“Yarım saata MTN-in bizi mühasirəyə alması müəmmalı idi” - Miryusif Mahmudov

yarim-saata-mtn-in-bizi-muhasireye-almasi-muemmali-idi
Oxunma sayı: 8485

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Hakim bildirib ki, Q.Novrozuv səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli serrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib: “Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

Dövlət ittihamçısı bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil: "Buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur".

Təqsirləndirilən "GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov sərbəst ifadəsinə davam edib. O bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: "Yanğın başlayandan yarım saat sonra MTN-nin xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır.

Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm? Mən həyatımı mübarizəyə həsr etmək istəmirəm, mən yaşamaq istəyirəm. MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yola getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi. MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq qabağıma 3 kağız qoyub imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə, fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumları lazımıi sənədləri vermişdik. Mənə mütəşəkkil dəstə yaratmaq ittihamı verilib, amma burdakıları elə burda tanımışam".

Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub.

Proses davam etdiriləcək.

***

Fasilədən sonra M. Mahmudov sualları cavablandırıb.

O, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla münasibətlərindən danışıb: "Normal əlaqəmiz var idi. Bir dəfə başqa bir işlə bağlı onun yanında idim. Xaləddin İsgəndərov bina üzləmək üçün materialımız olub-olmadığını soruşdu. Mən də dedim ki, əgər istəyirlərsə bu işi görə bilərik. Biz razılaşdıq, başçı birinci müavini Qəzənfər Novruzovu çağırıb mənimlə tanış etdi. Məsələ barədə ona da dedi. Mən də bizim şirkətdən İlqar müəllimin zəng edib Qəzənfər müəllimlə görüşəcəyini dedim".

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.

Murad Əhməd