Şəhidimizin tabutunun üzərindəki bayraq anasına verildi - Video

sehidimizin-tabutunun-uzerindeki-bayraq-anasina-verildi
Oxunma sayı: 2709

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib və yaylım atəşi açılıb.

Şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağı onun anasına təqdim olunub. Bayrağı təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid anasının qarşısında diz çöküb. E. Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun erməni işğalına son qoyduğunu bildirib.

Dəfn mərasimində, həmçinin Salyan rayon İH başçısı Sevindik Hətəmov, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, şəhidin qohumları iştirak ediblər.

Qeyd edək ki, İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilirdi.

Əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu günlərdə azad edilmiş ərazilərdə aşkar edilib.