“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, haqqin.az saytının rəhbəri Eynulla Fətullayev “Üç Eldar Namazov” adlı yazı ilə çıxış edib. “Qafqazinfo” həmin yazını təqdim edir:
Azərbaycan hakimiyyəti 2005-ci il parlament seçkiləri ərəfəsində ilk dəfə olaraq Rusiya seçki texnologiyasının yeniliyini - siyasi klonlama üsulunu tətbiq etdi. Məşhur politoloq Eldar Namazovun namizəd olduğu seçki dairəsində tamamilə gözlənilməz şəkildə və qəfildən daha iki Eldar Namazov peyda oldu. Hakimiyyət klonlama taktikasını ilk və son dəfə yalnız E.Namazova münasibətdə tətbiq etdi.
Heydər Əliyevin sabiq köməkçisinin keçmiş silahdaşlarının bununla nə demək istədikləri mənim üçün böyük sirr olaraq qalır. Amma arada mənə belə gəlir ki, Eldar Namazovun klonlaşdırılması sakral məna daşıyırdı. Hakimiyyət bu siyasi ritualla ona məlum olan daha iki Namazovun sifətini açıb göstərdi.
Eldar Namazov indi özünün keçmiş şefinin kürsüsünə iddia edir. Söz yox, o, heç vaxt indiki prezidentin köməkçisi olmayıb. Amma hamı çox gözəl bilir ki, İlham Əliyev Ailə və Dövlət idarəçiliyinin bütün iplərini 1998-ci ildən etibarən tədricən öz əlində cəmləməyə başlamışdı.
Mən E.Namazovla çox yaxın ünsiyyətdə olmuşam. Onu həyatının müxtəlif dövrlərində yaxından müşahidə etmişəm. Biz onunla “Realnıy Azerbaydjan” qəzeti çərçivəsində hətta əməkdaşlıq da etmişik. Politoloq bu qəzetin səhifələrində Heydər Əliyevin köməkçisinin memuarları rubrikasında həyatının hakimiyyətdə keçən parlaq illəri haqda danışırdı. Lakin bu gün özünü daha çox demokrat və liberal kimi təqdim edən E.Namazovla ilk tanışlığım 1999-cu ildə onun hay-küylü istefasından az sonra baş verib. O zaman mən “Monitor” jurnalının siyasi şərhçisi kimi Lalə Şövkətin hamının yaxşı tanıdığı keçmiş köməkçisi Rəşad Rzaquliyevdən E.Namazovla müsahibə almağa yardım göstərməsini xahiş etmişdim. R.Rzaquliyev o zaman həm də Namazovun qeyri-rəsmi köməkçisi (Allah saxlasın, hər ikisi də köməkçi!) funksiyasını icra edirdi.
Həmin illərdə Namazov mətbuata indi olduğu qədər açıq deyildi. Hakimiyyətin qüdsiyyətinə bilavasitə çıxışı olan bir adamla görüşməyə nail olmaq elə də asan məsələ sayılmazdı. Lakin mən görüş ala bildim. Və Eldar Namazovla müsahibəyə başlayandan beşcə dəqiqə sonra o, mənim İlham Əliyevin hakimiyyətə gəlməsi perspektivləri ilə bağlı (onda 2002-ci il idi) tikanlı və kəskin sualıma cavabında diktofonu əlimdən alıb söndürdü. “Söhbətimiz bitdi” - deyə indiki demokrat bildirdi.
Mən bu əhvalatı rəhmətlik Elmara danışdım. Lakin Elmar məndən fərqli olaraq təəccüblənmədi. 1998-ci ildə “Azərbaycanlılar XXI əsrin millətidir” məqaləsinin müəllifi Elmar Hüseynova qarşı iyrənc təbliğat kampaniyasının təşkilatçısı məhz Heydər Əliyevin köməkçisi Eldar Namazov olmuşdu. Bu məqalə o vaxt hakimiyyətdə E.Namazovun hazırkı silahdaşı Əkrəm Əylislinin kitabı ətrafında yaranmış son qalmaqalda olduğu sayaq kəskin reaksiya doğurmuşdu. Sonradan “sülh göyərçini”nə çevrilən Namazov həmin illərdə Əliyev komandasının “qırğısı” idi. “Qırğı”nın vəzifəsi isə ondan əcinnə ovlamağı tələb edirdi. O, Elmarı əcinnələr siyahısına saldı...
