tərəfdən çox köməklik etmişəm. Ona bir neçə daşınmaz əmlak, ev və maşın almışam. Xatirəyə aldığım iki ev üçün 100 min manat xərcləmişəm”. Onu da əlavə edək ki, bu ilin martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilmiş və o dərhal azadlığa buraxılmışdı.