“Türkcə danışdığıma görə oğluma qarğış edirlər” - Video

turkce-danisdigima-gore-ogluma-qargis-edirler
Oxunma sayı: 8503

Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva türkcə danışdığı üçün onu qınayanlara cavab verib.

”Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, model bunun ayıb olmadığını bildirib:

“Mən illərdir, Türkiyədə yaşayıram. Azərbaycana ildə iki dəfə iki günlük gəlirəm. Türkcə danışmağım normaldır. Bunu MTRŞ də, ATV kanalının prodüser heyəti də bildiyi üçün qəbul etdi və dəstəklədi. Amma siz türk düşməni olmusunuz. Bəs, bir millət iki dövlət idik? Yoxsa, mən ermənicə danışıram? Niyə? Səbəb nədir, paxıllıq, qısqanclıq, yoxsa, həqiqətən, türk dilinə nifrət bəsləyirsiniz?”.

Qeyd edək ki, Günay Musayeva türkcə danışdığı üçün sosial şəbəkədə onun oğluna qağış edən izləyiciyə görə böyük stress keçirdiyini də söyləyib. ATV-də yayımlanan "Bizimləsən" verilişinə açıqlama verən Günay ən çox həmin şərhdən incidiyini deyib:

"Hazırda qızdırma içindəyəm. Çox danışa bilmirəm. Ümid edirəm ki, bu veriliş bütün həqiqəti ortaya çıxaracaq. Haqqımda edilən bütün təhqirlər, böhtanlar – hamısı heç. Heç biri xətrimə dəymədi. Bu yerlərə mən zəhmətimlə gəlmişəm. Başqaları kimi pul tökmədim, arxamda kimsə olmadı, hər şeyi təkbaşına etdim. Statuslarıma təhqir dolu şərh yazanlara da əhəmiyyət vermədim. Amma mənə ən çox təsir edən oğluma qarğış etmələri oldu. 3 yaşında uşağın nə günahı var? Kimin haqqı çatır ki, ona qarğış etsin? Mən uşağım üçün başqa ölkədə çalışıram, müalicəsiylə məşğul oluram. Həftənin 5 günü o uşaq pedaqoq yanına gedir. Onu xeyirli övlad kimi böyütməyə çalışıram. Ən çox məni incidən o mesaj oldu. Bu necə insafsızlıqdır? İnsanların qəlbi bu qədər qaralıb? Türkcə danışdığım üçün xalq düşmənimi oldum? Axı, burda qəbahət nədir? Hamı rahatlayacaqsa, mən bu verilişdən çıxmağa da hazıram. O iştirakçıya gəldikdə isə, mən həmişə onu dəstəkləmişəm. Verilişi izləyənlər bilir, mən ona nə demişəm. Sadəcə, elə bir hissəsini kəsib verdilər ki, guya mən ona qışqırıram, o ağlayır. Halbuki, mən ona yarışın qaydalarını pozduğu üçün xəbərdarlıq etdim. İştirakçılar danışsın, hər şey ortaya çıxsın”.

Xatırladaq ki, Günay Musayeva “Bu stil mənim” verilişində türk dilində danışdığı üçün ictimaiyyət və millət vəkilləri tərəfindən qınanmış, bununla bağlı tədbirlər görülməsinin vacibliyi qeyd olunmuşdu.