Namazovun 2002-ci ildəki müsahibəsini niyə xatırladım?! Ona görə ki, demokrat və ziyalı Namazov iki həftə öncə bizim sayta müsahibə verməkdən imtina etdi. Niyə axı?! Hələ də anlamırdım. Görünür, söhbət dördüncü Eldar Namazovun doğuluşundan gedir. Bunu zaman göstərər. Lakin gəlin dördüncü Eldar Namazovun simasına nəzər salmazdan öncə əvvəlki üç politoloqun tarixçəsinə baxaq...
Birinci Namazov
O, öz siyasi karyerasına demokrat kimi başlayıb. Necə deyərlər, ilk məhəbbət ömür boyu unudulmur. Baxmayaraq ki, Namazov özünün ilk siyasi məhəbbətinə 1993-cü ildə xəyanət etdi. O, cəbhəçilərlə əməkdaşlıqdan imtina edərək özünü tələm-tələsik hakimiyyət zirvəsinə doğru yürüyən yeni axının ağuşuna atdı. Debatlar aparmaq üçün ictimai evlərin təşkilinə sevgi hissi Namazovda o, Gənc Alimlər Klubuna başçılıq edən vaxtlarda yaranıb. İctimai zallar yaratmaq həvəsi və aludəçiliyi politoloqu ta postliberal dövrə qədər təqib edəcəkdi. O, bütün partiya və zümrələrdən olan ləkəli siyasi fəalları cəlb etməyə çalışdığı müxtəlif klub, forum və sair siyasi yığıncaqlar yaratmaq üzrə pionerdir. Amma onun özünün komandası və sosial bazası heç bir halda meydana çıxmadı. O, texnokrat və aparat işçisi kimi, kiminsə komandasının üzvü kimi pis deyildi. Gənc, təhsilli, məlumatlı, analitik təhlil qabiliyyətinə malik biri olaraq cəlbedici idi. Lakin heç kim onu birinci şəxs, lider kimi heç bir halda qəbul etmirdi. Buna hələ sonra qayıdarıq...
Beləliklə, Namazov xalq hərəkatı və cəbhəçilərlə qısamüddətli əməkdaşlıqdan sonra siyasi həyatdakı yeni istiqaməti tezliklə müəyyən elədi və cəld şəkildə Heydər Əliyev düşərgəsinə keçdi. Söz yox, əvvəllər Namazovun əhatəsində olanların çoxu əmindir ki, Naxçıvana getməyin və Azərbaycan siyasətinin sükançısı ilə görüşməyin vacibliyini gənc analitikin qulağına hansısa güclü adamlardan biri pıçıldamışdı. Məndə bu güclü adamın kim olması ilə bağlı hələ də şübhələr var. Namazov hələ 80-ci illərin sonlarında indiki Ziyalılar Forumunun prototipi olan Gənc Alimlər Klubu ilə yanaşı Azərbaycanda ilk analitik mərkəz də yaratmışdı. Bu mərkəz yaxın xaricdən, diqqətli oxucular yəqin ki, anladılar - məhz Moskvadan kifayət qədər ciddi yardımlar alırdı. Xalq Cəbhəsi elitasına yaxın olan gənc politoloqun analitik hesablamaları Azərbaycanın siyasi həyatının inkişaf istiqamətlərini müəyyən edən moskvalılar tərəfindən də anlayışla və hörmətlə qarşılanırdı. E.Namazov Heydər Əliyevin Moskvaya səfəri və xüsusi xidmət orqanları generalları ilə məsləhətləşmələr aparması barədə məlumatlı idi. Deyilənə görə, elə həmin bu generalitet onun ölkədəki vəziyyətlə bağlı analitik arayışlarına böyük “itaətkarlıqla” yanaşır, onlara inanırdı. Hər halda heç də təsadüfi deyildi ki, E.Namazov H.Əliyevin hakimiyyətə gəlişindən dərhal sonra o dəqiqə Prezident Aparatında peyda oldu. Burada o zamankı dövlət katibi Lalə Şövkətin himayədarlığı da müəyyən rol oynamışdı. Lalə Şövkət də Bakıya Moskvadan gəlmişdi. Namazovun həyatının demokratik hissəsi bununla da müvəqqəti olaraq qırıldı. İkinci Namazovun təşəkkül tapması da elə bu nöqtədə başladı...
İkinci Namazov
Mən getdikcə daha çox bu nəticəyə gəlməyə meylliyəm ki, Heydər Əliyevin Eldar Namazovun hakimiyyətdəki perspektivləri ilə bağlı böyük planları var idi. Patriarx bilirdi ki, vaxt gələcək, aparatın əsas idarəçisi olan Akela qocalacaq və mütləq səhv buraxacaq. Və E.Namazovun simasında ona layiqli əvəzedici hazırlayırdı. E.Namazov ilk dövrlərdə Patriarxın ümidlərini tamamilə doğruldurdu. O, sözəbaxan icraçı idi, amansız idi, müxalifətə qarşı bütün repressiv kampaniyaları canla-başla dəstəkləyirdi, Sistemə və komanda-kazarma rejiminə bacardığı qədər xidmət edirdi. E.Namazova etimad o qədər böyük idi ki, onun üçün xüsusi Katiblik də yaradıldı. Bu qurum Mehdiyev aparatının bir növ alternativi idi. Prezidentin bütün yazışmaları, o cümlədən güc strukturlarının rəhbərləri ilə yazışmaları məhz Namazovun Katibliyindən keçib gedirdi. Bunu cəsarətlə deyə bilərəm ki, E.Namazov 1998-ci il prezident seçkilərinə qədər daxili siyasətdə ən vacib siyasi qərarların qəbulunda iştirak edən məmurlardan biri idi.
Yadfikirliliyə qarşı repressiyaların kulminasiya nöqtəsi də məhz Namazovun üstün mövqelərdə olduğu dövrə təsadüf edirdi. Bunun nəticəsində 3 mindən çox siyasi məhbus həbsxanalara dolduruldu. Ən parlaq nümayəndələrindən birinin E.Namazov olduğu yeni siyasi kasta qaykaları tələsik sıxıb bərkitdi, yenidənqurma dövrünün bütün qol-budaqlarını təmizləməyə çalışdı. Namazov özü də haçansa elə həmin yenidənqurmanın övladı olmuşdu...
Zamanın saraltdığı “Panorama” qəzetini vərəqləyin, “Şərq” agentliyinə, həmçinin cənab Namazovun digər media layihələrinə nəzər salın. Bu mətbu orqanlarda müxalifətə və liberal fikirli düşərgəyə qarşı həyasızcasına kampaniya gedirdi. Bəs E.Namazovun təşəbbüsü, Kəmaləddin Heydərovun isə pulları ilə yaradılan mürtəce “Space” telekanalı?! Hakimiyyətə hələ ata Əliyevin idarəçiliyi dövründə bağlanan ANS telekanalına və onun rəhbərliyinə münasibətdəki bütün mənfi fikirlərimə rəğmən ədalət naminə deməliyəm ki, ANS demokratik siyasət yürüdür (xüsusilə də bu günlə müqayisədə), ölkənin istisnasız olaraq bütün siyasi qüvvələrinə tribuna verirdi. Namazovun telekanalının vəzifəsi isə ANS-in tamaşaçı auditoriyasının bir hissəsini özünə cəlb etmək idi. Əlbəttə ki, Namazovun telekanalı o dövrlərin parlaq telekanalın - ANS-in fonunda boz və primitiv rəsmiyyətçilik təsiri bağışlayırdı. Demokrat Namazova heç olmasa ANS kimi bir telekanal yaratmaqda nə mane olurdu? Axı onların ikisi də hakimiyyətə işləyirdi, elə deyilmi?!
