“Qafqazinfo” xəbər verir ki, o, vəziyyəti qısaca belə şərh edib: “DYP postunun 50 addımlığında, 3 polis maşının sürücüləri saxlaması və saxlanan maşınların yolda əməlli başlı tıxac yaratması eybəcər bir mənzərə yaradırdı. Pis o idi ki, sürücülər polis maşınlarına «dəvət» edilir və içəridə, salonun gur işıqları altında şıdırğı alver aparırdılar. Bu mənzərə Bayraq Günündə ölkəmiz haqqında çox dolğun təsəvvür yaradırdı”.
Jurnalist qarşılaşdığı mənzərə ilə bağlı elə hadisə yerindəcə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayət etdiyini, lakin bu hadisənin üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq hansısa ölçü götürülməsi haqqında ona məlumat verilmədiyini deyib. Bu gün jurnalist yenidən “102” xidmətinə müraciət edərək şikayətinin taleyi ilə maraqlanıb. Ona deyiblər ki, belə şikayətlərin araşdırılması üçün mütləq yol polisinin rəisi Ramiz Zeynalovun adına məktub yazılmalı və gedib ifadə verilməlidir.
Mahmudoğlu məsələni ictimai müzakirəyə çıxartmaqla müvafiq qrumuların reaksiyasızlığını hər kəsə göstərmək istədiyini bildirib: “Noyabrın 9-da 10 YP 488 dövlət nömrə nişanlı polis maşınında saxlanılan 99 BG 832 nömrəli maşının sürücüsünün rüşvət verdiyini gördüm. Dərd onda idi ki, rüşvəti alan polis də məni və ətrafdakı adamları görürdü, ancaq bu, onun rüşvət almasını qətiyyən əngəlləmirdi. Mən də əsəbiləşdim, «102» qaynar xəttinə detallarla bağlı müraciət etdim. Ancaq təəssüf ki, mənə üstündən beş gün keçəndən sonra belə gülünc cavab verildi. Dedilər ki, «qeydə alınıb», ancaq araşdırmanın aparılması üçün mən mütləq ölkənin yol polisinin rəhbəri Ramiz Zeynalovun adına ərizə ilə müraciət etməli, sonra ifadə verməli, sonra faktı sübut etməliyəmmiş. Təsəvvür edirsinizmi? Belə çıxır ki, kimsə vətəndaşlıq mövqeyi göstərirsə və yol dilənçiliyinin aradan qaldırılmasına çalışırsa, işini-gücünü buraxıb, ərizə yazmalı, ifadə verməlidir. Bəs, «102» qaynar xəttini niyə yaradıblar, DİN nəyə lazımdır? Ümumiyyətlə, bu xidmət operativliyi təmin etməyəcəksə, neqativliklərlə bağlı kim ora müraciət edəcək? Yəqin ki, sözügedən ərazidə DYP-nin müşahidə kameraları vardı. O kameralara ötəri göz atmaq kifayət idi ki, faktın doğruluğu təsdiqlənsin. DİN-in bu cür operativliyi olsaydı, bəzi yol polislərinin yol dilənçiliyi bu qədər ifrat səviyyəyə çatıb, üz qaralığına çevrilməzdi. Görünür, onlara faktı araşdırmaq və bu eybəcərliyin qarşısını almaq lazım deyil”.
Son xəbərlər
Son Xəbərlər