Bir neçə gün öncə “Qafqazinfo” Azərbaycanın görkəmli yazıçısı Əkrəm Əylislinin bu yaxınlarda Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da yeni romanının dərc olunması ilə bağlı xəbər vermişdi. Yazıçının “Daş yuxular” romanında azərbaycanlılarla ermənilərin münasibətlərindən bəhs olunub. Romanda azərbaycanlılar aşağılanıb, ermənilər isə müdrik xalq kimi göstərilib. Əsərin elektron versiyasını da təqdim etmişdik.
Əkrəm Əylislinin sözügedən romanı “Qafqazinfo”da yayımlandıqdan sonra kəskin tənqidlərə səbəb olub və bu mövzu ölkə gündəmini zəbt edib. Dünən də elə həmin romanla bağlı yazıçı saytımıza müsahibə verdi.
Artıq sosial şəbəkələrdə də roman geniş müzakirəyə səbəb olub. Əkrəm Əylislinin “Daş yuxular” romanına siyasətçilər və yazarların münasibətlərini öyrəndik.
Yazıçı Pərviz Cəbrayıl saytımıza açıqlamasında bildirib ki, Əkrəm bəyin yeni, hələ ki, hansısa rus jurnalında çap olunan romanıyla bağlı tələm-tələsik yaradılmış ajiotajdan xəbəri var: “Bunun səbəbi mənə gün kimi aydındı. Təsəvvür eləyin, hələ kimsə romanı oxumayıb, ancaq fitnəyə, küyə gedən qara-güruh az qalır ki, Əkrəm Əylislini daş-qalaq eləsin, deyim ki, eləyə də bilərlər. Şükür Allaha, Rafiq Tağının qatili hələ ölməyib ki... Məni dəhşətə gətirən bu korafəhmlikdi. Nə vaxta qədər azərbaycanlıları bir dəqiqənin içində qızışdırıb kiminsə üstünə salmaq mümkün olacaq? Axı olmazmı bu güllə kimi özündən çıxan zavallılar belə olmayalar? Hövsələlərini basalar, kitabı əldə eləyələr və oxuyandan sonra oxucu balası oxucu kimi öz fikirlərini formalaşdıralar”.
P. Cəbrayıl qeyd edib ki, Əkrəm bəyin son vaxtlar hakimiyyət üçün səsləndirdiyi fikirlərin isti olmadığı hamıya məlumdur: “O, Rüstəm bəy, Cəmil bəy və başqa vicdanlı ziyalılarla bir cəbhədədi, deməli, fürsət düşən kimi birinin İttifaqını dağıtmaq, birinin kitabını bağlamaq lazımdı. Bunlar uşaq əməlləridi. Yürüməz. Ziyalı ilə qədeş dilində danışmaq yaxşı heç nə vəd eləmir. Əylisli Azərbaycan nəsrinə damğa vuran 3-4 yazardan biridi. Son iki kitabını çıxmaqla bütün əsərlərini oxumuşam. Əsərlərinin səhifələrindən işıq damcılayır. Bu adam erməni olsaydı belə mən yenə onu sevə-sevə oxuyardım. Yazıçı qan salan deyil, körpü salandı. Siyasətinki qandı, yazıçınkı can”.
Qaldı ki, əsərdən çap edilən parçaya, mən də ancaq bunu oxuya bilmişəm, deyən yazıçı, Əkrəm Əylislinin kitabını ona belə etibar etmədiyini bildirib: “Ancaq “yeraz” kəlməsinə gələndə, bu, Əylislinin deyil, rəhmətlik Ziya Bünyadovun “tapıntısıdı”. Bu kəlməyə nifrət eləyirəm. Ancaq onun əsərdə işlənməsində yazıçının heç bir suçu yoxdu. Nə isə, kitabı oxumaq lazımdı. Ancaq ara yerdə əntiqə reklam oldu. Hakimiyyətin hər bir işi kimi bu də əks effekt verdi”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, azərbaycanlıların ermənilərdən üstün tutulduğu romanı əlbəttə ki, müsbət qiymətləndirmək olmaz: “Əgər bu kitabı ermənilər dünyaya çıxarsa, azərbaycanlı yazıçının öz dilindən təqdim olunan bu əsəri bizə qarşı sui-istifadə edəcəklər . Ziyalılar Forumu deyilən qurum bu günə qədər guya xalqın problemləri ilə maraqlandıqlarını bildirərək müxtəlif məsələlərə münasibət sərgiləyiblər. Bəs bu mövzuda niyə susurlar?”.
YAP rəsmisi qeyd edib ki, bu romandan sonra məlum oldu ki, həmin ziyalıların daxili aləmində nələr var: “Biri Moskvada ermənilərlə dostluq edir, digəri də erməniləri tərif edən roman yazır. Həmin təşkilatın üzdə olan nümayəndələrinin Azərbaycan xalqına olan münasibəti bu cürdür. Bunların ancaq başqa-başqa təşkilatlardan vəsait almağı bacarırlar. Məqsədləri sadəcə qarşıdurma yaratmaqdır”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı roman haqqında sadəcə mətbuatda yazılanları oxuduğunu, romanla tanış olmadığını bildirib: “Əsəri oxuduqdan sonra fikrimi söyləyərəm”.
Gənc yazar Aqşin Yenisey də romanı oxumadığı üçün münasibət bildirmək istəmədi. A. Yenisey bildirib ki, romanı hələ oxumayıb, sözügedən əsər haqqında məlumatı sadəcə mətbuatdan izləyib: “Oxumadığım əsər haqqında fikir bildirə bilmərəm, bu biədəblik olar”.
Gülnar