BMU ilk dəfə “QS World University Rankings by Subject 2026”da yer aldı - Foto

bmu-ilk-defe-qs-world-university-rankings-by-subject-2026da-yer-aldi
Oxunma sayı: 269

Bakı Mühəndislik Universiteti (BMU) beynəlxalq ali təhsil reytinqləri sahəsində ən nüfuzlu qurumlardan olan “Quacquarelli Symonds” tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026”da ilk dəfə təmsil olunub.

“Qafqazinfo” xəbər verir ki, BMU böyük uğura imza ataraq 2 ixtisas kateqoriyası üzrə reytinq siyahısında yer alıb.

“Neft-qaz mühəndisliyi” (Petroleum Engineering) sahəsində yüksək nəticə (151-175 aralığı) göstərən BMU, eyni zamanda  “İqtisadiyyat və ekonometrika” (Economics & Econometrics) üzrə fənn reytinqində (551-700 aralığı) uğurlu mövqe əldə edib.

Qeyd edək ki, “Neft-qaz mühəndisliyi” sahəsi üzrə BMU ölkə universitetləri arasında 3-cü yerdə dayanır.

BMU-nun QS-in sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində təmsil olunması ali təhsil ocağının beynəlxalq rəqabət qabiliyyətinin artdığını və seçilmiş ixtisas sahələri üzrə keyfiyyətli təhsil və tədqiqat mühiti formalaşdırdığını bir daha sübut edir. Bu mühüm nailiyyət universitetin Strateji İnkişaf Planında yer alan əsas hədəflərlə bağlı həyata keçirdiyi işlərin daha bir uğurlu nəticəsidir.

“QS Subject Rankings” reytinqi hazırlanarkən bir sıra əsas göstəricilər kompleks şəkildə nəzərə alınır. Bunlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir elmi nəşrə görə sitatların sayı, Hirş indeksi, eləcə də beynəlxalq elmi əməkdaşlıq indeksi kimi mühüm meyarlar daxildir. BMU son illərdə qeyd olunan istiqamətlərdə ardıcıl və məqsədyönlü addımlar atıb. Xüsusilə beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici universitetlərlə ikili diplom proqramlarının həyata keçirilməsi, qlobal elmi şəbəkələrə inteqrasiya, sənaye tərəfdaşlıqlarının inkişafı, əmək bazarı ilə sıx əlaqələrin qurulması və məzunların məşğulluq göstəricilərinin artması, habelə müasir tədris metodlarının tətbiqi yönündə sistemli fəaliyyət ortaya qoyulub.

Bununla yanaşı, BMU-da müvafiq ixtisaslar üzrə beynəlxalq akkreditasiyanın gerçəkləşdirilməsi, elmi fəaliyyətin stimullaşdırılması, Scopus bazasında indekslənən jurnallarda nəşrlərin və sitatların sayının artması, eləcə də müasir tədqiqat infrastrukturunun qurulması QS reytinq göstəriciləri üzrə irəliləyişə şərait yaradıb. Vurğulamaq vacibdir ki, BMU “QS Quacquarelli Symonds” reytinqində dünya üzrə ilk 1000-likdə, Avropa üzrə isə ilk 400-lükdə yer alıb. Eyni zamanda, QS Qərbi Asiya Universitetləri Reytinqində region üzrə 23-cü mövqedə qərarlaşıb.

Sadalanan bu göstəricilər və BMU-nun ilk dəfə “QS World University Rankings by Subject 2026”-da qərarlaşması universitetdə həyata keçirilən davamlı islahatların real nəticələr verdiyini təsdiqləyir.

Qeyd edək ki, “QS World University Rankings by Subject 2026” dünyanın qabaqcıl ali təhsil müəssisələrini müxtəlif ixtisas sahələri üzrə sıralayan nüfuzlu reytinq siyahısıdır. Universitetlərin elmi və akademik fəaliyyətinin beynəlxalq səviyyədə müqayisəsinə imkan yaradan reytinqdə dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsi və 21000-dən çox təhsil proqramı qiymətləndirlir. 5 geniş sahəni və 55 fənni əhatə edən reytinqdə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub.