Ziya Məmmədova daha bir zərbə

ziya-memmedova-daha-bir-zerbe
Oxunma sayı: 11800

Azərbaycanda yol-infrastruktur layihələrində uzun müddət podratçı olmuş İtaliya şirkəti, Vergilər Nazirliyinə külli miqdarda vergi borcu yaranan “İmpresa S.p.A” rəsmən müflis olub.

Şirkətin Azərbaycandakı layihə meneceri isə İnterpolun axtarışındadır və özünün dediyi kimi, heç bir günahı olmadığı halda “qurbanlıq quzu”ya çevrilib.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat haqda İtaliyanın “La Reppublica” qəzeti yazır. Əhvalatda “İmpresa S.p.A” şirkətinin Azərbaycandakı layihə meneceri Marko Di Giokomonun başına gələnlərdən bəhs edilir. Qəzet hazırda İnterpolun axtarışında olan bu italiyalı inşaat mühəndisinin başına gələnləri, onun Azərbaycan hökumətinə və İnterpola qarşı apardığı mübarizəni Kafkanın romanlarının süjeti ilə müqayisə edir

1975-ci ildə anadan olmuş bu italiyalı mühəndis Azərbaycanda işlədiyi 2012-2013-cü illər ərzində vergidən yayınmaqda ittiham olunur. O, Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən, Nəqliyyat Nazirliyinin sifarişi ilə yol-nəqliyyat infrastrukturu layihələrində podratçı kimi iştirak edən şirkətin Azərbaycan təmsilçisi olmayıb. Özünün dediyi kimi, konkret texniki vərdişlərə malik sadə əməkdaş işləyib.
Buna baxmayaraq şirkət müflis elan ediləndən sonra Azərbaycanın Vergilər Nazirliyi şirkətin vergi borcunu ondan tələb etməyə başlayıb.

Xatırladaq ki, bu yaxınlarda Vergilər Nazirliyi vergidən yayınan bir sıra iri şirkətlərin adlarını açıqlayıb. Onların arasında “İmpresa S.p.A” şirkətinin Azərbaycan nümayəndəliyi də yer alırdı.

Marko Di Giokomo

“Mən şirkətin Azərbaycandakı qanuni nümayəndəsi olmamışam. “İmpresa S.p.A” şirkəti vergidən yayınmada ittiham edilir. Mən maliyyə məsələlərində hər hansı rola malik olmamışam, sadə əməkdaş idim. Buna baxmayaraq onlar qəzəblərini məndən çıxırlar, qurbanlıq quzuya çevrilmişəm”- deyə adını İnterpolun siyahısından çıxarmaq üçün mübarizə aparan Marko Di Giokomo şikayətlənir.
O bildirir ki, İtaliya Xarici İşlər Nazirliyindən Azərbaycan hökumətinə təsir göstərməyi və adının “səhvən daxil edildiyi” İnterpoldan çıxarılmasına nail olmağı xahiş edib. Lakin nazirlik onun məsələsinə laqeyd yanaşır.

İtaliyalı mühəndis 2013-cü ilin iyun ayında Azərbaycanda işini qurtarıb və “İmpresa S.p.A” şirkətinin Oman sultanlığındakı layihəsində işləməyə göndərilib. Ancaq orada cəmi bir ay qala bilib.

2013-cü il, iyunun 19-da Markonun ünvanına Azərbaycan məhkəməsinə gəlmək barədə sorğu daxil olub. Sorğuda deyilirdi ki, Marko vergidən yayınmaqda ittiham olunur.

2013-cü il, iyulun 18-də ikinci sorğu daxil olur və Marko məhkəməyə gəlmədiyi üçün daha sonra onun barəsində beynəlxalq axtarış elan edilir.

2013-cü ilin dekabrında Marko Azərbaycanda ona qarşı cinayət işi qaldırıldığını öyrənir və İtaliya XİN-ə gedərək bu haqda məlumat verir.

2014-cü ilin yanvarında şirkət Markonu Eritreyaya təyin edir, ancaq mühəndis tezliklə şirkətdəki işindən istefa verir və “vəziyyətini aydınlaşdırmaq üçün” İtaliyaya qayıtmağı qərara alır. Çünki o, aeroportdaca həbs olunmaqdan qorxurdu.

Nəhayət, 2014-cü ilin avqustunda İtaliya XİN ona cavab verir. XİN bildirir ki, “İmpresa S.p.A” şirkəti Azərbaycandakı vergi borcunu ödəyəcək və nəticədə Markoya qarşı ittiham ləğv ediləcək. Buna baxmayaraq onun adı hələ də İnterpolun siyahısındadır.

Hazırda “İmpresa S.p.A” şirkətinin Azərbaycan nümayəndəliyinin müflis olma prosedura başa çatmaq üzrədir və şirkət ləğv olunma mərhələsindədir.

Şirkət Vergilər Nazirliyinə 700 min avro ödəməyə razılaşıb. Marko Di Giokomo isə Azərbaycan hakimiyyətinə “törətdiyi əməldən peşman olduğunu” bildirən və vergi borcunun ödənilməsinə dair razılığı nəzərə alaraq onun barəsində qaldırılmış cinayət işini bağlamağı xahiş edən məktub yazıb. Deyir ki, “heç bir günahı olmadığı halda şantaja boyun əyməli olub”.

Habelə avqust ayında İtaliya parlamentinin “5 Star” hərəkatından olan deputatı Daniel del-Qros onun məsələsinə dair parlament sorğusu göndərib. İtaliya xarici işlər naziri Paolo Centiloni bu sorğuya cavab olaraq bildirib ki, XİN, habelə Bakıdakı səfirlik bu məsələni əvvəldən diqqətdə saxlayıb.

Şirkət Vergilər Nazirliyinə borcunu ödəməyə razılaşıb və nazir ümid etdiyini bildirib ki, bu məsələ nizamlanandan sonra mühəndisin adı İnterpoldan çıxarılacaq.

Buna baxmayaraq italiyalı mühəndisin adı hələ də İnterpolun beynəlxalq axtarışda olan təhlükəli cinayətkarlar siyahısında qalır.

“Mən uzun müddət xaricdə işləmişəm. İndi bu axtarış üzündən ölkəni tərk edə bilmirəm. Peşəkar mühəndis olsam da ailəmi dolandırmaq üçün kredit götürməyə məcbur olmuşam”- deyə Marko şikayətlənir.
“İmpresa S.p.A” şirkəti Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi, Gəncə -Qazax (kənar yol) yol layihələrinin və digər layihələrin iştirakçısı olub. Bu, Azərbaycanda müfls olan ilk italyan şirkəti deyil. Bundan əvvəl Azərbaycanın yol-infrastruktur layihələrində yer alan “Todini” şirkəti də müflis edilmişdi.