Türkiyə Azərbaycana viza tətbiq edir - Siyahıda 89 ölkə var+Yenilənib

turkiye-azerbaycana-viza-tetbiq-edir
Oxunma sayı: 6649

Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi yenidən gündəmdədir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu ilin iyunundan etibarən Avropa İttifaqı xaricindəki 89 ölkəyə viza tətbiq ediləcək.

Bu siyahıya sadəcə Suriya, Əfqanıstan kimi qanunsuz miqrant potensialı olan ölkələr deyil, eyni zamanda, Türkiyəyə xeyli sayda turist göndərən ölkələr də daxildir.

Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi təmin etməyə hazırlayan Türkiyənin bu addımı turist itkisi baxımından riskli hesab edilir. Lakin Aİ-nın viza tətbiq etdiyi bütün ölkələrə Türkiyənin də viza tətbiq etməsi lazım gələcək. Həmin ölkələr arasında Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Ekvador, Makedoniya, Maldivlər, Ukrayna, Rusiya, Monqolustan, Özbəkistan, Tacikistan, Türkmənistan kimi ölkələr də var.

***

Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir.

Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.

Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində yer alan məlumata görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.