“Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərlərinə - Rəsmi cavab

azeriqazin-vezifeli-sexslerinin-hebsi-xeberlerine
Oxunma sayı: 8629

Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə qurumun Baş direktoru Ruslan Əliyev feysbuk hesabında paylaşım edib.

“Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır.

Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm”, - o qeyd edib.

Baş direktor bildirib ki, İstehsalat Birliyinin qapıları hər zaman media, bloqer və QHT nümayəndələrinin, eləcə də, sadə vətəndaşların üzünə açıqdır:

“Yəni istənilən sualın cavabı özünü çox gözlətmir. Təəssüf ki, bütün bunlara baxmayaraq, yenə də dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir.

Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır.

Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.