Üçüncü Namazov
Namazov bu gün nəyin uğrunda mübarizə aparır? Demokratiya və söz azadlığı uğrundamı? Axı o, bu ikisini də məhv etmişdi. O, müxalifətin aşınması, demokratik dəyərlərin ucuzlaşıb qiymətdən düşməsi və onların dəfn edilməsi özündən asılı olan hər şeyi etmişdi. Bəs onu “birinci Namazov”un bu dəyərlərinə yenidən qayıtmağa nə vadar etdi?
Özünü Qarabağ ideyasının qurbanı kimi təqdim edən Namazov hakimiyyətdən və Əliyev administrasiyasından gedişinin səbəblərini əlbəttə ki, çox gözəl bəzəyib-düzəmişdi. Hərçənd ki, Heydər Əliyevin Katibliyinin rəhbərinin əvvəlcə vurulmasının, sonra isə istefaya göndərilməsinin əsl səbəbləri həm hakimiyyətdəki, həm də müxalifətdəki məlumatlı və ağıllı adamlara yaxşı məlum idi. Heydər Əliyevin Bill Klintonla yazışması digər sənədlərlə birgə müxalifətin o zamankı lideri Etibar Məmmədovun seyfində gizlədilmiş qovluğun içindən çıxmışdı (yeri gəlmişkən, Etibar Məmmədov da 1998-ci il seçkilərində oynamış və oyun qaydalarını pozmuş, bunun da nəticəsindən ziyan çəkmişdi). Sonralar məlum oldu ki, bu yazışmanın mətnini Eldar Namazov özü sızdırıb. Qoca Akela isə bundan ləzzətlə istifadə edib rəqibinə “toy” tutdu. Namazov vuruldu. Onun bu hakimiyyətdə artıq heç bir perspektivi qalmadı.
Ona hətta hakim Yeni Azərbaycan Partiyasına üzv olmaq haqdakı bəyanatı da kömək etmədi. O, bu ərizəni 1998-ci il prezident seçkilərindən sonra tələm-tələsik yazmışdı. Onun yalnız bir yolu qalmışdı: qapını mümkün qədər bərk vurub çıxmaq. Yaxşı ki, sadəlövh Tofiq Zülfüqarov özünü vaxtında yetirib ona qarşıdakı İstanbul sammiti barədə məhrəm söhbətlər eləmişdi...
İstanbul sammiti, Qarabağın gələcəyinə dair gərgin danışıqlar, hakimiyyət Ustasının diplomatik oyunları Namazova çıxış yolları açmışdı. İndi o, yalnız bəxtə-taleyə - Azərbaycanda siyasi rejim dəyişikliyinə bel bağlamağa məcbur idi. Namazov monumental Azərbaycan diktaturasının qurulması işində özünün kömək etdiyi, habelə etimad gördüyü adamlara qarşı mübarizə aparmağa başladı.
Namazovun bəxti yaxşıca gətirmişdi. Bu hadisə dördüncü prezidentin hakimiyyəti illərində baş versəydi, heç bir şübhə yoxdur ki, o, indi özünün indiki tayfa müttəfiqi olan Əli İnsanovla qonşu kamerada idi.
Amma Namazovun bəxti gətirmişdimi? Bu fikrə düşməklə bəlkə də günaha batıram. Amma ola bilərmi ki, Namazova istefaya getməyi ona bir vaxtlar Heydər Əliyevin komandasında yer göstərən qüvvələr tövsiyə ediblər?! Kreml generaliteti H.Əliyevin sülh planını bütün gücü ilə bombardman etməyə çalışırdı - İrəvanda parlament gülləboran edildi, Bakıda isə məmurların hay-küylü istefaları baş verdi...
