Bəylik, xonça və cehizlər....- - Toy günü ölən Vəsilənin faciəsi+Fotolar

beylik-xonca-ve-cehizler-
Oxunma sayı: 20728


"Qafqazinfo" olaraq gəlinin yasında iştirak etmək, ailəsi ilə görüşmək üçün Pirallahı rayonu, Zirə qəsəbəsinə yollandıq.

Rayonda yaxınlaşıb ünvan soruşduğumuz hər kəs bu hadisədən məlumatlı idi. Artıq kəndə daxil olub tozlu yollarla təsadüfi göstərilən istiqamətdə gedirdik. Qarşımıza çıxan 7-8 yaşlı oğlandan yas mərasiminin yerini soruşduq. O isə bəyin evini tanıdığını deyib bizə Vəsilənin gəlin köçəcəyi yerin ünvanını göstərdi. Çox da uzaq deyildi, elə təsadüfən Nihatın evinə gəlmişdik. Həyət evinin darvasını bir neçə dəfə döysək də, cavab verən olmadı. “Yəqin hamı yasdadır” düşünüb geri qayıtmaq istəyərkən içəridən qadın səsi eşidildi: “Kimdir?”

"Vəsilə məktəbdə müəllimə işləyirdi..."

Geri qayıdıb darvazadan həyətə daxil olduq. Səsin gəldiyi ünvanı görməsək də, “gəlin” sözü bizi daha da ürəkləndirdi. İkimərtəbəli evi və kiçik daxması olan geniş boş həyətə daxil olduq. Daxmadan orta yaşlı qadın çıxıb bizdən kim olduğumuzu soruşdu. Nihatın anası idi, İradə xanım...

İradə xanım bizimlə söhbətə gəlini ola bilməyən Vəsilədən başladı... Nihatla Vəsilə 5 il bir-birini sevib, orta məktəbdən tanış imişlər. Nihat Azərbaycan Texniki Universitetində, Vəsilə isə Pedaqoji Universitetində ali təhsil alıb. Bir neçə ay əvvəl nişanlanıblar. Vəsilə artıq müəllimə imiş, elə rayonda orta məktəbdə dərs deyirmiş.

Eyni gündə iki qardaşın toyu olacaqdı...

İctimaiyyətə məlum olmayan və bizi daha da dəhşətə gətirən bir məqam isə iki oğlunun toyunun bir gündə olması idi, lakin bu hadisə hər ikisini təxirə saldı. Oğlanlarının toyunu həyətində etmək arzusunda idilər.

Nihatın böyük qardaşı Nicatın mayın sonlarında nişanlısının toyu olub. İyunun 9-da da Vəsilənin toyu olacaqdı və plan üzrə iyunun 12-də Nicatın və Nihatın toyu eyni gündə baş tutacaqdı, amma baş tutmadı...

Nihatın bəylik kostyumu, stulun arxasına keçirilmiş pencək, ağ köynək, stolun üstündə “baboçka”, qol saatı...

İradə xanım Nihatın şokda olduğunu, özlərinin də hələ Vəsilənin öldüyünə inanmadıqlarını dedi: “Nihat özünü öldürmək istəyir, deyir özümü öldürəcəyəm. Mən də ondan qorxuram. Dünən hər şey hazır idi. Günorta saat ikidə Vəsilə gələcəkdi. Hadisə olan vaxt maşını Sahil sürüb, o da Nihatın dostudur. Qız şəhərdə salona getmişdi, bəlkə də kənddə getsəydi bu hadisə olmazdı. Sahilgil onu şəhərdən gətirəndə Pirallahı yolunda, asfaltda hadisə olub. Maşında olan Sahillə Rüfanə hələ komadan ayılmadığı üçün hadisənin necə olduğunu bilmirik. Amma Vəsilə heç əzilməmişdi, onun saçını bəzəyəndən sonra başına saç maşası taxılıb. Qəzada da qızın başı dəyib maşına, həmin maşalar başına batıb. Bir az da gicgahında kəsik var idi. Başqa heç nə olmamışdı, amma elə maşında da keçinib”.

Vəsilənin cehizləri...

Nihat üçün atası Bəxtiyar yeni ev tikib və bir neçə otağını da təmir etdirib. İradə xanım həmin otaqları bizə göstərmək üçün evin qapısını bir neçə dəfə açmağa cəhd etsə də, alınmadı. Qapının kilidi xarab olmuşdu, Vəsilə üçün bəzədilən evin qapısı heç kimə açılmırdı. Nihatın anası bizi daxmadan evə giriş olan ikinci qapıdan keçirdi. Vəsilə üçün hazırlanmış xonçalar, çamadanlar, gül buketi, cehizlik yorğan-döşəklər, paltarlar... hamısı otaqda sahibsiz qalmışdı. Dağınıq halda... Növbəti otaqda isə daha bir ürəkağrıdıcı mənzərə vardı. Nihatın bəylik kostyumu. Stulun arxasına keçirilmiş pencək, ağ köynək, stolun üstündə “baboçka”, qol saatı...

İradə xanım hadisə baş verən anı nələr yaşadıqlarını danışdı: “Qızın toyu Mərdəkanda “İmperial”da olacaqdı, gəlin kimi gedəcəkdi ora, meyitini apardılar. Qəza olan kimi təcili yardım onu Mərdəkan xəstəxanasına aparıb, amma o elə maşında da ölmüşdü. Sonra isə kənd qəbiristanlığında dəfn olundu. Toyun başlamağına bir iki saat qalmışdı. Nihata zəng gəldi, dedi ki, ana, Vəsilə qəzaya düşüb ora gedirəm. Atası da ayaqyalın arxasıyca qaçdı. Mən də çaş-baş qaldım, özümü itirmişdim, bilmədim nə edim. Getdim qızın anasıgilə. İndi Nihat polis şöbəsindədir, Nicat da qızın gəlinlik paltarını qaytarmaq üçün aparıb. Qalan hamı da yasdadır. Mən də indi gəldim ordan...”

Artıq İradə xanımla sağollaşıb, onların həyətindən çıxırdıq. Vəsilənin anasıgilə, yas mərasiminə getməyə hazırlaşırdıq. İradə xanım yoldaşı Bəxtiyar bəylə əlaqə saxladı. Onlar isə buna razı olmadı. Biz də bunu anlayışla qarşılayıb, geri qayıtdıq...

Murad Əhməd