Yazıçılar Birliyindən istefalar başladı - - Yeniləndi

yazicilar-birliyinden-istefalar-basladi-
Oxunma sayı: 2904


A. Ayvaz bildirib ki, AYB-dən istefa qərarını çoxdan verib: “Sadəcə olaraq Şərif Ağayarın çıxarılması bu prosesi tezləşdirdi. AYB mənim üçün artıq əhəmiyyətini itirmiş qurumdur. Hətta oxucularımın çoxu da mənim AYB-də olmağımı yaxşı qarşılamırlar. Həm də bu səbəbdən istefa verirəm. Artıq AYB üzvü adı daşımaq istəmirəm”.

A. Ayvaz onu da əlavə edib ki, o, AYB-dən 2 ildir təqaüd alır və AYB-dən çıxmasından sonra bunu onun başına qaxınc etməsinlər: “Eyni zamanda ev növbəsində də mənim adım vardı. Mən inanmıram ki, həmin ev də mənə verilə”.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ayxan ailəsində olan problemlərə görə, AYB-dən 2 il təqaüd alıb və təqaüd müddəti bitən kimi də istefa verir: “Çoxları pula görə AYB-yə üzv olurlar, pul qurtarandan sonra da çıxıb gedirlər. Təəssüflər olsun ki, bu belədir”.

R. Məcid onu da qeyd edib ki, A. Ayvazın bu qərarını emosional addım kimi qiymətləndirir: “O hələ nə yazıb-yaradıb ki, gənc oğlandır. Sabah yazıçı olub-olmayacağı da məlum deyil. Biz səhv edirik ki, elə adamları Yazıçılar Birliyinə qəbul edirik”.

Qeyd edək ki, bu gün qurumdan daha iki istefa baş verib. 

Yazar Elnaz Eyvazlı da Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib. 

 Elnaz Eyvazlı Kulis.Az-a verdiyi açıqlamada bildirib ki, təzyiqlə üzləşmək istəmir: "Mən öz yazılarıma kəlmə-kəlmə cavabdehəm. Nə vaxtsa hər hansı bir yazıma, hər hansı bir hadisəyə bildirdiyim münasibətimə görə təzyiqlərlə üzləşmək istəmirəm . Bu qorxu deyil, sadəcə azad olmaq istəyirəm. Kimsə deyə bilər ki, AYB sənin azadlığını boğmurdu, ancaq mən indi daha rahatam".

 Yazar deyib ki, bu barədə bir ilə yaxındır götür-qoy edirmiş: “Qərarıma əmin olduqdan sonra ərizəmi Birliyə təqdim etdim Ürəyimin səsilə qərar vermişəm , peşman deyiləm”.

 Xatırladaq ki, Elnaz Eyvazlının istefası barədə ilk xəbəri qaynar.info saytı yayıb. 

Yazıçı Babək Göyüş də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarını tərk etdiyini bəyan edib: 


O, "Oxu zalı"na göndərdiyi məktubunda yazır:

"Öz imzaları ilə ölkəmizin ədəbi tarixində iz buraxan yazıçıların - Sabir Əhmədlinin, Rafiq Tağının, Əkrəm Əylislinin, Şərif Ağayarın və digərlərinin Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən azad sözə görə xaric edildiklərinə etiraz olaraq AYB-nin sıralarından könüllü surətdə çıxıram və bəyan edirəm ki, 2004-cü ilin aprelində mənə verilən 1077 nömrəli üzvülük vəsiqəsi birtərəfli olaraq öz qüvvəsini itirir. Hörmətlə, yazar Babək Göyüş."
 
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu “Oxuzali”na bildirib ki, Babək Göyüş gətirib sənədləri birliyə təqdim etsin.
 
“Üzvlükdən çıxmaq deyəndə ki, guya Babək Göyüşü tanıyan var? İndi bu yolla özünü cəmiyyətə tanıtmaq istəyir. O vaxt biz onu tanışlıqla üzv qəbul etmişdik. Sənədlərini, üzvlük vəsiqəsini gətirib təqdim etsin, onu xaric edək". 

Xatırladaq ki, Şərif Ağayar AYB-nin birinci katibi Fikrət Qocanı təhqir etməsi ittihamı ilə birliyin üzvlüyündən xaric olunub.


Gənc yazar, prezident mükafatçısı Mövlud Mövlud da AYB sıralarını tərk edib. Bu barədə yazar özü Qaynar.info-ya məlumat verib.

O bildirib ki, istefasıyla bağlı artıq birliyə də məlumat verilib: “İdarəçilikdə demokratik prinsiplər pozulduğu üçün AYB sıralarını tərk edirəm. Artıq biletimi və ərizəmi birliyə təqdim etmişəm.”

Xatırladaq ki, Şərif Ağayar AYB-dən çıxarıldıqdan sonra bu sayca 4-cü istefadır. Bundan əvvəl yazarlar Elnaz Eyvazlı, Babək Göyüş və Ayxan Ayvaz istefa vermişdi.