Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılaraq aşıb.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən xəsarət alan və həyatını itirənlərin olduğu bildirilir.
Qeyd edək ki, yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
***
Astarada yol qəzasında 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Astara rayonundan 1996-ci il təvəllüdlü Əfsanə Babayeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib.
***
Qəzaya düşənlər toya gedirmişlər. Vəfat edən xanımlardan birinin toyu olan bəyin qardaşının həyat yoldaşı olduğu deyilir.
***
TƏBİB-dən bildirilib ki, bu gün saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
“Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasion tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.
Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir”.
***
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
S.Məmmədzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər