“Bir xanımın taleyi ilə oynamaq kişiyə yaraşan addım deyildi”

bir-xanimin-taleyi-ile-oynamaq-kisiye-yarasan-addim-deyildi
Oxunma sayı: 969


Artıq neçə gündür ki, “Futbol+” idman qəzetində işıq üzü görən “İlkin Qırtımov Bələkdə kef edir” başlıqlı yazı cəmiyyətdə narazılıq yaradıb. Həbib Aslanov adlı jurnalistin Antalyada təlim-məşq toplantısı keçirən “Simurq” futbol klubundan hazırladığı reportajda fotoqraf xanım, 22 yaşlı Leyla Səttarovanı təhqir etməsi təkcə futbol cameəsini deyil, bütövlükdə ictimaiyyətin qınağına səbəb olub.

Müəllif yazısında futbolçu İlkin Qırtımovun fotoqraf xanımın otağına getməsini təsvir edib. Məsələ “Qafqazinfo” saytında da işıqlandırılıb, jurnalist Aynur Elgünəşin yazdığı “İdman mətbuatının erotik yazarı” başlıqlı yazı isə QHT nümayəndələrinin diqqətini məsələyə yönləndirib. Daha bir neçə mətbu orqanda bu barədə yazılsa da, etik normaları aşmaqda ittiham edilən qəzet rəhbərliyi L.Səttarovadan üzr istəməyib.

“Simurq” məsələni qapatmaq istəyir

Amma ictimaiyyətin diqqətində olan bu məsələyə nədənsə “Simurq” klubunun rəhbərliyi, eləcə də adı hallandırılan L. Səttarova heç bir reaksiya vermir. Zərərçəkən məsələ ilə bağlı danışmaq hüququnun klubda olduğunu əsas gətirib müsahibə verməkdən çəkinsə də, hadisədən təsirləndiyini gizlətmir.
Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə deyir ki, “Simurq” rəhbərliyi bu məsələnin uzadılmasını istəmir: “Biz bu söhbətin çox uzanmasını istəmirdik, rəhbərlik də belə qərar verdi. İlkin Qırtımov musahibə verib, məsələyə aydınlıq gətirdi. Dedi ki, otağa çəkdirdiyi şəkilləri götürmək üçün gedib və cəmi 5 dəqiqə ləngiyim. Baş verənlər otelin təhlükəsizlik kameralarına da düşüb. İlkin müsahibəsində də yazılanların şəxsiqərəzlik olduğunu göstərdi”.

“Bir xanımın taleyi ilə oynamaq kişiyə yaraşan addım deyildi”

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da jurnalistin hərəkətindən qəzəbləndiyini deyir: “Burada həm xanımın şəxsi həyatına müdaxilə olunub, həm də şərəf və ləyaqətinə toxunulub. Mən çox gözəl başa düşürəm ki, bu qız hansı vəziyyətdir. Azərbaycan cəmiyyəti elə bir cəmiyyətdir ki, bu qıza qarşı münasibət çox sərt olacaq. Daha çox idmanla bağlı yazılar yazması gərəkən halda hansısa qərəzli bir məqalə yazır. Sabah bu xanım ailə zorakılığına məruz qalsa, böyük bir problemlə qarşılaşsa, kim onun təhlükəsizliyini təmin edəcək? Bu xanıma qohum-qonşudan psixoloji təzyiqlər olacaq. Xanım psixoloji zərbə alıb. O qız intihar etsə və ya intihara cəhd etsə, kim bu məsələyə cavabdeh olacaq? Bir xanımın taleyi ilə oynamaq kişiyə yaraşan addım deyildi. Çox ümid edirəm ki, məqaləni yazan jurnalist, çap edən redaktor öz qəzetləri vasitəsilə həmin xanımdan üzr istəyəcəklər. Təşkilat olaraq o xanıma psixoloji yardım edə bilərik. Əminəm ki, bu xanım məhkəməyə üz tutsa, mütləq qələbə qazanacaq. Digər tərəfdən, təklif edirəm ki, mətbuat konfransı keçirilsin və orada həmin jurnalistin, baş redaktorun şəkillərinin üzərinə “qəhrəmanların” layiq olduqları sözləri yazıb göndərsinlər. Qoy o adamlar bilsin ki, ictimai qınaq nə deməkdir.


“Bu müdafiəni vətəndaşın ixtiyarına buraxmaq olmaz”

D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin əməkdaşı Sədaqət Paşayeva da hesab edir ki, qəzet rəhbərliyi mütləq xanımdan üzr istəməlidir: “Peşəkarlıq baxımından bu yolverilməzdi və mütləq həmin xanımdan üzr istənilməlidir. Azərbaycan dəyərlərinə ziddir. İstənilən halda orada bir xanımın həyatından bəhs olunur və o alçaldılır. Ümumiyyətlə,Azərbaycanda belədir ki, sevmədikləri adamı qaralamağa çalışırlar. Hazırda Azərbaycan futbolunda o qədər problemlər var ki, məhz onlardan danışmaq lazımdır. Eyni zamanda xanımın atasının şəhid olmasını da qabartmaq heç bir məntiqə sığımır. İctimaiyyət susmamalıdır, tələb etməlidir ki, yazar və qəzet həmin qızdan üzr istəsin. Hüquq müdafiəçiləri, geniş oxucu kütləsi, peşəkar jurnalistlər həmin qəzeti məhkəməyə verməlidir. Bəlkə o xanım elə bir vəziyyətdədir ki, indi məsələnin ciddiliyinin fərqində deyil, bunu müxtəlif təşkilatlar etməlidir. Bu müdafiəni vətəndaşın ixtiyarına buraxmaq olmaz. Bu sahədə hər kəs mütəşəkkil olmalıdır”.

“Görünür AFFA rəhbərliyi də kluba sakit dayanması üçün göstəriş verib”

Məsələyə münasibət bildirən jurnalist Aynur Elgünəş isə “Simurq”u qınadı: “Klub öz işçisinin haqqını müdafiə etməlidir.Mən məsələni bir qədər araşdırdım və bu susqunluğun səbəbini öyrəndim. Bu klub AFFA tərəfindən maliyyələşdirilir. Eyni zamanda “Futbol+” qəzeti də AFFA-ya yaxın qəzet hesab olunur. Görünür AFFA rəhbərliyi də kluba sakit dayanması üçün göstəriş verib. Bu gün haqqı tapdanan qadın danışmaq istəmir, çünki bilir ki, danışsa, işini itirəcək. Klublarla qəzetlərin işbirliyi sadə insanların haqqını yeməyə səbəb olur. Qəzet rəhbərliyi isə səhvini anlayıb qadından üzr istəmək əvəzinə, onu müdafiə edənləri vurur. Məsələni şəxsiləşdirir, yazarları hədəfə alır. Ancaq unudur ki, atdıqları hər addım peşəkar olmadıqlarını bir daha göstərir. Ümumiyyətlə, bu, “Futbol+” qəzetinin səhifələrində yeni hadisə deyil. Bu qəzet artıq neçənci dəfədir ki, etik normaları pozur”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli facebook səhifəsində məsələyə bu cür münasibət bildirib: “Jurnalistikaya dünən-srağagün gəlməyən birisi kimi bütün jestləri və manevrləri, necə deyərlər, reveransları anlayıram. Amma ağzını Allah yolunda qoyanlar bizim iclaslarda Həbiblə aramızda gedən söhbətlərin məzmununu bilmirsə, konkret Mahir Rüstəmlinin məlum mövzuda hansı fikirlərin yiyəsi olduğuna dai fal açmasın. Güman edirəm ki, mən tezliklə bu mövzuda fikirlərimi "Futbol+" səhifələrində yazacam”.

Gülnar Ədalətqızı