“Trampı Dəməşqə dəvət et” - Putindən Əsədə təklif

trampi-demesqe-devet-et
Oxunma sayı: 2655

Rusiya Prezidenti Vladimir Putin Suriyaya rəsmi səfəri zamanı həmkarı Bəşər Əsədə ABŞ Prezidenti Donald Trampı ölkəsinə dəvət etməyi təklif edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putinlə Əsədin Müqəddəs Məryəm pravoslav kilsəsindəki görüşündən yayılan videoda məlumat var. Kilsədə dövlət başçıları həvari Pavelin Dəməşqin giriş qapısında xristianlığı qəbul etməsi haqda söhbət ediblər. İnanca görə, Pavel şəhərə daxil olanadək kor olub və səmada İsa peyğəmbər görünərək yepiskopun evinə gedən birbaşa yolu görməsi üçün onun gözlərinə işıq verib.

Bu zaman Əsəd zarafatla “Tramp da bu yola gəlsəydi, hər şey onunla da normal olardı” deyib.

Putin isə “Düzələr, düzələr... Dəvət edin, gələr” cavabını verib.

Əsəd ABŞ rəhbərini qəbul etməyə istənilən vaxt hazır olduğunu bildirib. Rusiya Prezidenti bu dəvəti Trampa çatdıracağına söz verib.

Xatırladaq ki, Vladimir Putin yanvarın 7-də Suriyada rəsmi səfərdə olub.