Azərbaycanda “21 dekabr” biabırçılığı

azerbaycanda-21-dekabr-biabirciligi
Oxunma sayı: 1032

Nəhayət, sabah 21dekabrdır. Məlum olduğu kimi bir neçə aydır Maya təqvimi əsas gətirilərək artıq dünyanın sonunun olduğu haqda şayiələr sürətlə yayılıb. Bu xəbərlər bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi qarşılanmaqda, insanlar arasında təlaş yaratmaqdadır. İnsanlar, həqiqətən də, “sabah dünyanın sonuncu günüdür” fikrinə inanıb əməlli başlı həyəcan içindədir. Əslində hazırlıq çoxdan başlamışdı və biz də dəfələrlə saytımızda əhalinin “qiyamət”lə bağlı təlaşları, şam tədarükü barədə məlumat vermişdik. Nəyə görəsə, sabah insanlar şam işığına toplaşmaq istəyir...

Ən dəhşətli isə odur ki, Azərbaycanda bu gün valideynlər övladlarını məktəbə getməyə qoymayıblar. Səbəb isə onların təbirincə desək “qiyamət”dir. Onlar düşünürlər ki, uşaqları “qiyamət”də onların yanında olsa, heç nə baş verməyəcək. Təkcə, o uşaqlar deyil, onları tərbiyələndirən bir çox insanlar da sabah işə getməmək barədə qərar verib.

Hətta vəziyyət o həddə çatıb ki, Daxili İşlər Nazirliyi də məsələyə reaksiya verib: “Daxili İşlər Nazirliyi rəhbərliyi həmin gün polis orqanlarının iş rejimində hər hansı bir dəyişikliyə qərar verməyib. Çünki buna hər hansı zərurət yoxdur”.

Bu arada onu da qeyd edək ki, dünənə qədər bütün dünya ulduzlarının Türkiyənin Şirincə kəndinə getdikləri barədə məlumat yayılırdı. Guya ki, Şirincədə “qiyamət” baş verməyəcək və həyat həmişə şirin olaraq qalacaq. Bu gün isə məlum olub ki, sözügedən məkanda jurnalistlərdən başqa heç kim yoxdur. Kəndə həddindən artıq qonaq gələcəyini eşidən turistlər əvvəlcədən verilmiş sifarişlərini təxirə salıblar.

Ancaq bir məqam var ki, bu xəbərləri, yaranmış təlaşı heç cür insanların beynindən çıxarmaq mümkün deyil. Nə deyirsən de, hər yerdə söhbət “21 dekabr”dan gedir.

“Qafqazinfo” məsələnin mühümlüyünü nəzərə alaraq, eyni zamanda bir daha insanlar arasında təlaşın qarşısnı almaq məqsədi ilə mövzuya təkrar toxunub. Və astroloq Firudin Qurbansoyun “21 dekabr”la bağlı fikirlərini öyrənib. Astroloqun mövzunu eşidən kimi ilk reaksiyası belə olub: “Bəsdirin, ay millətim özünüzə gəlin…”

F. Qurbansoy bildirib ki, fizikadan, dəqiq elmlərdən xəbəri olan adamlar deyilən şayiələrə inanmaz: “Bu söz-söhbətlərin elmi əsası yoxdur. 21 dekabr adi günlərdən biridir. İl ərzində təbii proseslər olur. Sadəcə olaraq 21 dekabr ilin ən uzun gecəsidir Bu proses 14 saat 42 dəqiqə davam edir. Bu hər il olan təbii prosesdi”.

Astroloq qeyd edib ki, maya təqvimindən dünyanın demək olar ki, 99 faizinin xəbəri yoxdur: “Bu çox da dəqiq təqvim deyil, müasir təqvimlə üst-üstə düşmür, elmi dəyəri yoxdur. Bu cür şaiyələri yaymaqda məqsəd odur ki, insanlarda təlaş yaransın. Şaiələri yayanlar demək olar ki, məqsədlərinə nail oldular”.

Təbii ki, sabah heç nə olmayacaq: “Həmin proqnozları yayan insanlar bildirəcəklər ki, hesablarmalarda səhv etmişik, bu hadisə başqa tarixdə baş verəcək. Bəşəriyyətin müəyyən qismi də yenə bu söz-söhbətə inanacaq. Təsəvvür edin ki, mağazaılarda şam, suxarı qalmayıb. Bəsdirin, ay millətim özünüzə gəlin”.

Mövzu ilə bağlı “Qafqazinfo” Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovla da əlaqə saxlayıb. Baş həkim bildirib ki, sabahkı günün insanlarda yaratdığı gərginlik səbəbi ilə klinikaya müraciətlərdə heç də artma müşahidə olunmur: “Heç bir gücləndirilmiş rejiminə keçməmişik stabil vəziyyətədə çalışırıq”.

Gülnar