Yol qəzasında həlak olan millət vəkili ilə bağlı sui-qəsd versiyası araşdırılır

yol-qezasinda-helak-olan-millet-vekili-ile-bagli-sui-qesd-versiyasi-arasdirilir
Oxunma sayı: 746

Dünən millət vəkili Hikmət Atayevin avtomobil qəzasında dünyasını dəyişməsi cəmiyyətdə şok effekti yaradıb. Bu hər gün qarşılaşdığımız və gündə bir neçə Azərbaycan vətəndaşının həlak olduğu adi bir yol nəqliyyat hadisəsi, yoxsa sui-qəsddir?

Millət vəkilinin ölümü ilə bağlı “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Məlumata görə sözügedən qəzanın arxasında şübhəli məqamlar var. Millət vəkilinin 06 markalı avtomobili şəxsən idarə etməsi və qəza ilə bağlı digər versiyalar hazırda araşdırılır.

Bu gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluq millət vəkilinin həlak olması ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə əks istiqamətdən hərəkət edən “VAZ-21015” markalı maşının sürücüsü Poçtbinə kənd sakini Şaban Qardaşov həbs olunub. Bununla yanaşı Hikmət Atayevə qarşı sui-qəsd planı da ehtimal olunur.

Qeyd edək ki, 2005 və 2010-cu illərdə 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Atayev parlamentdə aktiv fəaliyyət göstərməsə də, təmsil etdiyi bölgə olduqca həssasdır. Bu və ya başqa səbəblərdən dünən baş verən qəza adi yol terroru sayılmaya bilər. Hazırda Hüquq Mühafizə Orqanlarında baş verən qəzanın sui-qəsd olub-olmaması ilə bağlı araşdırılma aparılır və yaxın günlərdə bununla bağlı məlumat veriləcəyi gözlənilir.