Ya zəlzələdən, ya vəlvələdən, Namazov cəngavər demokrat zirehini yenidən çiyninə salıb insan haqları və demokratiyanın qələbəsi uğrunda döyüşə atıldı. Təsəvvür edin ki, o, illər öncə başını əzdiyi “Monitor” həftəliyi üçün məqalələr yazmağa başladı, blogerə çevrildi, özünü dissident kimi göstərdi, mitinqlərə çıxdı... Namazovun yenidən doğuluşu baş verdi. Yaxşı ki, bizim müxalifət də (elə hakimiyyət kimi) vətəndaş müharibəsi illərində olduğu sayaq cəbhə xəttinin bu tərəfinə qaçanlara qucaq açmağa meyllidir. Necə deyərlər, “əsas məsələ düşməni ötüb keçməkdir, prinsiplər isə özü-özünü müdafiə edər”.
Bunlarla yanaşı E.Namazov nəyə görəsə özünün tayfa başçısı imicini möhkəmləndirməyə başlamışdı. Ağstafa rayonundan olan Namazov nəyə görəsə ermənistanlıya çevrildi. Bununla da görünür, azərbaycanlılar arasında dəbdə olan tayfabazlıqdan vaxtında, yəni oliqarxiya kapitalizminin Paşayevlər formasiyasının bərqərar olmasına qədərki dövrdə uğurla yararlanmış prezidentinin bu uğurlu modelini yamsılamaq, onun bu nailiyyətini təkrarlamaq istəyirdi.
Lakin bu model 2005-ci ildə artıq işləmirdi. Ölkə dəyişmişdi. Namazov bunu ya anlamırdı, ya da Əli İnsanov qruplaşmasını aldadıb onu birinci Ziyalılar Forumunun (İbrahimbəyova qədərki mərhələdə) yeminə çevirmək üçün belə edir, tayfabazlıq xurafatının dirçəlməsinə, bununla da hakimiyyəti “narıncı inqilablar” modeli üzrə parçalamağa bel bağlayırdı. Bu isə Namazovun yenidən girdiyi demokrat obrazına ziddir. Namazov əlindəki bu “vacib işlər”, iki daşın arasında YES seçki bloku da yaratmağa macal tapdı. Amma onun meyvələrini yalnız Vahid Əhmədovla Əli Məsimli dərdi. Namazovdan fərqli olaraq bu ikisini parlamentə buraxdılar...
Namazov Ziyalılar Forumunu sonra yenidən dirçəltməli oldu. Yaxşı ki, bu dəfə incidilib narazı salınmış İbrahimbəyov, unudulmuş Rafiq Əliyev və digər təqaüdçülər ələ düşdü. Bu işləri arasındakı fasilələrdə o, bəzən “ermənistanlılıq işi” ilə bərabər özünü Paşayevlərin adamı kimi qələmə verməyə çalışır, bu zaman hətta qohumluq əlaqələrinə eyhamlar vurur, hətta birinci ledinin prezidentliyə namizədliyinin irəli sürülməsi kimi əcaib ideyalar səsləndirməyə qədər gedib çıxırdı.
Bütün bunları nəzərə alanda məndə qəti əminlik yaranır ki, hakimiyyətin qapıları Namazovun üzünə bir daha açılsa, o, yenidən qırğıya çevriləcək. Və yenə uduzacaq. Bilirsinizmi niyə? Çünki Namazov ölkənin Şahmat Federasiyasına uzun illər rəhbərlik etməsinə baxmayaraq (məmurların idman federasiyalarının rəhbəri postunu tutması o vaxtdan dəbə mindi) şahmat oynamağı heç cür öyrənə bilmədi. Şahmatçıların çoxu belə hesab edir. Onlar federasiyanın və ölkənin şahmat məktəbinin 90-cı illərin sonunda tamamilə dağılmasının günahını Namazovda görür.
E.Namazov dahi qrossmeysterin böyük oyununu uzun illər müşahidə etdi. Və ona bir anlığa elə gəlmişdi ki, o da belə oynaya bilər. Bilirsinizmi, Kasparovun bütün pərəstişkarları xüsusilə də Namazovun Böyük Şahmat Taxtasına gedən yolunu açmış yenidənqurma ərəfəsində bu taxtada dahi qrossmeysterə xas olan nəsə virtuoz oyun göstərməyi arzulayırdı. Hər kəs həyatı boyunca belə bir istəyə düşür. Hər üç Eldar Namazovun faciəsi də elə bundadır...
www.haqqin.az saytı