Yarım əsrin hegemonu... - İlhamə Quliyeva

yarim-esrin-hegemonu
Oxunma sayı: 24686

Xəbər verdiyimiz kimi Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib.

“Qafqazinfo” xatırladır ki, İ. Quliyeva Azərbaycanın ən qalmaqallı və təzadlı ömür yolu keçən sənətkarlarındandır. Hətta doğum tarixi ilə bağlı belə mübahisələr olan İ. Quliyevanın Vikipediya məlumtlarına görə o, 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyeva 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Azərbaycan estradasında ən çox titullara sahib olan İ. Quliyeva həm ifa təzinə, həm də davranışlarına görə həmkarlarından fərqlənməyi bacarıb.

Xanım Quliyevanın ifa etdiyi mahnıların böyük əksəriyyətinin hitə çevrildiyi hər kəsə bəllidir. “Neylərsən”, “Unut məni”, “Yaşın nə fərqi var ki”, “Ay Qaragilə” və digər onlarla mahnısı illərlə populyarlığını qoruyub. Azərbaycan və Dağıstanın xalq artisti adını alan sənətkar bununla kifayətlənməyib, ölkə prezidenti tərəfindən “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Şəxsiyyət olaraq hegemonluq xüsusiyyətlərinə malik olan İ. Quliyeva uzun müddət bu statusunu qoruyub saxlayıb. Şou-biznes əhli heç zaman sözündən çıxmayıb, ona hörmətlə yanaşıblar və ya yanaşmağa məcbur olublar. Xalq artisti Flora Kərimova ilə onillər əvvəl başlayan düşmənçiliyi ömrünün sonuna kimi davam edib.

Vəfatından az öncə də həyatının ən böyük qalmaqalı ilə gündəmə gələn xalq artisti medianın manşet xəbərinə çevrilmişdi. Məhz elə bu qalmaqaldan sonra – xalq artisti Aygün Kazımova, Elza Seyidcahan və həmçinin bir sıra ictima-siyasi şəxs ona qarşı sərt ittihamlar səsləndirmişdi.

Primadonnanın övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. O həm də məşhur sənətçi Tükəzban İsmayılovanın qızıdır

Bütün müsbət və ya mənfi tərəflərinə baxmadan İ. Quliyeva Azərbaycan mədəniyyətinə öz adını yazmış sənətkarlardan biridir. Onun ən populyar mahnılarından bir neçəsini təqdim edirik: