Cüdomuzun 6 günlük faciəsi...

cudomuzun-6-gunluk-faciesi
Oxunma sayı: 7116

Azərbaycan yığması artıq 6 gündür ki, Olimpiada medalına həsrətlə baxır. Nə qədər qəribə olsa da, əsas medal ümidlərimiz ümidləri doğrultmadı. “Qafqazinfo” xəbər verir ki, oyunların əvvəlindən mübarizəyə başlayan cüdoçularımız maksimum 1 mərhələ keçməyi bacarırlar. İlk dəfə tam heyətlə yollandığımız Olimpiadada artıq 7 cüdoçumuz çıxışını başa vurub. 

Başlayaq cüdoçularımızın ilk gün olan çıxışından.

Yığmamızın daimi uğursuz üzvü Aişə Qurbanlı həmişə olduğu kimi yenə də debütdə məğlubiyyətə uğradı. Dünya, Avropa, Böyük Dəbilqə turnirlərində dəfələrlə elə ilk görüşdə uduzan, lakin reytinqlərə görə Tokioya aparılan xanım cüdoçu orada da adət-ənənəsindən geri qalmadı. Yenə ilk görüşdə uduzaraq mübarizəsini başlamamış bitirdi. 

60 kq çəki dərəcəsində Kəramət Hüseynovun çıxışı da uğursuz alındı. Aişədən fərqli ilk görüşündə qalib gələn idmançımız ikinci görüşdə medal ümidlərini puça çıxartdı.

Medal gözlənilən idmançılardan Orxan Səfərov Olimpiadanın ikinci günü mübarizəyə start verdi. Səfərov isə ilk mərhələdə uduzaraq mübarizəsini başa vurdu. 

Nəhayət, Olimpiadanın 3-cü günü Tokiodakı ən çox medal gözlənilən idmançımız və komandamızın kişi bayraqdarı Rüstəm Orucov xalça üzərinə çıxdı. İlk görüşündə qələbə qazanan idmançı növbəti mərhələdə 73 kq çəkidə dünyanın ən güclü idmançısı sayılan Şohei Onoya rəqib oldu. Gözlənildiyi kimi Rüstəm doğma arenada tatamiyə çıxan Olimpiya çempionu rəqibinə asanlıqla uduzdu.

Lakin Rüstəm təsəlliverici görüşlərə qatılmaq şansı və bürünc medal əldə etmək ümidi qazandı. Amma təəssüf ki, titullu idmançımız bu fürsəti də boşa verdi. 

Növbəti günlərdə isə ardıcıl olaraq Murad Fətiyev, Məmmədəli Mehdiyev və Zəlim Kotsoyev uduzaraq ölkəmizdə ən çox sevilən 3 idman növündən birinə olan inancı yox etdilər. 

Son 3 Olimpiadanın ikisində komandamız uğurlu çıxışlarla yadda qalmışdı. 2008-ci ildə keçirilən Pekin Yay Olimpiya Oyunlarında 2 cüdoçumuz – Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev isə bürünc medal qazanmışdı.

2016-cı il Rio-de-Janeyroda da komandamız medal ümidlərini doğrultmuşdu. Rüstəm Orucov və Elmar Qasımov fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarmışdılar. 

Gəlin qayıdaq London Olimpiadasına. Maraqlı fakt odur ki, Azərbaycan cüdoçuları 2012 London Yay Olimpiya Oyunlarında da medalsız qalıblar. Tokio-2020 Olimpiadasına qədər Azərbaycan cüdoçuları ən böyük heyətlə məhz Böyük Britaniya paytaxtına yollanmışdılar. Həmin yarışda komandamızın 8 cüdoçusu mübarizə aparmışdı. 6 kişi, 2 qadın idmançımızın qatıldığı yarışda komandamız medalları sadəcə rəqiblərinin boynunda görmüşdülər. 

Tokioda isə cüdoda yalnız iki şans var. Komandamızın legionerləri Uşanqi Kakuri və İrina Kindzerska ağır çəkidə cüdonun ağırlığını saxlamağa çalışacaqlar. 

Əslində digər idman növlərimizdə də vəziyyət ürəkaçan deyil. Cüdo və güləşlə yanaşı Olimpiadalarda ən çox medal əldə etdiyimiz digər idman növü boksdur. Gəl ki, bu Olimpiadada boksçularımız da uğursuzluqları ilə göz oxşayırlar. Tayfur Əliyev və Lorenzo Sotomayorun ardından Məhəmməd Abdullayev də əlcəkləri boş vətənə qayıdacaqlar. Yalnız Kubadan gətirilən Alfonso Dominges medala iddialıdır. Bunun üçün o, 1/4 finalda qalib gəlməlidir. Əgər qalibiyyət əldə etsə, ən azı bürünc medalı təmin edəcək. 

İdmançılarımızın uğursuzluğuna ən çox bəhanə kimi pandemiya göstərilir. Amma nəzərə alsaq, bütün dünyada pandemiya var idi, Avropada bizdən daha öncə başlamışdı, bütün bunları tənqidlərdən yayınmaq üçün bəhanə saymaq olar. 

Cüdo federasiyasının rəsmiləri açıqlamada püşkatmadakı rəqiblərdən şikayətləndilər. Amma əgər bir idmançı “Olimpiadada püşkdə bəxtimiz gətirmədi” deyirsə, bu gülməli faktdır. İstənilən halda dünyanın ən böyük yarışında medal qazanmaq üçün güclü rəqibləri üstələməyi bacarmalısan. Bir sözlə hazırda Tokioda "Azərbaycan idmanının 6 günlük faciəsi" adlı tarix yazılır.

Elsevər Məmmədov